“İsrail üçün Fələstin məsələsi “KQB” laboratoriyalarında yaradılan süni bir problemdir”

Dünya

17.07.2021 - 15:15

Yaxın Şərqdə yeni reallıq: İsrail ilə ərəb ölkələri barışır, İran meydanda təklənir

 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsraildə səfirlik açan ilk Körfəz ölkəsi oldu. 14 iyul tarixində baş tutan açılış mərasimində BƏƏ-nin səfiri Məhəmməd əl-Həccə iki ölkənin iqtisadiyyat, texnologiya, aviasiya və mədəniyyət sahələrində müqavilələr imzaladıqlarını xatırlatdı. Öz növbəsində İsrail Prezidenti İshaq Hersoq BƏƏ səfirliyinin açılmasını “sülh, firavanlıq və təhlükəsiz gələcək istiqamətində atılan mühüm addım” adlandırdı. Onun sözlərinə görə, bir il əvvəl Təl-Əvivdə Əmirliklərin bayrağının dalğalandırılması fikri xəyal kimi görünə bilərdi. İsrail Abu Dabidəki səfirliyini və Dubaydakı konsulluğunu iyun ayında açdı.

 

İsrail və BƏƏ bir il əvvəl keçmiş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə münasibətləri normallaşdırmağa razı oldu. “Deutsche Welle”-yə görə, iki ölkəni həm də İrana dərin inamsızlıqları birləşdirir. BƏƏ-dən sonra İsraildəki diplomatik nümayəndəliklərini açma qərarı Bəhreyn, Mərakeş və Sudan tərəfindən də verildi. Bundan əvvəl İsrail ilə diplomatik münasibətləri davam etdirən yeganə ərəb ölkəsi Misir və İordaniya idi.

 

Maraqlıdır, bu hadisə İsraildə necə qiymətləndirilir? Bu, İsrailə nə verir? Bu, ərəb dünyası ilə İsrail arasındakı münasibətlərin konfiqurasiyasını necə dəyişdirir?

 

AYNA-nın suallarını tanınmış İsrail ekspertləri cavablandırıblar.

 

Qafqaz, İslam dünyası və Yaxın Şərq üzrə ekspert, Şərq Tərəfdaşlığı İnstitutunun sədri, politoloq Avraam Şmuleviç:

“Ermənilər İsrail ilə Azərbaycanın arasını vura bilməyəcəklər” -       Avraam Şmuleviç

“Səfirliyin açılışı təbii ki, tarixi bir hadisədir. Və bu, mahiyyət etibarilə Ərəb-İsrail qarşıdurmasının bitməsi deməkdir. Uzun illərdir ki, Fələstin məsələsi bu münaqişənin mərkəzində dururdu. İsrail baxımından Fələstin məsələsi, SSRİ DTX laboratoriyalarında yaradılan (bu çoxdan bəri yaxşı bilinir) və ərəb ölkələrinin bəzi rejimləri tərəfindən daxili ehtiyacları, İsrail ilə qarşıdurmalarına haqq qazandırmaq üçün istifadə edilən tamamilə süni bir problemdir.

 

Ancaq aparıcı ərəb ölkələri İsrail ilə qarşıdurmanın onların inkişaflarına mane olması və bəzi bölgəxarici ölkələrin buraya girməyə və baş verənlərə öz maraqları naminə təsir göstərməyə çalışdığı bir vasitə olduğu qənaətinə gəldi. Son illərdə BƏƏ mətbuatında və Mərakeşdən Səudiyyə Ərəbistanınadək ərəb ölkələrinin bütün sabit rejimlərində İsrail ətrafında baş verənlərin işıqlandırılması tonu kifayət qədər obyektiv bir istiqamətdə dəyişdi. İsraildə fələstinlilərə qarşı bir soyqırımı və zülm olmadığını, Fələstin probleminin özünün də uydurma olduğunu və ərəb ölkələri üçün mərkəzi bir mövzu olmadığını yazırlar.

 

Əsas məsələ davamlı inkişaf, daxili təhlükəsizlik problemləri, terrorizmin qarşısının alınması və bölgədən kənarda olan müxtəlif təcavüzkar qüvvələrə qarşı mübarizə məsələsidir. Xüsusilə, söhbət İrandan gedir. BƏƏ bu ölkədən 70 km məsafədə yerləşir. İran onlara ərazi iddiaları irəli sürür və təhlükəsizlik sahəsində İsrail ilə əməkdaşlıq çox vacib bir sahə olaraq görülür. BƏƏ-də bir şirkət açan, mənzil alan və tez-tez oraya baş çəkən bir amerikalı-israilli iş adamı dostum olduğu üçün bu vəziyyəti yaxşı bilirəm. Dostum orada yüksək səviyyəli görüşlər keçirir və Əmirliklərin İsrail sərmayələrinə, İsrailin öz texnologiyalarını paylaşmasına, hərbi sahədə əməkdaşlıqda çox maraqlı olduqlarını və bunların hamısının sürətlə inkişaf etdiyini söyləyir.

 

Digər ərəb ölkələri də onların yolu ilə gedir. Səudiyyə Ərəbistanı həqiqətən İsrail ilə müttəfiq münasibətlərdədir. Səfirliyin açılışı baş tutmasa da, təxminən bir il əvvəl İsrailin oraya yarım milyard dollarlıq silah, hava hücumundan müdafiə sistemləri satdığı barədə bir xəbər var idi. Dünən bu fantastik görünə bilərdi. Yəni deyə bilərik ki, Ərəb-İsrail qarşıdurması bitdi, əməkdaşlıq dövrü başladı. Bu, əlbəttə ki, bəzi ölkələrə və terror təşkilatlarına, İslam radikallarına, yəni marginallara aid deyil.

 

İndi qarşıdurma yerinə bir ittifaq gəldi və bir neçə qüvvəyə qarşı yönəldiləcək. Birincisi, bunlar “Həmas”dan İŞİD-ə qədər olan həm ərəb ölkələrinin sabit rejimləri, həm də monarxiyalar və İsrail üçün təhlükə yaradan dağıdıcı cihadçı təşkilatlardır. İkincisi, İsrailin məhv edilməsi və BƏƏ əraziləri də daxil olmaqla, bütün İran körfəzinin nəzarəti altına alınması kimi hədəflərini gizlətməyən İrandır. Praktik olaraq, artıq İranla Səudiyyə Ərəbistanı arasında müharibə aparılır - həm İraqda, həm də Yəməndə. Yəni bu ittifaq İranı saxlamağa yönəldiləcək.

 

Amma ittifaq Türkiyəyə də aiddir - Ərdoğan son bir neçə ildir İslam dünyasının başçısı mövqeyinə çatmaq üçün Ərəb-İsrail ziddiyyətləri kartı ilə oynamağa çalışır. Ərdoğan İsrail əleyhinə bir çox açıqlamalar verdi, “Həmas”ı dəstəklədi və s. Ancaq son vaxtlar səhvini başa düşmüş kimi görünür. Çünki ərəb ölkələri Fələstin məsələsini ortadan qaldırsa, Türkiyənin bu mövzunu şişirtməyə davam etməsi qəribə görünər. Türkiyə özünü bir qədər diplomatik təcrid etdi. Ərdoğanın dediyi Osmanlı İmperiyasının bərpası proqramı, vaxtilə bu imperiyanın tərkibində olan ərəb ölkələrində olduqca çox narahatlığa səbəb olur. Deyəsən, Ərdoğan bütün bunları dərk edib. Və bir neçə gün əvvəl İsrailin yeni seçilmiş Prezidentinə zəng etdi, təxminən 40 dəqiqə danışdılar və iki liderin ofisləri arasında razılaşdırılmış, işbirliyini inkişaf etdirməyin lazım olduğu söylənilən bir bəyanat yayımlandı.

 

Yəni, görünür ki, Türkiyə İsrail ilə son on il xaricində müharibədən sonrakı dövr ərzində çox yaxşı olan münasibətlərin bərpasına ümid bəsləyir. Bu, həm də ərəb ölkələri ilə İsrail arasındakı yaxınlaşmanın bir nəticəsidir və bu, şübhəsiz ki, müsbət bir məqamdır, çünki Türkiyənin çox sərt bir siyasəti bölgəyə və özünə zərər verə bilər. Ümumiyyətlə, İsrailin ərəb dünyası ilə təmasları daha da güclənəcək - həqiqətən, Böyük Orta Şərqin inkişafında yeni bir mərhələnin astanasındayıq”.

 

Publisist Aleksandr Nepomnyaşiy:

No description available.

“İsrail BƏƏ səfirliyinin açılışını həvəslə qarşıladı. Əlbəttə ki, Təl-Əvivdə deyil, ölkənin paytaxtı - Qüdsdə açılsaydı daha yaxşı olardı, amma əsas olan başlamaqdır. Əslində, sabiq ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və İsrailin Baş naziri Benyamin Netanyahunun səyləri sayəsində İsrailin BƏƏ, Bəhreyn, Mərakeş və Sudan ilə imzaladığı “İbrahim anlaşmaları” Ərəb-İsrail qarşıdurmasının sonu oldu.

 

İsrailin ərəb qonşuları yəhudi dövlətinin mövcudluğu ilə razılaşdı və yarım əsrdən çox davam edən boykotdan imtina edərək, onunla münasibətlərə normativ regional qonşu kimi baxmağa başladıqları yeni bir reallıq yarandı. Artıq bu gün İsrail ilə BƏƏ arasında iqtisadi və ticarət əlaqələrinin həcmi təxminən 700 milyon ABŞ dolları qiymətləndirilir. Üstəlik, mart ayında Birləşmiş Ərəb Əmirlikləri rəsmi olaraq İsraildə investisiyalar üçün nəzərdə tutulmuş, həcmi 10 milyard dollar təşkil edəcək bir investisiya fondu yaratdığını elan etdi

 

Əlbəttə ki, belə qarşılıqlı faydalı iqtisadi birlik, hər hansı bir diplomatik sözdən, hətta imzalanmış sənədlərdən yaxşı qonşuluq münasibətlərinin daha etibarlı təminatıdır. BƏƏ ilə sıx əlaqələr, şübhəsiz ki, İsrail ilə digər ərəb dövlətləri arasında yaxınlaşma üçün (həm dolayı, həm də birbaşa) işləyir. Eyni zamanda, bölgə üçün şübhəsiz ki, sevindirici hadisələrin fonunda daha çox həyəcanverici xəbərlər gəlir.

 

ABŞ-ın yeni rəhbərliyi, Orta Şərq siyasəti üzrə bir sıra ekspertlərə (məsələn, Michael Doran və Tony Badran) görə, İsrail və sünni ərəb ölkələri ilə ittifaqdan imtina edərək, Yaxın Şərq ittifaqının quruluşunu dəyişdirmək niyyətində olaraq, İranla yaxınlaşma təşviq edir. Bu, İran körfəzindəki ərəb ölkələrində böyük narahatlığa səbəb olur və İsrail ilə daha da yaxınlaşmağa hazır olmaq meyllərini gücləndirir.

 

Təəssüf ki, bu yaxınlarda Netanyahu koalisiyasını əvəz edən İsrailin yeni hakim koalisiyasının ərəb ölkələri ilə yaxınlaşmaq və regional iqtisadi və hərbi güc olaraq İsrailin mövqeyini gücləndirmək üçün Netanyahu komandasının həssas və dəqiq işini davam etdirməkdə nə dərəcədə maraqlı olduğu aydın deyil. Bu koalisiya təmsilçilərinin ilk addımları, məsələn, yeni xarici işlər naziri (və koalisiyanın həqiqi lideri) Lapidin BƏƏ-yə səfəri və ya Omandan olan həmkarı ilə söhbəti onu göstərdi ki, yeni hökümət nəinki inkişafa çalışacaq, hətta sadəcə keçmiş hökumətin başlatdığı tendensiyanı belə, davam etmək üçün onun gücü yetərli olmaya bilər. Yeni koalisiyanın hələ əvvəlki komandanın ərəb ölkələri ilə əldə etdiyi münasibətləri çox pozmamaq qədər diqqətli olacağına ümid etmək qalır”.

Müəllif: Rauf Orucov