İşğaldan çıxan biz, “işğala düşən” onlar olmasın - SOS!

Cəmiyyət

12.06.2023 - 16:45

Həkimlər Klinikalar SEO Xidməti

Azad edilən ərazilərdəki infrastruktur işləri eko-fəlakətə səbəb olmamalıdır

Bu gün işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Kəlbəcər rayonu ərazisində də geniş infrastruktur layihələri həyata keçirilir. Bu sırada xüsusilə, çəkilən yollar, tikilən körpülər, tunellər, su elektrik stansiyaları və s. 30 ildir yurd-yuvasından ayrı düşmüş insanların Böyük Qayıdışını sürətləndirməyə xidmət edir.

Bununla belə, bu layihələrin icra edilməsi zamanı, bəzən təbiətlə, ətraf mühitlə amansız davranışın şahidi oluruq.

Tanrının Yer üzünü yaratdığından bu günümüzədək gəlib çatmış təbii quruluşa münasibətdə yalnız texniki düşüncə ilə hərəkət etməyin "nümunələri" göz önündədir.

Xüsusilə, Göygöl rayonundan başlayan Toğanalı-Kəlbəcər yolunun çəkilişi zamanı bitiki örtüyünün, ağacların məhv edilməsi, su hövzələrinin məcralarının dəyişdirilməsi, çayların beton örtüklərin içərisinə salınması, bir sıra yerlərdə ümumiyyətlə, çayların beton piltələrin altında gizlədilməsi...

Yolların çəkilişi ilə əlaqədar məhv edilən bitki örtüyü nə zamansa, bərpa oluna bilər. Amma, su hövzələrinin betonla ətraf aləmdən təcrid olunması - flora və fauna üçün əsl fəlakətdir. Təsəvvür edin, beton baryerlər çay boyu sudan qidalanan bitki aləminə necə təsir göstərəcək?

Eyni qaydada, su mənbələrinin beton qəliblərin içərisinə alınması xüsusilə, çöl heyvanlarının, sürünənlərin, həşaratların və su mənbələrinə yaxınlaşmasına ciddi əngəldir. Çünki, bu canlıların əksəriyyəti, özlərini gizlədirlər, su mənbələrinə də gizli şəkildə enirlər. İndi, onların yol keçərək, sonra da su içmək üçün sürüşkən beton piltələr üzərindən hərəkət etməsini gözünüzdə canlandırın...

Bu gün onlarla mal-qara təsərrüfatları çay kənarı yollarla hərəkət edərək yaylaqlara çıxır. Eyni problem onlar üçün də var. 

Nüanslar çoxdur.

Bu layihələrin icrası zamanı əlaqədar dövlət qurumları, məsələn, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bir koordinasiya, nəzarət varmı?

Bu məsələlərə kompleks yanaşılmalı, layihələrin icrası zamanı canlı aləmin Tanrıdan onlara bəxş edilmiş həyati qida mənbələrinə, hüzuruna xələl gətirən vasitələrdən mümkün qədər az istifadə olunmalıdır.

O canlılar o torpaqların ayrılmaz ünsürləridir. 30 ildə biz orada olmayanda, onlar orda idilər...

Aqil Camal

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş