Gəlişi gözəl, gedişi zəhərli "inomarkalar" - Atmosferi çirkləndirən avtomobillər texniki baxışdan necə keçir

Cəmiyyət

11.10.2019 - 19:20

Həkimlər Klinikalar SEO Xidməti

 Ekoloq: “Ən böyük ekoloji problemlərdən biri avtomobil vasitələrinin atmosferi çirkləndirməsidir"

 

İnkişaf etmiş ölkələrin (İEÖ) prioritet məsələrindən biri ekoloji amillə bağlıdır. Məsələn, İEÖ-də avtomobillərin texniki baxışı zamanı həmin avtomobillərin ekologiyaya ziyan vurub-vurmadığına, yəni avotmobillərdən çıxan zərərli qazlar, yanmış yağlar və tüstülərin ekologiyaya təsirinə daha çox önəm verilir.

 

Bəs bizdə necə, bu amilə önəm verilirmi? Aidiyyəti şəxslərlə və ekspertlərlə sualımıza cavab tapmağa çalışdıq.

 

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev AYNA-ya açıqlamasında bildirdi ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən müayinə mərkəzlərinin məntəqələrində texniki baxış zamanı buna nəzarət olunur, bir neçə nöqsanlar aşkar olunduqda isə bu barədə nəqliyyat vasitəsinin sahiblərinə, sürücülərinə məlumat verilir.

Image result for polkovnik-leytenantı Rüfət Quliyev

BDYP-nin sözçüsü nəqliyyat vasitəsinin istismarı nəticəsində atmosferə daxil olan qazların insanların həyatına ciddi təhlükə törətməsiylə bağlı faktları təsdiqləyib: “Baş Dövlət Yol Polisi İdarəsi yalnız texniki baxış zamanı yox, eyni zamanda il ərzində “Təmiz hava aylığı” keçirilir. Bunun keçirilməsində əsas məqsəd təkcə statsionar psotlarda deyil, eyni zamanda yollarımızda, küçə və prospektlərimizdə hərəkətdə olan nəqliyyat vasitələrinin istismarı nəticəsində atmosferə daxil olan qazların insanların həyatına ciddi təhlükə törətməsi və havanın çirkəndirilməsinin qarşısının alınmasıdır”.

 

R.Quliyev onu da qeyd etdi ki, nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə tam vəziyyətdə nəqliyyat sistemi saxlanılmalıdır və xaric olan qazların tərkibi ekoloji təhlükəsizlik normalara uyğun olmalıdır: “Bununla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları maarifləndirici və təbliğat işləri də aparır.  Sürücülərə tövsiyyə edirik ki, nəqliyyat vasitələrinin yanacaq sisteminə mütəmadi olaraq nəzarət etsinlər. Bununla onlar öz həyatlarının və havanın çirkləndirilməsinin qarşısını alır”.

 

Mətbuat katibinin dediyinə görə, yol polisi əməkdaşları qanunvericiliyə uyğun olmayan, atmosferə normadan artıq qaz buraxan nəqliyyat vasitələri aşkar olunaraq, müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunur.

 

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov də AYNA-ya danışarkən qeyd etdi ki, texniki baxış zamanı avtomobillərin bir neçə parametr üzrə texniki müayinəsi aparılır: “Onlardan biri də avtomobilin havaya buraxdığı zərərli tullantıların həcminin müəyyən olunması ilə bağlıdır. Yəni müəyyən bir hədd var, o həddi keçdikdə avtomobilin mühərrik sistemində və müvafiq qaydada o zərərli tullantıların sistemində zəruri işlərin həyata keçirilməsi ilə bağlı rəy verilir. Texniki baxışda ətraf mühitlə bağlı element sırf bunla əlaqədardır”.

Image result for Azər Allahverənov

“Belə fikir də formalaşıb ki, avtomobilin hansısa parametrlərə görə texniki baxışdan keçmirsə, bu, onun ətraf mühitə mənfi təsiri, hansısa zərərli tullantıların həcminin çoxluğu ilə bağlıdır. Bu, yalnış məlumatdır. Ona görə ki, bizim mövcud qaydalara görə, avtomobil texniki baxışa gedərkən həmin parametrlər üzrə müəyyən müayinə aparılır, əgər hər hansı bir elementlə bağlı çatışmazlıq və nöqsan aşkarlanırsa, bu, yekun rəydə bildirilir. Amma avtomobil texniki baxışdan keçirilmiş hesab olunur və tövsiyyə olunur ki, növbəti texniki baxışa qədər həmin problem aradan qaldırılsın. Növbəti texniki baxışda yenə də aşkar olunsa ki, həmin avtomobilin havaya buraxdığı zərərli tullantıların həcmi normadan artıqdırsa, onda avtomobil texniki baxışdan keçirilmiş hesab olunmur. Bu çatışmazlıq aradan qaldırıldıqdan sonra avtomobil yenidən texniki baxışa müraciət etməlidir”, - deyə ekspert əlavə etdi.

 

A.Allahverənovun fikrincə, problemlərlə bağlı nəzarət sürücülər tərəfindən həyata keçirilməlidir: “Sürücülər avtomobildə hər hansı nasazlıq baş verəndə hiss edirlər. Zərərli tullatıların həcmini artıran səbəbləri isə ancaq  avtomobil ustaları aşkar edə bilərlər. Ona görə də biz həmişə tövsiyyə edirik ki, sürücülər zaman-zaman nəqliyyat vasitələrini servis mərkəzlərinə aparsınlar. Xüsusilə dediyimiz göstəricilər üzrə avtomobillərini müayinədən keçirsinlər”.

 

Azərbaycan Pedoqoji Univeristetin professoru, Biologiya üzrə elmlər doktoru, ekoloq Rauf Sultanovdan isə avtombillərin ekologiyaya vurduğu zərərlər barədə məlumat aldıq.

 

R.Sultanov bildirdi ki, Azərbaycanda atmosferin çirklənməsində ən böyük amil nəqliyyat vasitələrinin havaya buraxdığı karbon oksiddir: “Biz Azərbaycan Ekologiya Standartları Monitorinq Fondu, Azərbaycan Dövlət Avtomobil Müffətişliyi ilə birgə monitorinqlər aprmışıq. Monitorinqlər nəticəsində müəyyən olunub ki, Azərbaycanda əksər maşınlarda karbon oksidin norması 0,3 %dir. Amma atmosferin çirklənməsində bu, 0,3 həddi keçib, 3 və ya 5%-ə qədər qalxıb. Məsələn, Rusiyadan gələn avtomobillərdə monitorinq aparılıb ki, yeni maşındı, ancaq karbon oksidin miqdarı 3%-dir. Gələn təzə avtomobillərdə də belə vəziyyətlə qarşılaşdıq”.

Image result for professor Rauf Sultanov

“Biz daha çox Almaniyadan köhnə maşınlar alırıq, həmin maşınlar isə artıq istifadəyə yarasızdır. Onların karbiratorları gətirildikdən sonra yeniləri ilə dəyişdirilməlidir. Avropa ölkələrindən, Almaniyadan, Yaponiyadan və başqa ölkələrdən gələn avtomobillərdə karbon oksidin miqdarı 0%-dir. Amma müəyyən müddətdən sonra, 1 və ya il yarımdan sonra karbirator sıradan çıxdığı üçün onlarda 3, 5, 7%ə qədər qalxma olur. Normativ qayda belədir ki, müəyyən vaxtdan sonra karbiratorlar dəyişdirilməlidir. Karbiratorların dəyişməsi isə daha çox mənfəət tələb edir”, - deyə professor qeyd etdi.

 

Ekoloqun sözlərinə görə, Azərbaycanda atmosferin çirklənməsi, xüsusilə Bakı şəhərində 60%-dir: “Ən böyük ekoloji problemlərdən biri avtomobil vasitələrinin atmosferi çirkləndirməsidir. Ona görə də buna qarşı müəyyən mübarizə aparmaq lazımdır. Avtomobillərin texniki baxışı zamanı əsas bu amilə fikirilməlidir. Yəni cərimələr o qədər yüksək olmalıdır ki, insanlar belə avtomobillərdə vaxtaşırı karbiratoru təmizləsinlər və ya yeniləsinlər”.

 

“Xarici ölkələrdə avtomobil müəyyən müddət işlədikdən sonra, işə yararlı olsa belə, onu satıb yenisini alırlar. Azərbaycanda isə həmin köhnə maşınlardan istifadə olunur. Ona görə də ölkəyə gətirilən avtomobillərin buraxdığı karbon oksidin miqdarı yoxlanıldıqdan sonra istifadəsinə icazə verilməsi daha məqsədəuyğundur. Bu istiqamətdə hökumət, Ekologiya Nazirliyi və müvafiq orqanlar müəyyən tədbirlər həyata keçirməlidir. Çünki karbon oksidin, həmçinin müxtəlif xəstəliklərin, xüsusilə də xərçəngin yaranmasında rolu çox böyükdür”, - deyə Rauf Sultanov vurğuladı.

 

Qeyd edək ki, bu yaxınlarda avtomobillərin texniki baxışı ilə bağlı dövlət rüsumları artırıldı. Daxili İşlər Nazirliyi isə ümumi məlumat yayaraq qeyd etdi ki, bu, vətəndaş məmnunluğunu təmin etməklə əlaqəlidir.

Müəllif: Ülviyyə Şahin