“İranın xarici siyasətində həmişə “erməni faktoru” ciddi rol oynayıb” -   TKAÇENKO

İqtisadiyyat

03.01.2022 - 13:22

Stanislav Tkaçenko: “Ermənistan və İran faktiki blokadada idi, hər ikisi bu gün Rusiya ilə münasibətlərin inkişafında son dərəcə maraqlıdır”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekun mətbuat konfransında bildirib ki, İranla Azərbaycan arasında münasibətlər “yeni səviyyəyə çatıb”. Bunu Tehranda keçirilən həftəlik mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə də təsdiqləyib.

Lakin bu sözlər ilk dəfə Aşqabadda, Azərbaycan və İran prezidentlərinin görüşündən sonra yenidən səslənmişdi. Hüseyn Əmir Abdullahianın Bakıya səfərindən sonra iki ölkə arasında münasibətlər sanki “stabilləşməyə” doğru gedir və bu dəfə tamam başqa şəkildə.

Bakı ilə Tehran arasında qazdan tutmuş nəqliyyat və kommunikasiyaya qədər - qlobal iqtisadi layihələr imzalanır. Sankt-Peterburq Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Stanislav Tkaçenko AYNA-ya müsahibəsində iki ölkənin iqtisadi perspektivlərindən danışıb.

- İran xarici işlər nazirinin Bakıya səfərinin nəticələrini necə qiymətləndirirsiniz? Səfər ölkələr üçün nə dərəcədə məhsuldar olub?

- İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın 2021-ci il dekabrın 22-də Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələ oldu. İki dövlətin siyasi sistemləri arasında əhəmiyyətli fərqlər və İranın Qərb dövlətləri ilə uzunmüddətli münaqişə səbəbindən onlar ənənəvi olaraq aşağı səviyyədə idi. Bakı və Tehran arasında ikitərəfli münasibətlər 2021-ci ilin payızında siyasətçilərin sərt bəyanatları və hətta iki dövlətin ordularının dövlət sərhədinin bilavasitə yaxınlığında hərbi təlimləri ilə müşayiət olunan mühüm böhran yaşadı.

Lakin sonra üç aylıq aktiv xarici siyasət təmasları başladı. İran diplomatiyasının rəhbərinin Azərbaycana hazırkı səfərindən əvvəl Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Tehrana səfəri, daha sonra isə bu il noyabrın sonunda Aşqabadda iki ölkə liderlərinin zirvə görüşü keçirilib.

Səfər zamanı Azərbaycanla İran arasında münasibətlərə dair heç bir parlaq və ya sıçrayışlı sazişlər qəbul olunmayıb. Diplomatik dillə desək, tərəflər Hüseyn Əmir Abdullahianın Bakıya bir günlük səfərindən sonra danışıqlar aparmağa razılaşıblar.

- Bununla belə, tərəflər ikitərəfli münasibətlərdə yeni səhifənin açıldığını bəyan edirlər, bu ifadə ilə nə nəzərdə tutulur?

- Əgər ikitərəfli münasibətlərdə yeni başlanğıcın səbəbi 2021-ci ilin avqustunda İranın yeni Prezidenti İbrahim Rəisinin andiçmə mərasimi olubsa, münasibətlərin yaxşılaşmasının əsl səbəbi 44 günlük müharibənin nəticələri və keyfiyyətcə yeni hərbi qüvvələr balansı, Cənubi Qafqazda və onun ətrafındakı regionda siyasi və iqtisadi vəziyyət olub. Regiondakı proseslərdə iştirak edən bütün dövlətlərin nöqteyi-nəzərindən Azərbaycan və Ermənistan arasında hərbi münaqişə başa çatmış hesab edilməlidir. İndi gündəmdə həm ötən əsrdə yaranmış çoxdankı, postsovet dövründə yığılan, həm də mövcud problemlərin həlli dayanır.

Səfər zamanı müzakirə edilən bəzi qərarlar (Azərbaycan, İran və Türkmənistan arasında 2 milyard kubmetrə qədər qazın tədarükünə dair sazişlər və İranın Azərbaycan ərazisindən Rusiya elektrik şəbəkələrinə qoşulması üzrə işlər) daha əvvəl razılaşdırılıb. İki dövlət arasında əməkdaşlığın digər sahələrdə genişləndirilməsi ilə bağlı yeni qərarlar barədə hələlik razılığa gəlməyib.

Buna görə də, onların hökumətləri ikitərəfli münasibətlərin inkişafı, eləcə də “3+3” formatlarında və region üçün yeni Azərbaycan-İran-Rusiya-Türkiyə formatında qarşılıqlı fəaliyyət üçün “yol xəritəsi” üzərində işləməyə başlayıblar.

Hazırkı mərhələdə tərəflər daha çox etimadlı münasibətlər qurmağa və ikitərəfli münasibətləri çətinləşdirən problemlərin bütün spektrini müzakirə etməyə çalışırlar. Belə məxfi dialoqun məqsədi tərəflərin mövqelərinin müzakirəsi və razılaşdırılmasından sonra ən mühüm və təxirəsalınmaz problemlərin həllinə başlamaqdır.

İqtisadi və ya digər cari məsələlərin həllindən uzaq səfərin əsasən siyasi xarakter daşıması tezisini iranlı nazirin Bakıdakı həmsöhbətlərinin siyahısı da təsdiqləyir: Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin Sədri və xarici işlər naziri.

- Son 3 ayda ölkələr arasında əldə olunan razılaşmaları nəzərə alsaq, deyə bilərikmi ki, İran öz məqsədlərinə çatmaq üçün erməni amilindən istifadə edib Bakı ilə daha yaxşı şərtlərlə razılaşmalar əldə edib?

- İranın bu gün düşdüyü xarici siyasət vəziyyəti son dərəcə ağır olaraq qalır. Uzunmüddətli iqtisadi sanksiyalar milli iqtisadiyyatın artımını ləngidir, pandemiya səhiyyə sisteminə ağır zərbə vurub. Uzun müddətdir davam edən Qarabağ münaqişəsinin Azərbaycanın qalibiyyətlə başa çatmasına Tehranın ilk reaksiyası son dərəcə ehtiyatlı olub.

İran Türkiyə və İsrailin regionda mövqelərinin kəskin şəkildə güclənməsindən və gələcəkdə ABŞ-ın onun daxili işlərinə daha fəal müdaxiləsindən ehtiyat edirdi. Odur ki, Azərbaycanın Cənubi Qafqazda əməkdaşlığın inkişafı baxımından müsbət və Ermənistana qarşı barışıqlı mövqeyi İranın yeni Prezidenti İbrahim Rəisi tərəfindən müsbət qarşılanıb. O, 2021-ci ilin avqustun əvvəlində vəzifəyə başladı və indi İran diplomatiyasının əvvəlki illərdə izlədiyi qaydaları ardıcıl olaraq yenidən nəzərdən keçirir.

Belə ki, onilliklər ərzində İranın xarici siyasətində həmişə “erməni faktoru” ciddi rol oynayıb. Hər iki dövlət - Ermənistan və İran faktiki blokadada idi, hər ikisi bu gün Rusiya ilə münasibətlərin inkişafında son dərəcə maraqlıdır. İran və Ermənistan Türkiyənin Cənubi Qafqazda və Şərqi Aralıq dənizindən Orta Asiyaya kimi daha geniş regionda hakim mövqeləri ələ keçirməsindən ehtiyat edirdilər. Bu gün bir çox mühüm məsələlərdə müəyyən aydınlıq yaranıb.

Tehran Türkiyənin regionda hegemonluğu ələ keçirmək üçün resurslarını daha real qiymətləndirir, belə bir ssenarinin baş vermə ehtimalı əhəmiyyətsizdir. 2018-ci ildən İran Avrasiya İqtisadi İttifaqı ölkələri ilə azad ticarət zonasının yaradılması işində iştirak edir və Ermənistan ərazisi vasitəsilə digər üzv dövlətlərlə ticarət imkanları açılır. Bütün bunlar Tehran və İrəvana ikitərəfli və çoxtərəfli əməkdaşlıq üçün ən azı ortamüddətli planların həyata keçirilməsinə başlamağa imkan verir.

Onların arasında dağıdılmış və ya bağlanmış yolların bərpası, yeni nəqliyyat-logistika infrastrukturunun, o cümlədən Zəngəzur dəmir yolu və avtomobil yol dəhlizinin tikintisi, enerji daşıyıcılarının tranziti, 44 günlük müharibədən sonra işğaldan azad edilmiş Azərbaycan rayonlarının bərpası üzrə əməkdaşlıq məsələləri var.

- Bununla belə, İranın iqtisadi sahədə əməkdaşlıq edə biləcəyi tərəfdaş ölkələrin sayı elə də çox deyil...

- İranla Azərbaycan arasında əməkdaşlıq perspektivlərini qiymətləndirərkən xatırlamaq lazımdır ki, İran iqtisadiyyatı bu gün Türkiyə iqtisadiyyatının yarısından azını təşkil edir. Uzunmüddətli sanksiyalar və sərmayənin aşağı səviyyədə olması milli sənayenin bir çox sahələrinin geridə qalmasına səbəb olub. Ona görə də Cənubi Qafqazda qonşu dövlətlərlə iqtisadi əlaqələrin genişləndirilməsi yolu ilə dünya iqtisadi sisteminə inteqrasiya yolu İranın indiki rəhbərlərinə ən perspektivli və cəlbedici yollardan biri kimi görünür. Bu hesablamaların reallığa çevrilməsi üçün gözümüzün qabağında gedən çox böyük diplomatik iş tələb olunacaq.

Müəllif: Nicat Hacıyev