“İran məğlub Ermənistanın yanında yer almaq istəmir”

Siyasət

31.10.2020 - 19:09

Elxan Şahinoğlu: “Tehran-İrəvan münasibətlərində ciddi korrektələr olacağına ümid edirik”

 

Ötən günlərdə İran İslam Respublikası Nizam-İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının komandanı Əhmədəli Qudərzi “Fars” agentliyinə müsahibəsində, Qarabağda gedən döyüşlərlə əlaqədar İran ərazisinə güllə və mərmilər düşdüyünü demişdi. İranın münaqişə tərəfləri olan Azərbaycan və Ermənistanla olan sərhəd məntəqələrində vəziyyətin sabit olduğunu deyən Qudərzi, ölkə ərazisinə düşən mərmilərə görə hər iki qonşu ölkəyə xəbərdarlıq edildiyini vurğulamışdı: “Biz hər iki ölkənin sərhədçilərini çağırıb bununla bağlı onlara xəbərdarlıq etmişik. Baxmayaraq ki, bizə düşən güllə və mərmilərdən ölən olmayıb, yalnız cüzi xəsarətlər qeydə alınıb. Lakin biz bununla bağlı hər iki ölkəyə xəbərdarlığımızı etmişik”.

 

Ondan sonra isə “Vestnik Kavkaz”a saytı “İrandakı etibarlı mənbələrə istinadən”, Azərbaycanın İran-Azərbaycan sərhədində azad etdiyi ərazilərə Ermənistan silahlı qüvvələrinin yenidən yaxınlaşacağı təqdirdə, İran ordusunun erməni hərbçilərinə atəş açmağa hazır olduğunu yayımladı: “Azərbaycan İranla sərhəd rayonları tutmaqla Ermənistanı raket və artilleriya zərbələrindən istifadə etməkdən imtina etməyə məcbur edib, çünki İran ərazisinə edilən səhv bir hücum dərhal Tehranın cavabına səbəb olacaq. Bu isə Ermənistan ordusu üçün çox təsirli ola bilər”.

 

Baş verənləri AYNA-ya şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycanın anti-terror əməliyyatlarına başladığı ilk günlərindən İranla bağlı həyəcanverici xəbərlər gəlirdi: “Bu xəbərlər də ondan ibarət idi ki, Rusiya İran üzərindən Ermənistana hərbi texnika daşıyır. Lakin sonradan İran öz siyasətini korrektə etdi və ardıcıl verilən açıqlamalarda Azərbaycana dəstək mesajları ünvanlandı. Məsələn, İranın Ali dini liderinin xarici siyasət məsələləri üzrə müşaviri və Cənubi Azərbaycanın dörd vilayətindəki nümayəndələri, keçmiş və indiki Xarici İşlər nazirləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən açıqlamalar verdilər. Bundan sonra İran ərazisindən Ermənistana silah-sursat daşınması ilə bağlı yayılan xəbərlərə ara verildi”.

“İran ərazisinə düşən mərmilər Ermənistan tərəfindən atılmışdı deyə, İranın Ermənistana xəbərdarlıq etməsi də başadüşüləndir. Lakin qəribəsi odur ki, İranın korrektə edilmiş bu siyasəti Ermənistanda şərh edilmədi. Çünki Nikol Paşinyan hakimiyyətə gələndən İranla strateji tərəfdaşlığa böyük önəm verir və hətta, İrana səfər də etmişdi. Amma görünən odur ki, bu gün İran Azərbaycanın qələbə qazanmağa yaxın olduğunu bildiyi üçün, siyasətində də dəyişiklik edir. Ona görə də İran məğlubun yanında yer almaq istəmir”, - Şahinoğlu vurğulayıb.

 

O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycan və Ermənistanla olan sərhəd məntəqələrinə ağır artilleriya yeritməsi ilə bağlı yayılan məlumatları belə dəyərləndirib: “Bu da müəyyən qədər narahatlıq doğura bilər. Amma mərmilər Ermənistandan İrana düşdüyü üçün, İran Ermənistana xəbərdarlıq edir. Ki, bu da tam yerindədir. Əgər, bir neçə dəfə də belə hal təkrarlansa, İran artıq Ermənistana qarşı ciddi tədbirlər görməlidir. Azərbaycan öz torpaqlarının bir hissəsini işğaldan azad etməklə, İranla sərhədi tam nəzarətə götürdü. Bu, İranın da maraqlarına xidmət edirdi. Üstəgəl, Azərbaycan Prezidenti açıqlamasında İran xalqını da təbrik etmişdi. Həmçinin, İran səfirinin də bununla bağlı açıqlaması və təbriki olmuşdu. Bu cür açıqlamalardan sonra Ermənistan yenidən işğalçılıq niyyətini həyata keçirmək istəsə və sərhədi pozsa, İran ciddi tədbirlər görə bilər”.

 

“Bizim cəmiyyətdə İranın siyasəti ilə bağlı hər zaman müəyyən suallar və şübhələr olub. Amma indi Azərbaycan Ordusu tam qələbə qazanmağa yaxındır. Belə olan halda, İran nə üçün məğlubu müdafiə etsin? Əksinə, qalibin yanında olub, onunla əməkdaşlığı inkişaf etdirmək imkanları var”, - politoloq qeyd edib.

 

Mərkəz rəhbəri xatırladıb ki, Xudafərin Su Elektrik Stansiyası (SES) bizim nəzarətimizə keçib və gələcəkdə həmin SES-dən İran və Azərbaycan müxtəlif sahələrdə birgə istifadə edə bilər: “Ona qədər isə bu, mümkün deyildi. Çünki Xudafərin SES separatçıların nəzarətində idi. Ona görə də bu, İranın maraqlarına da cavab verir. İran da belə olan halda işğal edilmiş ərazilərin Azərbaycana qayıtmasına razıdır. Bu baxımdan, İran-Ermənistan münasibətlərində ciddi korrektələr olacağına ümid edirik”.

Müəllif: Mərahim Nəsib