“Bundan sonra kimsə ABŞ-Türkiyə müttəfiqliyindən danışa bilməz”

Siyasət

30.10.2019 - 19:07

Toğrul İsmayıl: “Vaşinqton, Suriya əməliyyatından dolayı Ankaranı cəzalandırmağa çalışır”

 

Xəbər verdiyimiz kimi, ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqrımı” iddialarını tanıyan qətnamə layihəsinin qəbul edilməsinə qərar verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, qətnamə səsverməyə çıxarılandan sonra, 11 nəfər qərarın əleyhinə, 405 nəfər isə leyhinə səs verib. Qanun layihəsinin tezliklə ABŞ Senatında səsə qoyulacağı gözlənilir.

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qətnamənin qəbul edilməsinə sərt reaksiya verib: “Bu, həqiqətən də utancverici bir qərardır”.

 

Çavuşoğlu “Twitter” hesabındakı paylaşımında qərarın qərəzli olduğunu qeyd edib: ““Sülh Çeşməsi” əməliyyatı ilə bir çox oyunların qarşısını aldıq. Bizdən bu tərzdə qisas alacaqlarını düşünürlər. Bu müddəanın Türkiyə üçün heç bir dəyəri yoxdur”.

 

Mövzunu AYNA-ya şərh edən Türkiyənin TOBB Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə ekspert Toğrul İsmayılın sözlərinə görə, Vaşinqtonla Ankara arasında uzun zamandır problem yaşanır: “Bu illər ərzində ABŞ-da Demokratlarla Respublikaçılar arasında baş verən proseslərdə Türkiyə də öz “payını” alıb. Zaman-zaman müxtəlif qərarlar verib. Son olaraq verilən qərar Türkiyə-ABŞ münasibətlərinə ciddi zərbə vura bilər”.

Mərahim Nəsib