Rusiya XİN başçısı: “Həmsədrlər çalışır ki, kompromis dürüst olsun, maraqların real və ədalətli balansını əks etdirsin”
"Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin tərkibinin müəyyən edilməsini tərəflər özləri razılaşdırmalıdır. Bununla mübahisə etmək çətindir".
AYNA APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Yerevanda ermənistanlı həmkarı Zohrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında deyib.
O, qeyd edib ki, məsləhətləşmələrin ilkin mərhələsində Dağlıq Qarabağ danışıqların iştirakçısı olub, lakin hansısa mərhələdə Ermənistan rəhbərliyi, keçmiş prezidentlərdən biri danışıqlarda Dağlıq Qarabağın maraqlarını Yerevanın təmsil edəcəyinə dair qərar verib: “Hamıya aydındır ki, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılıq əldə etmək mümkün olmayacaq. Ermənistan tərəfi, sadəcə olaraq, bunu imzalamayacaq. Biz məhz bu mövqedən çıxış edirik. Ərazi bütövlüyü, öz müqəddəratını təyin etmək, istisnasız olaraq münaqişələrin sülh yolu ilə nizamlanması prinsipləri münaqişə tərəfləri arasında müzakirə olunan sənədlərdə öz əksini tapıb”.
“Bütün hallarda yekun qərarda bütün bu prinsiplər nəzərə alınmalıdır. Bu barədə nə Yerevan, nə də Bakı mübahisə edir. Bundan sonrakı məsələ isə diplomatiya incəsənətidir və kompromisə hazırlıqdır. Biz həmsədrlər olaraq çalışırıq ki, kompromis dürüst olsun və maraqların real və ədalətli balansını əks etdirsin. Rusiya həm ATƏT-in Minsk Qrupu çərçivəsində, həm də milli baxımdan Rusiya-Ermənistan-Azərbaycan formatında bundan sonra da münaqişə tərəfləri arasında fəal vasitəçilik etməyə hazırdır”, - deyə Lavrov bildirib.
Rusiya XİN başçısı tərəflər arasında danışıqların konstruktiv inkişaf etdirilməsinə yönəlmiş səylərin gücləndirilməsinin və mövcud razılaşmalar, o cümlədən aprel ayında Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin və həmsədrlərin görüşündə əldə olunan razılıqlar nəzərə alınmaqla, münaqişə zonasında gərginliyin azaldılması məqsədi ilə gələcək addımların atılmasının vacibliyinə diqqət çəkib: "Bu il Ermənistan və Azərbaycan liderlərinin görüşündə müzakirə olunan həmin tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi vacib hesab edirik".