İran 10 həftə ərzində nüvə silahına sahib olacaq? – <font color=red> İsraildən hücum çağırışı</font>

Dünya

07.08.2021 - 15:20

İqor Semivolos: “Təl-Əviv tərəfindən yayılan məlumatların etibarlılığına şübhə edirəm”

 

Aviqdor Eskin: “İsrail hökuməti öz kəşfiyyatına ən yüksək səviyyədə güvənir”

 

İran 10 həftə ərzində (yəni iki aydan bir az çox) nüvə silahı əldə edə bilər. “Jpost” nəşri xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin diplomatları ilə görüşündə deyib.

 

“İran Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bütün rəhbər prinsiplərini pozdu və nüvə silahı yaratmaq üçün lazım olan silah tipli materialların alınmasına cəmi 10 həftə qalıb. Hərəkət etməyin vaxtı gəldi, sözlər yetərli deyil. Diplomatik, iqtisadi və hətta hərbi addımların vaxtıdır. Dünya İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı sürətlə tədbir almalıdır. İran xalqı bizim düşmənimiz deyil, İran rejimi bizi (İsraili) təhdid edir və regional silahlanma yarışına səbəb olur”, - deyə nazir bildirib.

 

Təbii ki, suallar yaranır. Birincisi, bu məlumatlar haradan qaynaqlanır və Qantzın İranda nüvə silahının yaradılması üçün belə bir zaman çərçivəsi ilə bağlı dediklərinə inanmaq olarmı? Axı bu, Tehranın bütün aylar ərzində fəal iştirak etdiyi nüvə razılaşmasının fəaliyyətini bərpa etmək səyləri ilə çox ziddiyyət təşkil edir.

 

İkincisi, bu müraciətin BHFP-yə imza atan ölkələr üzərində hansı təsiri olacaq, onlar İrana qarşı qəti tədbirlərdə iştirak etməyə razı olacaqmı? Rusiya və Çini demirik, heç Avropa ölkələrinin də buna razılıq verəcəyi ehtimalı azdır.

 

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

 

Ukraynalı politoloq, Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos:

Предложения Ирана по Карабаху пока мало напоминают план» - Игорь Семиволос  - ZERKALO.AZ - Новости Азербайджана и мира.

“Yaddaşımda İsrail xüsusi xidmət orqanları tərəfindən İraqda kimyəvi silahların olması haqqında məlumatın hərbi kampaniyaya başlamaq qərarının son qığılcımına çevrildiyi bir hadisə canlandı. Bildiyiniz kimi, Səddam Hüseynin məğlubiyyətindən sonra İraqda heç bir kimyəvi silah tapılmadı və sonda israillilərin Birləşmiş Krallıq və ABŞ-la paylaşdıqları kəşfiyyat məlumatlarının yalan olduğunu qəbul etməli oldular. Lakin o zaman Corc Buş artıq özü üçün bir qərar vermişdi və icra üçün yalnız bir bəhanə lazım idi.

 

Düşünürəm ki, bu hadisənin unudulması üçün elə də çox illər keçməyib. Bundan əlavə, Ağ Evdəki əhval-ruhiyyə fərqlidir, rəhbərlik əslində Buşun və müəyyən qədər “Mossad”ın gətirdiyi Yaxın Şərqdən qoşunlarını geri çəkir.

 

İsrail ilə İran arasında artan qarşıdurma ilə əlaqəli son hadisələrin öz səbəbləri var və bunlar yəhudi dövləti üçün birbaşa və açıq bir təhlükə ilə əlaqədardır – İranın Livandakı proksi-ordusu olan “Hizbullah”ın güclənməsi və İranın Suriyadakı ekspedisiya qüvvələri. İsrailin İran qüvvələrinin Suriyadakı mövqelərinə, döyüş sursatı və avadanlıq saxlama yerlərinə raket və bomba zərbələri endirməsi artıq adi hala çevrilib.

 

İranlılar da öz nəvbəsində pilotsuz təyyarələrin köməyi ilə İsrail ərazisinə zərər vurmağa, daha doğrusu, yəhudi dövləti daxilində təxribat törətməyə çalışırlar. Ancaq israillilərin “Axilles dabanı” dəniz yollarıdır, burada qurudan fərqli olaraq İsrail sahillərindən uzaqda olan ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək çətindir. İranlı pilotsuz təyyarənin Oman sahillərində İsrail gəmisinə hücumu ilə bağlı son hadisə qarşıdurmanın yeni mərhələyə qədəm qoyduğunu və iranlıların İsrail hədəflərinə zərbələr endirə biləcək ölümcül dronların yeni modellərini uğurla mənimsədiyini göstərir.

 

Yeni İsrail hökumətinin nüvə razılaşması ilə bağlı İran rəhbərliyi ilə danışıqlar aparmaq üçün Amerika administrasiyasına problem yaratmayacağına dair vədini də qeyd etmək lazımdır. Yəni, qlobal olaraq, danışıqların yenidən başlaması ərəfəsində israillilər sərt cavab verə bilməzlər, ancaq İranın nüvə silahı ilə dünyanı qorxuda bilirlər. Mən Təl-Əviv tərəfindən yayılan məlumatların etibarlılığına şübhə ilə yanaşıram və bunu ABŞ-da ictimai rəyə təsir etmək cəhdi kimi qiymətləndirirəm”.

 

İsrail publisisti Aviqdor Eskin:

“Bir dəqiqləşdirmə edim. İsrailin müdafiə naziri Qantz İranın nüvə silahı əldə etməsindən deyil, nüvə silahının əsasını təşkil edən parçalanan materialı lazımi vəziyyətə gətirmək imkanından danışdı. Etibarlılıq baxımından İsrailin gücü, digər məsələlərlə yanaşı, kəşfiyyatına ən yüksək səviyyədə güvənməsindədir. İsrailin yüksək vəzifəli şəxslərindən heç biri bu nüfuzu şübhə altına almayacaq. Və vurğulamaq çox vacibdir ki, Qantz əsl nüvə silahları haqqında deyil, yalnız onların gələcək istehsalı üçün material haqqında danışdı.

 

Burada reallıqla heç bir ziddiyyət yoxdur. Axı İran ABŞ-ın BHFP müqavilədən çıxmasından sonra uranın intensiv zənginləşdirilməsinə başlayacağını elan etmişdi. Görünür, bu işdə müəyyən irəliləyiş əldə edib. Burada ABŞ və Qərbə təzyiq ssenarisi də mümkündür. Tehran onlara “Əgər bizə qarşı addım atmasanız, bir neçə ay ərzində nüvə başlıqlarını raketlərimizə taxacağıq” xəbərdarlığını edir.

 

Avropa İttifaqı ölkələri və Çinə heç kim İrana ciddi təzyiq göstərən tərəfdaşlar kimi baxmır. Amma Rusiya və Azərbaycan, İran körfəzindəki ərəb ölkələri ilə yanaşı, İranın nüvə silahı əldə etməsinə qətiyyən sakit baxa bilməz. Rusiya artıq iqtisadi əməkdaşlıq ümidi ilə əvvəlki nüvə anlaşmasına qatılmışdı, lakin onların şirkətləri Tehran tərəfindən qəbul edilmədi - yalnız Qərb şirkətləri qəbul edildi.

 

ABŞ-a gəldikdə, Bayden administrasiyası İrana qarşı təzyiqləri ləğv etməyib və azaltmayıb. Bu, Tehranda onun məhvini öz kredosu elan edənlərlə toqquşmağa hazır olan İsrail üçün çox vacibdir”.

Müəllif: Rauf Orucov