“Putin nüvə təhdidinə keçirsə, deməli vəziyyət kritikdir” – POLKOVNİK

Dünya

02.03.2022 - 10:15

İlham İsmayıl: “Dəhşət ondadır ki, Rusiya cəmiyyəti bu cür məsuliyyətsiz bəyanatı qınamaq əvəzinə, dünyanı hədələmələri ilə fəxr edir”

Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə başlayan müharibə bir həftədir ki, davam edir. Rusiya Ordusu Ukraynaya müxtəlif istiqamətlərdən daxil olur, paytaxt Kiyev də daxil olmaqla, bir çox şəhərlərə raketlər atılır. Ukraynada ilk gündə panika yaransa da, hazırda təcavüzkara layiqli müqavimət göstərilməkdədir. Kremlin aqressiv siyasətinə görə Qərb Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq edir. 

Fevralın 28-də vəziyyəti yumşaltmaq məqsədi ilə Ukrayna və Rusiya nümayəndə heyətləri Belarusda - Qomel şəhərində bir araya gəldi. 5 saatdan bir qədər artıq davam edən görüşdən heç bir müsbət nəticə əldə edilmədi. Yeri gəlmişkən, görüş keçirilən dəqiqələrdə Rusiya Ordusu Xarkov şəhərini bombalamaqda idi. 

Hazırda şiddətli döyüşlər davam edir. Bu arada, Rusiya Prezidenti Ukraynanı nüvə silahı ilə təhdid etdi. Putin müdafiə naziri və Baş Qərargah rəisinə xüsusi döyüş növbətçiliyi ilə bağlı (nüvə hazırlıqları) əmri verdi. Ondan bir gün sonra isə Rusiyanın Müdafiə Nazirliyindən Putinə məruzə olundu ki, nüvə hazırlıqları görülüb. 

Rusiya-Ukrayna müharibəsinin gedişi, Kreml sahibinin nüvə təhdidi ilə bağlı AYNA-nın suallarını cavablandıran təhlükəsizlik üzrə ekspert, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, polkovnik İlham İsmayıl əmindir ki, nüvə müharibəsi olmayacaq:

- Putin aqressiv siyasət yürütməsinə, isterik vəziyyətdə olmasına baxmayaraq, o, nüvə silahından istifadə qərarı verməyəcək. Çünki bu, böyük fəlakət olar. Hesab edirəm ki, Kreml lideri bu addımın nə ilə nəticələnəcəyini yaxşı bilir. Müharibənin ilk həftəsində Putinin nüvə təhdidi onu göstərir ki, onun üçün çox kritik vəziyyət yaranıb. Rusiya üçün müharibə istədiyi kimi davam etsəydi, Putin belə məsuliyyətsiz açıqlama, orduya nüvə hazırlığı əmri verməzdi. Əgər müharibənin başlamasından heç bir həftə keçməmiş Putin nüvə silahından danışırsa, bu təhdidi edirsə, deməli, Rusiyanın vəziyyəti ürəkaçan deyil. 

- Belarusda Ukrayna və Rusiya nümayəndələri danışıqlar üçün bir araya gəldilər, amma hansısa müsbət nəticə əldə olunmadı. Bu, o deməkdirmi ki, diplomatik yol da iflas etdi?

- Hamı bilirdi ki, danışıqlar nəticə verməyəcək. Zelenski üçün də, Qərb üçün də aydın idi ki, danışıqlardan müsbət nəticə gözlənilmir, amma yoxlamaq vacib idi. Mövqenin müəyyənləşməsi üçün Kiyev-Moskva danışıqları lazım oldu. Aydın məsələdir ki, nümayəndə heyətləri qərar vermir, sadəcə tərəflərin şərtlərini ölkə rəhbərliklərinə çatdırır. Qərarı isə ölkə rəhbərləri verirlər. Hansı şərtlər var idi, tam açıqlanmadı. Nümayəndələrin görüşündən canlı bağlantılar Rusiyanın təkidi ilə olmadı. Rusiya elə obraz yaratmaq istəyir ki, qalib kimi görünsün. Lakin hər kəsə məlumdur ki, misli görünməmiş sanksiyalardan sonra Rusiyanın bir tələbi var - dünyadan xərac almaq.

Kreml yaxın ətrafını müəyyən dərəcədə gərginlikdə saxlayırdı, onlardan xərac alırdı. İndi isə bunu dünyaya tətbiq etmək niyyətindədir. Moskva deyir ki, "yaxşı, geri çəkilim, amma mənim pulumu verin". Bu siyasət Putin tərəfindən birinci dəfə deyil ki, aparılır. Müharibənin müəyyən fazasında geri çəkilməyə razı olur, dünyaya isə mesaj verir ki, sanksiyalar götürülsün, itkilər kompensasiya olunsun. Rusiyanın planı baş tutmadı. Kreml rəhbəri hesab edirdi ki, 48 saat ərzində istəklərinə nail olacaq. Lakin bu, baş vermədi, Ukraynadan gözlənilməz dirənişlə üz-üzə qaldı. Eyni zamanda, Ukraynanın silahlandırılması prosesi davam edir.

Bundan sonra da Rusiyanın istəyinə nail olacağı mümkünsüz görünür. Bunu Putin anlamamış deyil. Ona görə də Moskva 24 fevrala qədər olan vəziyyətə qayıtmağa razı görünür. Rusiya güzəşt istəyir, amma bu, Ukrayna və dünya tərəfindən nə dərəcədə qəbul olunacaq - demək çətindir. Düşünürəm ki, proses bu formada 4-5 gün davam edəcək, danışıqlar, qarşılıqlı bəyanatlar olacaq. Ukrayna tək deyil, Qərblə siyasətini uzlaşdıraraq addımlar atır. 24 fevraldakı vəziyyət hər iki tərəf üçün güzəştli sayılacaq ki, buna da güman ki, gələn həftə gediləcək. Ən yaxşı halda “Minsk formatı” ilə danışıqlara qayıdılacaq. Hər kəs maksimum çalışır ki, marağı təmin olunsun. Zidiyyətlər var, onları da bir anda aradan qaldırmaq çətindir. 

- Nümayəndələrin görüşündən sonra tərəflərin şərtləri açıqlandı: Rusiya Krımın Rusiya ərazisi kimi tanınmasını, qondarma "DXR" və "LXR"-in "müstəqilliyinin" tanınmasını və Ukraynanın neytral statusda qalmasını tələb edir. Ukrayna isə bütün suveren ərazilərindən Rusiyanın çıxmasını, ərazi bütövlüyünün təminini istəyir...

- Bilirsiniz, tərəflər hər zaman maksimalist yanaşma ortaya qoyurlar ki, bu, təbiidir. Yəqin ki, ortaq bir nöqtə tapılacaq. Bu ortaq nöqtədən Rusiya çalışacaq ki, həm maddi itkilərini bərpa etsin, həm Krımın ilhaqına razı olsun, həm də Donbasdakı separatçı rejimlər Kiyev tərəfindən ən azı neytral statusda qəbul olunsun. Əlbəttə, bu, Kiyev üçün qəbuledilməzdir. Sonucda ola bilsin ki, hər iki tərəfin güzəşti “Minsk formatı”na dönmək, danışıqlara başlamaq olacaq. Hər halda tərəflərin maksimalistliyinin bir-birləri tərəfindən qəbul edilməsi alınmır. Hazırkı vəziyyət nə Ukraynaya, nə də Rusiyaya sərf edir. 24 fevraldan əvvəlki vəziyyətə dönüş hər iki tərəfi qane edə bilər. 

- Belə fikirlər var ki, anoloqu olmayan sanksiyalar Rusiyanı çökdürməkdədir. Bu vəziyyət isə Rusiya daxilində ciddi narazılıqlar yaratmağa başlayıb ki, narazılıqlar Putinin hakimiyyətinin sonunu gətirə biləcək.

- Onu deyim ki, sanksiyaların öldürücü təsiri indi özünü göstərmir, göstərməyəcək də. Təxminən iki aydan sonra sanksiyalar nəticəsini verəcək və böyük iqtisadi çöküş başlayacaq. Bunu Rusiya daxilində bilirlər, xüsusilə də, oliqarxlar, biznesmenlər vəziyyətin acınacaqlı olacağını anlamağı bacarırlar. Təbii ki, bunlar müəyyən gərginliyə səbəb olur - əsasən də biznesmenlər arasında. Rublun dəyər itirməsi də xalq arasında narazılığı artıracaq. Amma Putinə qarşı nə Rusiya xalqı qalxacaq, nə də iş adamları. Çünki Rusiya cəmiyyətində fikir fərqlidir. Cəmiyyət hesab edir ki, Kremlin bu siyasəti haqlıdır, onların ölkəsinə təhlükə var, Rusiya təklənib və s. Ruslarda bir qədər də imperiya ambissiyaları mövcuddur. Baxın, Putin nüvə silahından danışır və dəhşət ondadır ki, Rusiya cəmiyyəti bu cür məsuliyyətsiz bəyanatı qınamaqdansa, dünyanı hədələməkləri ilə fəxr edir - "Putin qəhrəmandır" deyirlər. Demək ki, daxildən Putini devirmək o qədər də asan deyil.

Müəllif: Anar Bayramoğlu