“Azərbaycan koronavirusun qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıb”
"Mən sizin hamınızı səmimiyyətlə salamlayıram. Azərbaycanın sədr ölkə kimi irəli sürdüyü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü dəstəklədiyiniz üçün təşəkkürümü bildirirəm. Bu təşəbbüsün irəli sürülməsindən bir neçə gün sonra Zirvə görüşünün təşkili göstərir ki, Türk Şurası dostluq və qardaşlıq təməlləri əsasında qurulubdur".
AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.
"Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusa Zirvə görüşünə qoşulduğuna görə minnətdarlığımı bildirirəm.
Zirvə görüşünün gündəliyi təqdim olunmuşdur. Gündəliklə bağlı hər hansı təklifiniz yoxdursa, işimizə başlaya bilərik.
Hörmətli həmkarlar, bildiyiniz kimi, keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü Bakıda keçirildi. Azərbaycan bu Zirvə görüşündə sədrliyi öz üzərinə götürdü. Dərhal Azərbaycan sədr ölkə kimi fəaliyyətə başladı. Sədrlik etdiyimiz dövrdə dünyada təşkilatın nüfuzunun daha da artırılması, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstəririk.
Koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayılmış və faciəvi nəticələrə gətirib çıxarmışdır. Pandemiya səbəbindən ölkələrimizdə və dünyada həyatını itirənlərə rəhmət diləyir, onların yaxınlarına başsağlığı verir və yoluxanların tezliklə şəfa tapmasını arzulayıram.
Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır", - dövlət başçısı bildirib.
İlham Əliyev qeyd edib ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir: "Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır".
Dövlət başçısı bildirib ki, Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıb: "Məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparılmışdır. Mənim Sərəncamımla bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılmışdır. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılmış, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilmişdir. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılmışdır. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir".
Prezident deyib ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir: "Biz mart ayının əvvəlində təşkilatın mütəxəssislərini Azərbaycana dəvət etmişik. Qısa müddətdə dəvətimizə cavab verilmişdir. Belə ki, 9-13 mart tarixlərində təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət ölkəmizdə səfərdə olmuşdur. Onlar ölkəmizdə vəziyyətlə tanış olaraq, görülmüş işlərə müsbət qiymət vermişlər. Ekspert missiyasının hazırladığı hesabatda da öz əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır".
İlham Əliyev vurğulayıb ki, indiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilib: “Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5 200-dən artıqdır. Aparılan testlərin sayına görə dünyada 30-cu yerdəyik. Hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdəyik. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir. Onların 5-i yeni yaradılıb. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə hər birinin 200 çarpayılıq yeri olmaqla 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur”.
Dövlət başçısı qeyd edib ki, həkimlərin və tibb işçilərinin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətləri yüksək qiymətləndirilir: “Onların maaşı əməkhaqlarının 4-5 misli qədər artırıldı. Bu da dövlətin onlara göstərdiyi diqqət və qayğının təzahürüdür”.