İki dünya arasında: güman və şübhələr

Dünya

25.05.2022 - 22:47

“Dünənin dünyasının yox olduğuna şahidlik edirik, sabahın dünyasının necə olacağı isə bəlli deyil”

Yunanıstanın Baş naziri Mitsotakis ABŞ Konqresində Türkiyə əleyhinə çıxış edir və müttəfiq ölkənin senatorları onu ayaq üstə alqışlayırlar. Kipr mövzusunu gündəmə gətirən Mitsotakis adada iki dövlətli həll prosesinə qarşı olduqlarını bəyan edir. 48 ildən bəri bu narahatlığı yaşadıqlarından və qonşuluq münasibətlərindən danışır.

Təsəvvür edin, 48 ildən bəri həll prosesinə yaxın durmayan, bildiyini edən, israrlı qarşıdurma siyasəti ilə ABŞ və Avropa İttifaqı (Aİ) ölkələrini üstümüzə qaldıran bir ölkənin Baş naziri strategiyasını sülh deyil, savaş üzərində qurur. Müharibələrdən dərs almayan Yunanıstan Türkiyəyə qarşı hər cür fürsətdən yararlanır və əleyhimizə oyunlar qurmaqla, davamlı olaraq savaş hay-küyü yaradır.

Ukrayna müharibəsində şəhərlərin, kəndlərin bombalanmasını, insanların öldürülməsini, qocaların, uşaqların, qadınlar yurd-yuvalarını buraxıb başqa ölkələrə qaçdıqlarını, aclıqdan-susuzluqdan əziyyət çəkdiklərini görürük. Bütün bunlar isə müharibənin səbəbi deyil, nəticələridir.

Yunanıstan kimi ölkələrinin rəhbərliklərinin məsuliyyətsizliklərinin cəzasını xalq çəkir. Və bunu hələ də görə bilmirlər, ya da görmək istəmirlər.

Qlobal pandemiyanın yeni bir dünya düzəni yaradacağı söylənilirdi, lakin insanlığı daha xoşbəxt edəcək bir düzənin formalaşacağına dair ümidlərin tükəndiyinin şahidiyik.

Çünki Mitsotakis kimi müharibə təbilləri çalan liderlərin öz ölkələrinin necə böyük fəlakətlərə sürüklədikləri göz önündədir, lakin yenə də duyğularına əsir olan xalqlar bu tip insanların arxasınca gedirlər.

Livan əsilli fransalı yazıçı Amin Maalouf bir müsahibəsində iki dünya arasında qalmış bir zolaq olduğumuzu söyləyir və deyir ki: “Ümidin bitəcəyini düşünmürəm... Amma batdıqdan sonra da bir həyat var. Batış dünyanın sonu deyil. Dünyanın batmasına inanıram, lakin yeni bir dünya qaçılmaz olaraq doğulacaq”.

“İndi biz dünənin dünyasının yox olduğuna şahidlik edirik. Sabahın dünyasının necə olacağına dair müxtəlif fikirlər var. Biz iki dünya arasında qalmış zolağıq”, - deyən yazıçı, əslində, bizim Arafda olduğumuzu izah edir.

“Bir yanda tanıdığımız və içində yaşadığımız düzənin dünyası batır. Digər yanda doğulacaq yeni dünyanın xəyallar, gözləntilər və ümidlər baxımından daha yaxşı bir dünyamı olacağı, yoxsa daha betərimi gələcəyi bəlli deyil”, - deyə Maalouf vurğulayır.

Beləcə, qlobal güclərin hər şeyi ələ keçirdiyi bir düzənə qarşı kimin nə edəcəyinə dair saysız-hesabsız güman və şübhələrin doğurduğu bir qeyri-müəyyənlik mövcuddur...

Müəllif: Mehmet Soysal

Mənbə: "hurriyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: Ayna.az