Həqiqət, yoxsa arzu - Bir milyon qonaq Azərbaycana doğru

İqtisadiyyat

08.12.2021 - 15:13

İqtisadçı: “Əvvəlcə yerlilər, ardınca əcnəbilər kütləvi şəkildə Qarabağa axın edəcəklər”

ATA rəsmisi: “Dörd il ərzində bu qədər insanı qəbul etməyimiz mümkündür”

“Qarabağ yaxın dörd il ərzində bir milyon turist qəbul edəcək”. Belə bir açıqlama ilə Dövlət Turizm Agentliyinin (DTA) rəsmisi Kənan Quluzadə çıxış edib.

Bildirib ki, strategiya və konsepsiyada əsas yanaşma turizm marşrutı və məhsullarının yaradılmasıdır: "Klastrlarla bağlı da fikrimiz var. Məsələn, Kəlbəcərdə turizmin inkişafına dair ayrılıqda konsepsiya var, amma Kəlbəcəri digər klastrlarla əlaqələndirən üslublar da mövcuddur. Şuşanın öz üslubu var. Məsələn, Kəlbəcərdə ənənəvi turizmdən əlavə, qış və sağlamlıq turizminin inkişafı mümkündür”.

Quluzadənin sözlərinə görə, Şuşada festivalların keçirilməsi, Ağdamda “dark” - yəni işğalın nəticələrinin çılpaq şəkildə göstərilməsi və işgüzar turizm nəzərdə tutulub: “Tuğ və Hadrutun şərab marşrutuna salınması daha uyğundur. Suqovuşanla bağlı planlar da var. Ümumilikdə bu bölgə üçün planlar genişdir. Yaxın dörd ildə daxili və xarici turistləri nəzərə alaraq, Qarabağın bir milyon insanı qəbul edəcəyi gözlənilir”.

İqtisadçı alim Xalid Kərimli AYNA-ya şərhində deyib ki, DTA-nın verdiyi proqnoz reallığa tamamilə uyğundur: “Yəqin ki, yaxın dörd il ərzində Azərbaycan hökuməti işğaldan azad edilmiş torpaqlarımızda normal infrastrukturun yaradılması və hərəkətin təmin edilməsi üçün ciddi addımlar atacaq. Turizm üçün münbit şəraitin yaradılması da nəzərdə tutulub. Bu istiqamətdə böyük məbləğdə investisiyalar ayrılacaq. 2021-ci və 2022-ci illərin dövlət büdcələrindən milyardlarla manat vəsaitin bu məqsədlə ayrılması, gələcəkdə də bu siyasətin davam edəcəyi nikbin proqnozlar söyləməyə əsas yaradır”.

“İşlərin ardıcıl sürətdə həyata keçirilməsi bu açıqlamanın tamamilə real olduğunu göstərir. İşğaldan azad edilmiş ərazilərə ilk olaraq həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımız kütləvi şəkildə axın edəcək. Əminəm ki, ilkin dövrlərdə bu rəqəmi əsasən azərbaycanlı turistlər hesabına əldə edəcəyik. Təbii gözəlliyi və müalicəvi əhəmiyyəti Qarabağı turizm mərkəzinə çevirəcək. Bütün bunların fonunda isə Qarabağın xarici turistlər üçün də əhəmiyyəti artacaq”, - deyə ekspert vurğulayıb.

Kərimli əlavə edib ki, son illər Azərbaycanın turizm bazarı əcnəbi turislərin marağını cəlb etməyə başlayıb: “Xüsusən koronavirus pandemiyasına qədər olan müddətdə biz bunu aydın müşahidə etdik. Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayında ciddi artım var idi. Son iki il turizm üçün çox ağır bir dövr oldu. Pandemiyanın yan təsirləri fonunda bu biznes geriyə getdi və kifayət qədər çətin dönəm yaşadı. Pandemiya bitəndən sonra ölkəmizə turist axını yenidən artacaq. Hesab edirəm ki, yaxın gələcəkdə turistlərin Qarabağa və Şərqi Zəngəzura da kütləvi səfərlərini müşahidə edəcəyik”.

Azərbaycan Turizm Assosiasiyasının (ATA) rəsmisi Müzəffər Ağakərimov AYNA-ya açıqlamasında söyləyib ki, Qarabağ ölkəmizin mədəniyyət mərkəzi  hesab olunur: “44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq qələbədən sonra işğaldan azad edilmiş ərazilərin yenidən inşası, həmin ərazilərdə həyat şəraitinin yaradılması, infrastrukturun qurulması müzakirə olunan əsas mövzulardandır. Şübhəsiz ki, bir Qarabağı yenidən inşa edərkən turizm infrastrukturunun yaradılması da nəzərdə tutulub. Dövlət büdcəsindən bu məqsədlə böyük miqdarda vəsaitlər ayrılır. Bu mənada Dövlət Turizm Agentliyinin açıqlaması reallığa uyğundur”.

“Turizm potensialını formalaşdırmaq üçün quruculuq işləri aparılmalı, yollar çəkilməli, infrastruktur qurulmalı, təhlükəsizlik tədbirləri görülməlidir. Bütün bu işlər bitəndən sonra bölgə turist qəbul etməyə hazır vəziyyətə gələcək. Gözləmək lazım deyil ki, bütün işğaldan azad olunan ərazilər tam bərpa olunsun. Biz paralel olaraq turizm mərkəzlərini də yarada bilərik. Düşünürəm ki, yaxın dörd ildə Qarabağın bir milyon turistin qəbul etməsi mümkün olacaq. Deyilən müddət və nəzərdə tutulan layihələr reallığı əks etdirir”, - deyə ATA təmsilçisi bildirib.

Ağakərimov hesab edir ki, diaspor təşkilatları, diplomatik nümayəndəliklər Qarabağın turizm potensialının təbliğ olunmasında yaxından iştirak etməlidir: “Azərbaycan Turizm Assosiasiyası bu istiqamətdə fəaliyyətini davam etdirir. Hədəfimiz var ki, dünyanın 50 dövlətində nümayəndəlik yaradaq. Əsas fəaliyyətimiz də Qarabağın turizm mərkəzi olaraq üstünlüklərini dünya ictimaiyyətinə çatdırmaqdır”.

Müəllif: Azər Niftiyev