Vahid Əhmədov: “Ümumdünya Ticarət Təşkilatına üzvlüyün qarşısını kimsə ala bilməz”
Ölkədə iqtisadi islahatlara yönəlik son addımlar fonunda, ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvülüyünün tezləşdirilməsi məsələsi yenidən gündəmə gətirilib. Ekspertlərin fikrincə, Azərbaycan ÜTT-yə üzv olmasa, qeyri-neft məhsullarımızın yeni bazarlara kütləvi çıxışı və eləcə də neftdən kənar sektora böyük məbləğdə sərmayə cəlb etmək də çətin olacaq.
Müqayisə üçün deyək ki, MDB-də yalnız üç ölkə ÜTT-yə üzv deyil: Azərbaycan, Belarus və Türkmənistan.
AYNA əməkdaşı mövzu ətrafında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla həmsöhbət olub:
- Ümumiyyətlə, bu məsələ gündəmdən düşmür. ÜTT-yə daxil olmaqla əlaqədar Prezidentin xüsusi sərəncamı var. Xarici İşlər nazirinin müavini səviyyəsində xüsusi komissiya işləyir və bir xeyli iş görüblər. Orada müəyyən məsələlərdə razılaşmalar da var. Həmin razılaşmalar əldə olunub. Amma hal-hazırda müəyyən qədər geçikmə baş verir. Çünki orda ÜTT-yə üzv ölkələr arasında daxili bazarı qorumaqda müəyyən problemlər yarana bilər. Həm də orada gömrük tarifləri var. Gömrük tarifi ilə əlaqədar məsələlərə baxılmalıdır. Düzdür, bəzi dövlətlər ora daxil olanda üç, beş il müddətinə güzəştlərə gedir və Azərbaycan da buna nail olsa, elə bir problem olmayacaq. Amma biz ümumiyyətlə Azərbaycanın ÜTT-yə daxil olmasının tərəfdarıyıq. Çünki bu, Azərbaycanda müəyyən proseslərin sürətləndirilməsinə, Azərbaycana xaricdən idxal olan malların həcminin çoxalmasına və sair məsələlərə kömək edəcək. Bu proses nə qədər tez həyata keçirilsə, bir o qədər Azərbaycan dövləti üçün yaxşı olacaq.