Ölkələr daha çox özlərinə qapanıb, resurslarından maksimum öz iqtisadiyyatlarını xilas etməyə çalışır
Dərin iqtisadi böhranlar zamanı ən dayanıqsız və böhrandan daha böyük zərər görə biləcək ölkələrin xəritəsini tərtib eləyəsi olsaq, bir neçə vacib indikatorlardan biri kimi ilk olaraq cari hesablarına baxmaq lazımdır. Hansı ölkələr böhran başlayana qədər cari hesabı ənənəvi defisitli ölkələrdir, demək, onlar iqtisadiyyatının xarici valyuta ehtiyaclarını kənar kapital axını (investisiyalar, kreditlərin alınması) hesabına qarşılayır.
Normal iqtisadi şərtlərdə, böhransız inkişaf dövrlərində bu axınlar arasıkəsilməz templə davam edə bilir, amma böhran başlayanda şərtlər dəyişir. Ölkələr daha çox özlərinə qapanır, resurslarından maksimum öz iqtisadiyyatlarını xilas etməyə çalışır. Üstəgəl, böhran dövrlərində başqa ölkələrə sərmayə qoymaq, borc vermək daha riskli olur, hamı böhranın bitməsini gözləyir. Hətta, əvvəlki dövrlərdə qoyulmuş sərmayələr belə, riskli hesab etdikləri ölkədən qaçmağa başlayır. Necə ki, BVF artıq son 3-4 ayda inkişaf etmiş bazarlardan 90 mlrd. dollara qədər kapitalın qaçdığını bildirir.
Cari hesabda defisitlə bağlı dediyim meyar dünyada, əsasən ABŞ üçün istisnadır. Son 3-4 ildə ABŞ-ın cari hesabında 400-500 mlrd. USD aralığında kəsir yaranıb. ABŞ ona görə istisnadır ki, hələlik dolların timsalında bu iqtisadiyyat həm biznes, həm də hökumətlər üçün ən etibarlı sərmayə məkanıdır. Hər kəs aşağı gəlirlilklə də olsa, öz yığımlarını ABŞ-ın borc bazarına yönəldir.
Böyük Britaniya da müəyyən qədər oxşar vəziyyətdədir - hər il 100 mlrd. dolların üzərində defisitlə üzləşir. Bu ölkə də həm əmlak bazarı, həm də offşorlar vasitəsilə maliyyə qoyuluşları üçün əcnəbilər üçün daimi cəlbedici coğrafiya olduğu üçün cari hesabın kəsirini rahatlıqla qapada bilir.
Digər ölkələrdən mənim üçün daha çox inkişaf etməkdə olan bazarlar maraqlı gəldi deyə BVF-nin data bazasında həmin ölkələrin məlumatına diqqət yetirdim. Ən yaxşı vəziyyətdə olan Çin və Rusiyada. Çində cari hesabın profisit 2013-2017-ci illərdə 150-200 mlrd. USD intervalında, 2018-də 49 mlrd. USD təşkil edib. Rusiyada son 15 ildə cari hesabında yalnız profisit olub - 20 mlrd. USD-dən 115 mlrd. USD-dək. Hətta neftin ən aşağı qiymətində belə. Hindistan böyük həcmli defisitdən əziyyət çəkir: 2018-də 66 mlrd. USD kəsir olub. Braziliya da Hindistanla oxşar vəziyyətdədir - son illər 50 mlrd. dollar ətrafında defisit qeydə alınıb.
Yerdə qalan ölkələri 3 qrupa bölmək olar:
1) İqtisadiyyatı ixracat üzərində qurulan və cari hesabda daimi profisit qeydə alınan ölkələr. Bura Almaniya, Cənubi Koreya, Yaponiya, Niderland, İtaliya, İspaniya, İsveç, Danimarka, İsveçrə kimi ölkələr daxildir. Son illər bu ölkələrdə cari hesabın profisiti 30-270 mlrd. USD intervalında dəyişib. Böhranın uzun çəkəcəyi, istehsal və ixracın, xüsusilə turzimin timsalında turizm ixracının kəskin azalması davam edəcəyi tədqirdə bu qrup ölkələrin profisitinin kəskin azalacağı, hətta İtaliya və İspaniyada mənfi zonaya keçə biləcəyi riski var;
2) Təbii resurslardan yüksək asılılığı olan ölkələr. Bu ölkələr bir qayda olaraq neft və qazın yüksək qiymətində yüksək profisit, böhranlar zamanı qiymət endikdə defisitlə yaşayırlar. Bura Əlcəzair, Azərbaycan, Qazaxıstan, Səudiyyəni aid etmək olar. Hazırkı böhranda bu qrup üzvləri əsas risk qruplarından biridir.
3) Defisitdən xroniki əziyyət çəkən keçid ölkələri və 3-cü dünya dövlətləri. Bu qrupda olan ölkələrin əksəriyyəti dövri olaraq makroitisadi sabitsizlik problemi yaşayırlar. Böhranın uzun çəkəcəyi tədqirdə ən böyük zərbə bu ölkələrə dəyəcək. Çünki bu qrup yuxarıdakı 2 qrupdan fərqli olaraq böyük həcmli borcu və minimum valyuta ehtiyatı olan ölkələrdir.
BVF-nin bazasında 180-ə yaxın ölkənin tədiyə balansı statistikası var. 2018-ci ildə onlardan, təxminən 30%-nin (50-dən bir qədər artıq ölkə) cari hesabda profisit olan iqtisadiyyatdır, yerdə qalan 70% (100-dən artıq ölkə) defisitli ölkədir.