Ermənilərlə gürcülərin qatıq davası: bizim səfirliyimiz də "qış yuxusundadır"

Aktual

12.02.2022 - 14:16

"İmedi" telekanalı "Qarabağ Azərbaycandır!" şüarına görə niyə üzr istəməliydi?

Gürcülərlə ermənilər arasında qatıq davası başlayıb. Zarafat etmirəm, həqiqətən də qatıq üstündə iki Qafqaz xalqının arasında dava gedir. Söhbət “matsoni” və “matsun”dan gedir. Gürcülər iddia edirlər ki, o qatıq "matsun" yox, "matsoni"dir və gürcülərindir. Ermənilər də hər zaman olduğu kimi, iddia edirlər ki, yox, guya o qatıq onlarındır - "matsun"dur.

Eynən Azərbaycan və azərbaycanlılarla davaları kimi : "dolma bizimdir", "zurna bizimdir", "lavaş bizimdir", ""Sarı gəlin" bizimdir" və s. Onlar oğurluqda, gördüklərini mənimsəməkdə mahirdirlər axı. Əlbəttə, ermənilər yenə nağıl uydururlar. "Bu mənim, o mənim". Bu da onların bədbəxtliyidir. Belə öyrəniblər. Bir tanışım deyirdi ki, nəyisə aparıb bir müddət işlədirsən, gözün öyrəşir, sonra da deyirsən, "bu mənimdir". Erməni xisləti budur. 

Qeyd etmək lazımdır ki, "matsoni" XIX əsrdə mədəni irs olaraq hesab edilirdi. 1900-cu ildə Paris Dünya Sərgisinin gürcü stendində "matsoni"nin - qatığın təqdimatı üçün xüsusi olaraq hazırlanmış dolğun dizayn gil küpələri bundan xəbər verir. Amma yox, ermənilər faktları nə zaman qəbul ediblər ki, indi də etsinlər?! 

Oxucu sual verə bilər ki, gürcülərlə ermənilərin qatıq davasından bizə nə! Haradasa, haqlı da sayıla bilər. Ona görə də yubanmadan məsələnin məğzinə keçim.

Deməli, Gürcüstanın “İmedi” telekanalında ötən günlərdə "Xronika" xəbərlər proqramının saat 20:00-da efirə gedən buraxılışında ""Gürcü matsonisi" "matsun"a qarşı” adlı süjet yayımlanıb. Süjetlə bağlı aparıcıların arxa fonundakı ekranda yerləşdirilən fotoda gürcü dilində “matsun” yazısı olan şüşə qabların üzərində erməni dilində “Qarabağ Azərbaycandır!” şüarı da yer alıb. Bu faktı görən ermənilər “Facebook”da yaxa-başlarını cırırlar ki, "qoymayın, gürcülər qatığımızı oğurlamaq yetmirmiş kimi, Qarabağın da Azərbaycanın olduğunu deyirlər". Sosial şəbəkələrdə geniş müzakirə zamanı ermənilər fotoda “dolma da Azərbaycanındır” sözlərinin yazıldığını da iddia ediblər.

“İmedi” qeyd edilən yazıların süjetin təqdimatında buraxılan texniki səhv olduğunu açıqlayıb və buna görə üzr istəyib. Süjet üçün istifadə olunmuş fotonun original olmadığı bildirilib və qeyd edilib ki, səhvin olduğu hissə telekanala aid olan bütün sosial şəbəkə hesablarından silinəcək.

Araşdırmalardan məlum olub ki, teleşirkət üzrxahlığı Ermənistan səfirliyinin Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) müraciətindən sonra yayıb. Belə ki, diplomatik nümayəndəlik XİN ilə dərhal əlaqə saxlayıb və məsələyə aydınlıq gətirilməsini istəyib. Səfirlik foto üzərində “problemli və qəbuledilməz yazı”nın göstərildiyini bildirib və telekanalın texniki səhvə görə yaydığı rəsmi üzrxahlığını da diqqətə çatdırıb.

Məsələnin bizi maraqlandıran tərəfi "İmedi" telekanalının "Qarabağ Azərbaycandır!" şüarına görə üzr istəməsidir. Bütün dünya bilir və təsdiqləyir ki, Qarabağ Azərbaycandır! Əvvəllər Qarabağın Azərbaycanın ərazisi olduğunu bilənlər də erməni lobbisinin, səfirliklərinin basqısı ilə bunu müəyyən dərəcədə inkar edirdilər. Amma 2020-ci ilin payızında, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi bu inkarlara son qoydu. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan az qala etiraf edir ki, Qarabağ Azərbaycanındır.

Bəs "İmedi" kanalı bunu bilmir? Bilirsə, niyə üzr istəyir? Qorxur? Axı bu məsələlər qorxuya bağlı deyil. Məsələn, bizim hansısa bir telekanalda kadrda "Abxaziya və Osetiya Gürcüstandır!" yazılsa, sonra buna görə üzr istənilsə, "İmedi" rəhbərliyinə necə təsir edər?

Qaldı məsələnin digər tərəfinə - Azərbaycanın rəsmi şəkildə buna etiraz etməməsinə. Daha doğrusu, Azərbaycanın Gürcüstandakı səfirliyinin susqunluğuna. Neçə gündür ki, məsələ müzakirədədir, amma Gürcüstandakı səfirliyimiz sanki "qış yuxusundadır". Bəlkə, heç orda səfirliyimiz yoxdur? Varsa, buna niyə reaksiya vermir?

Düzdür, Gürcüstan hökumətinə etiraz edilsə, rəsmi Tiflisdən yəqin ki, belə cavab veriləcək: "Bu, Gürcüstanın rəsmi mövqeyi deyil. "İmedi" müstəqil telekanaldır, onların yanaşması rəsmi Tiflisin yanaşması deyil".

Tamam, anladıq. Bəs səfirliyin telekanala etiraz etməsi, üzr istətməsi bu qədər çətindir? Axı "İmedi"yə üzr istədən Ermənistan səfirliyidir... Biz, şəxsən mən səfirliyimizdən ciddi reaksiya gözləyirəm. "İmedi" Qarabağın Azərbaycan olması faktına görə üzr istəyirsə, bir zəhmət, indi də üzr istədiyinə görə bizdən üzr istəsin. İndi söz əlaqədar təşkilatlarındır.

Müəllif: Anar Bayramoğlu