Paşinyan “odla oynayır”? - Prezident xəbərdarlığa ehtiyac duyursa...

Siyasət

17.06.2022 - 10:40

Deputat: “Ermənistan öhdəliklərini yerinə yetirməsə, özünə çox ciddi problemlər yaradacaq”

Politoloq: “Ermənistan tərəfi maraqlıdır ki, Rusiya qoşunları uzun müddət Qarabağda qalsın”

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində diqqətçəkən açıqlamalar verib. Məsələn, deyib ki, Ermənistandan yenidən “Dağlıq Qarabağın statusu” açıqlamaları eşidilir və bununla özləri üçün təhlükə yaradırlar: “Çünki “Dağlıq Qarabağ” yoxdur. Dağlıq Qarabağ Muxtar vilayəti 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib”.

“Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoysa, bizim başqa seçimimiz qalmayacaq. Biz də həmçinin Ermənistanın ərazi bütövlüyünü sual altına qoyacağıq”, - deyə dövlət başçısı bildirib.

Prezident daha sonra qeyd edib ki, rəsmi Tbilisi Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri səviyyəsində Gürcüstanda üçtərəfli görüş keçirilməsini və dialoqa start verilməsini dəstəkləsə də, Ermənistan bundan imtina edir: “Bizim bununla bağlı mövqeyimiz ortadadır və bu təşəbbüsə çox müsbət yanaşırıq. Bir neçə Avropa institutu da eyni təklifi səsləndirir. Lakin Ermənistan yenə bundan imtina edir”.

İlham Əliyevin açıqlamalarını AYNA-ya şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə hesab edir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, özünə çox ciddi problemlər yarada bilər: “Ermənistan üçün tarixi fürsət yaranıb ki, qonşulara qarşı ərazi iddialarına son qoyaraq normal bir dövlətə çevrilsin. Azərbaycanın və Türkiyənin təklifinə əsasən imkanları var ki, normal əməkdaşlıq və tərəfdaşlıq münasibətlərindən faydalana bilsinlər. Çox təəssüf ki, onlar revanşist ideyalarından və ərazi iddialarından əl çəkmirlər. Bu siyasəti davam etdirəcəklərsə, heç şübhəsiz ki, çox ciddi təhlükələrlə üzləşəcəklər”.

“Prezident İlham Əliyev bununla bağlı aydın mövqe ifadə edir və bu, beynəlxalq hüquq normaları ilə tənzimlənir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edərsə, yenidən ərazi iddiaları ilə çıxış edərsə, öz üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməsə, o zaman vəziyyət yenidən gərginləşə bilər. Bu isə ilk növbədə Ermənistanın özü üçün təhlükə yaradacaq. Yaxşı olardı ki, rəsmi İrəvan bunu nəzərə alsın və revanşist iddialarından əl çəksin”, - deyə həmsöhbətimiz bildirib.

Deputat əmindir ki, Ermənistan öz üzərinə götürdüyü öhəliklərə qeyd-şərtsiz əməl etməsə, özünü yeni təhlükələrlə üz-üzə qoyacaq: “O ki qaldı Prezident İlham Əliyevin Gürcüstanda üçtərəfli görüş təşəbbüsündən Ermənistanın imtina etməsinə, bu da revanşist siyasətin davamı kimi qiymətləndirilə bilər. Əgər onlar regiona sülhün və barışın gəlməsini istəyirlərsə, o halda bu təşəbbüslərə müsbət cavab verməlidirlər. Sülhə yönəlik bütün təşəbbüslər təqdirəlayiqdir və rəsmi Tbilisinin üçtərəfli görüş təşəbbüsü də yüksək qiymətləndirilməlidir. Lakin tarixi təcrübəyə istinad etsək, görərik ki, Ermənistan bütün dövrlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edib. Bu, əvvəllər də belə idi, indi də”.

“Bütün bunlarla belə, onlar unutmamalıdırlar ki, 44 günlük Vətən müharibəsində Ermənistanın işğalına son qoyulub. Tarixi ədalət bərpa olunub və bundan sonra onların artıq geriyə yolu yoxdur. Moskva, Soçi və Brüssel görüşlərindən sonra da Ermənistanın yenidən oyunlar oynaması, vaxt qazanmağa çalışması onu uçuruma sürükləyir. Bu oyunların isə çox ağır bədəli ola bilər”, - deyə Mollazadə vurğulayıb.

Politoloq Mehman Əliyev mövzuya dair AYNA-ya açıqlamasında söyləyib ki, Ermənistan müharibə başa çatandan sonra status məsələsini şərt kimi irəli sürməyə çalışır: “Delimitasiya, sülh sazişinin imzalanması, infrastrukturun bərpa edilməsi, yolların açılması ilə bağlı müzakirələri də məhz bu səbəbdən uzadırlar. ABŞ, Avropa Birliyi və Rusiya istəyir ki, delimitasiya və sülh sazişinin hazırlanması istiqamətində müzakirələr intensivləşsin. Bu məsələdə israrlıdırlar. Ona görə də Ermənistanda nümayişlər davam edir. Müxalifət mitinqlər keçirir, Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər”.

“Azərbaycan Prezidenti İlham Əliyev deyəndə ki, artıq ATƏT-in Minsk Qrupu yoxdur, bununla həm də status məsələsinin bitdiyini bəyan edir. Çünki Minsk Qrupunun əsas məqsədi statusun müəyyən edilməsi idi. Əslində müharibə bitib və status-kvo bərpa olunub. Bu səbəbdən statusla bağlı müzakirələrə də ehtiyac yoxdur. Artıq bu məsələ tarixdə qalıb. Yaxşı olardı ki, Ermənistan da bunu nəzərə alsın. Əks halda vəziyyəti yenidən gərginləşdirməyə xidmət edəcəklər. Düzdür, Ermənistan rəhbərliyi də bunu anlayır, sadəcə zaman uzatmağa çalışırlar”, - deyə müsahibimiz qeyd edib.

Siyasi şərhçinin fikrincə, Ermənistan Rusiya ilə Azərbaycanı üz-üzə qoymağa çalışır: “Ermənistan son zamanlar daha çox Rusiyaya istinad etmək istəyir. Çalışır ki, müxtəlif mexanizmlərlə Moskva bu münaqişədə aparıcı rol oynasın. Ermənistan tərəfi maraqlıdır ki, Rusiya qoşunları uzun müddət Qarabağda qalsın. Onlar Rusiya ilə Azərbaycan arasında münaqişənin yaranmasına səy göstərirlər”.

“Bu səbəbdən Avropa Birliyinin təşəbbüsü ilə Gürcüstanda üçtərəfli görüşün keçirilməsindən də boyun qaçırırlar. Çünki hakimiyyətdə kimin olmasından asılı olmayaraq Ermənistan Rusiyanın təsiri altındadır və Moskvanın regionda rolunu artırmağa çalışırlar. Necə ki, bu vaxta qədər bu siyasət yürüdülüb, indi də bu davam edir”, - deyə Əliyev fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev