Ermənistan cəmiyyəti ayılır: pisin pisindənsə, pisin yaxşısı

Dünya

22.04.2022 - 20:15

Tevos Arşakyan: "Bizi niyə meydanlara çağırırlar? Xalqımızın çox ehtiyacı olan birliyi naminə? Əlbəttə, xeyr!”

İlqar Vəlizadə: “Belə mitinqlər effekt verməyəcək, kütləvi aksiyalarla Paşinyanı devirə bilməyəcəklər”

Bir həftəyə yaxındır ki, İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı siyasətinə qarşı bəzi müxalif qrupların piketi keçirilir. Ermənistan Milli Assambleyasının müxalif “Şərəfim var” fraksiyasının rəhbəri, “Rodina” Partiyasının sədri Artur Vanetsyan İrəvanın mərkəzi meydanında oturub, xalqı Paşinyan hökumətinə qarşı qaldırmağa, piketin kütləvi aksiyaya keçməsinə, böyük mitinqlərin olmasına və Nikolu devirməyə səsləyir. Lakin bir həftədir ki, 50-100 nəfər civarında şəxs Vanetsyanın səsinə səs verir. 

Bu gün müxalifətçi vətəndaşlara yenidən çağırış edib: "Mən vətəndaşları daha fəal olmağa, Azadlıq meydanına gəlməyə, mübarizəyə qoşulmağa çağırıram. Bu, Ermənistan, Artsax və erməni xalqı naminə mübarizədir".

Meydanda çadır qurmaq istəyən Artura erməni polisi imkan verməyib. Vanetsyan polisin niyə çadırların qurulmasına icazə vermədiyi sualını cavablandırarkən belə deyib: “Düşünmürəm ki, bu, sadəcə polisin qərarıdır. Bu, siyasi qərardır. Azadlıq meydanında başlayan hərəkatın hər gün daha da gücləndiyini görən siyasi hakimiyyət birtəhər bu hərəkatı yatırmağa çalışır. Amma əminəm ki, buna nail olmayacaqlar”.

Vanetsyanın aksiyasına paralel olaraq daha bir aksiya keçirilir. Onlar İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə olmuş Nver Kirakosyan və Artur Avaqyandır. Bu şəxslər də Ermənistan hakimiyyətinin Qarabağla bağlı siyasətinə etiraz etdiklərini bildirir və aprelin 17-dən etibarən Azadlıq meydanında aclıq aksiyası keçirirlər. Kirakosyan və Avaqyan döyüş yoldaşlarını, gənc mütəxəssisləri, tələbələri və ziyalıları meydana gəlməyə səsləyirlər. Lakin Vanetsyanın çağırışı nəticəsiz qaldığı kimi, döyüşçülərin də səsinə səs verən olmur.

Erməni analitiklər bildirirlər ki, bu piketlər, aksiyalar böyük mitinqlərə, kütləvi etiraz dalğasına səbəb olmayacaq. Çünki erməni xalqı nə aksiya keçirən keçmiş qaniçənlərə inanır, nə də sosial çətinlik içərisində inlədiyinə görə "Artsax" haqqında düşünür. 

Məsələn, erməni analitik Tevos Arşakyan mitinqləri sərt tənqid edən məqalə ilə çıxış edib. Siyasi icmalçı vurğulayır ki, erməni müxalifəti indiki hökumət başçısını və onun komandasını hakimiyyətdən uzaqlaşdırmaq üçün hansısa “yol xəritəsi” arzusundadır, amma bunun üçün şanslarının son dərəcə aşağı olduğunu dərk etmirlər.

Arşakyan belə davam edir: "Məsələ təkcə indiki hakimiyyətin arsenalında mövcud olan repressiya aparatında deyil. Xatırladım ki, 2018-ci ilin yazında Serj Sarkisyanın repressiya aparatı heç də zəif deyildi və buna baxmayaraq, bu aparat onu devrilməkdən xilas edə bilmədi. Məsələ ondadır ki, məyusluq və depressiyaya baxmayaraq, sosial-iqtisadi və məişət vəziyyətinin çox ləng yaxşılaşmasına baxmayaraq, xalq keçmişdə hakimiyyətdə olmuşların hakimiyyətinin bərpasını istəmir. Nikolu və onun komandasını nə qədər tənqid etsək də, yenə də onun pislər içərisində ən yaxşı olduğunu etiraf etmək üçün cəsarətimiz olmalıdır".

"Bəli, cəmiyyət indi həddindən artıq qütbləşib. Bəs, görək nə qədər insan müxalifətə dəstək üçün küçələrə çıxır? Min? 10 min? Maksimum 15 min? Bu, Paşinyanı devirə biləcək etiraz elektoratı kütləsi deyil. Çünki cəmiyyətin əksəriyyəti keçmişə xor baxır və müxalifətdəkilər üçün barrikadalara getməyə hazır deyil. Üstəlik, sadə insanlar müxalifətin əsas qüvvələrinin - “Ermənistan” və “Şərəfim var” bloklarının qorxaqlığını görür", - deyə Arşakyan əlavə edib.

Analitik Vanetsyanın etiraz piketlərinə də istehza ilə yanaşıb: "Yaxud müxalifətin daha bir riyakar, qarmaqarışıq “lideri” – “Rodina” Partiyasının sədri Artur Vanetsyan vətəndaşları Azadlıq meydanına fəal şəkildə dəvət edir. Hansı ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru olduğu zaman özünü bütün dünyaya rüsvay etmişdi. Vanetsyanla Sasun Xaçatryanın “1 mart işi”ni müzakirə etdiyi telefonunun dinlənilməsi qalmaqalını nəzərdə tuturam. Axı bu adamın rəhbərlik etdiyi qurum Ermənistanın milli və dövlət maraqlarının keşiyində dayanmalı idi?! Özünü qoruya bilməyən, telefonu dinlənilən Vanetsyan milli təhlükəsizliyi necə qoruya bilərdi? Və sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın Vanetsyanla telefon danışıqlarını dinləməsi ilə bağlı növbəti qalmaqal yaşandı. İndi də Ermənistanın maraqları uğrunda döyüşçü formasını geyinir. Gülməlidir, vallah".

"Bizi niyə etiraz aksiyalarına çağırırlar? Xalqımızın çox ehtiyacı olan birliyi naminə? Əlbəttə, yox. Müxalifət bizə nə təklif edir? Vəziyyətdən hansı çıxış yolunu təklif edirlər? Bəli, köçəryanlar və serjiklər Qarabağdakı vəziyyəti, məğlubiyyətimizə möhür vuran hərbi əməliyyatların dayandırılması ilə bağlı Üçtərəfli Birgə Bəyanatı ağızları köpüklənərək tənqid edirlər. Amma eyni zamanda, açıq şəkildə demirlər ki, həmin sənəddən imtina edəcəyik. Çünki onlar da başa düşürlər ki, orada Putinin imzası var. Onlar sadəcə hesab edirlər ki, Rusiya ilə münasibətləri Paşinyandan daha yaxşı qura bilərlər. Bəs bizim məğlubiyyətimizə töhfə verən və indi əzablı Artsaxdan qalanı əlimizdən almağa çalışan Putin Rusiyası deyilmi? Müxalifət itirilmiş əraziləri geri qaytarmağa söz verirsə, bəs bunu necə edəcəklər? Əlbəttə, bunun yolunu bizə demirlər", - deyə siyasi icmalçı vurğulayır. 

Arşakyan fikirlərini belə tamamlayır: "Xalq Paşinyanı danlasa da, ürəyində anlayır ki, indiki geosiyasi şəraitdə, yol boyu Moskvanın, Bakının, Ankaranın və Brüsselin maraqlarının üst-üstə düşdüyü bir vaxtda bizim geri dönmək variantımız yoxdur. Beləliklə, pisin ən pisindənsə, pisin ən yaxşısının hakimiyyətdə olması daha yaxşıdır. Etiraf etmək nə qədər kədərli olsa da...".

Azərbaycanlı politoloq İlqar Vəlizadə də hesab edir ki, erməni müxalifətinin aksiyaları nəticəsiz olacaq. Analitik AYNA-ya şərhində bunun bir çox səbəblərinin olduğunu söyləyib.

Onun sözlərinə görə, erməni cəmiyyəti aksiyalara qoşulmur: "Baxaq, görək, nə qədər adam aksiyaya gəlir? Mindən çox adam etiraza qatılmır. Bütün hallarda, bu, situativ xarakterli etirazlardır. Məsələn, aksiya keçirənlərdən biri Vanetsyandır ki, onun kim olmasına, məqsədinin nə olduğuna baxmaq lazımdır. Vanetsyan belə siyasi fəallıq nümayiş etdirir ki, ona sponsorlar dəstək versinlər. Belə deyək, onun "çörəyi" aksiyalardan çıxır. Onun böyük biznesinin olduğu haqqında ciddi informasiyalar yoxdur, zavodu, fabriki yoxdur. Bu, hardansa dolanmalıdır axı. Siyasi fəallıq göstərərək, siyasi çəkisini artırmağa, gündəmdə qalmağa çalışır və bununla gəlir mənbələri axtarışındadır. Sadə dillə desək, adam pul qazanmaqla məşğuldur". 

"Belə aksiyaların keçirilməsi üçün sponsorlar var ki, Vanetsyan kimilərinə, digərlərinə sifariş verirlər. Artur aksiya keçirməsə, gedib meydanda yatmasa, siyasi gündəmdən çıxacaq, pulundan olacaq. Sponsorlar da əsasən xaricdə yaşayan ermənilərdir. Məlumdur ki, diaspor dairələrinin Paşinyanla şəxsi qərəzləri var, Nikola nifrət edirlər. Eyni zamanda, erməni diasporunun Ermənistanda siyasi məqsədləri var ki, bu yolda da Vanetsyan kimilərinə pul verirlər, təxribat xarakterli addımlar atmasını sifariş edirlər", - deyə politoloq vurğulayıb. 

Həmsöhbətimizin dediyinə görə, erməni cəmiyyəti problemlər girdabında çabalayır və onların aksiyaya getmək heyləri qalmayıb: "Ermənistanda sosial böhran yaşanır, sosial təminat sıfırdır. Xaricdən olan maliyyə transferləri xeyli azalıb. Əvvəllər Rusiyadan maliyyə çox gəlirdi, indi isə vəziyyət məlumdur. Camaat gündəlik problemləri necə həll etmək barədə düşünür. Vanetsyan isə deyir ki, "gəlin, Azərbaycana, Türkiyəyə müqavimət göstərək". Sadə erməni ordan keçəndə bunu eşidir və deyir: "işinlə məşğul ol, problemlər içərisindəyəm, sən də deyirsən, müharibə edək". Vəziyyət təxminən belədir".

"Sadə ermənilər sülh istəyirlər, Paşinyanın bu yöndə addım atmasını istəyirlər. Ona görə ki, insanlar beziblər. Paşinyan onlara təklif edir ki, Azərbaycan və Türkiyə ilə yollar açılsın, münasibətlər normallaşsın, gündəlik problemlərin həllinə başlanılsın. Eyni zamanda, Paşinyana dəstək olan Avropa İttifaqının nə dediyinə baxmaq lazımdır. İttifaq deyir ki, "biz sizə dəstək olmağa, pul ayırmağa hazırıq, amma o şərtlə ki, pul xeyir gətirsin". Yəni, Ermənistana təklif olunur ki, qonşularla normal münasibətlər yaratsın, blokadadan çıxsın, sülhdən yana olsun. Erməni cəmiyyəti o qədər də ağılsız deyil, bunu görür, dərk edir. Ona görə də belə mitinqlər effekt verməyəcək, kütləvi aksiyalar keçirib, Paşinyanı devirə bilməyəcəklər", - deyə Vəlizadə əlavə edib. 

Politoloq xatırladıb ki, bu gün erməni müxalifətindəkilər keçmişdə hakimiyyətdə olublar: "Vaxtilə Ermənistanı talayan köçəryanlar, sarkisyanlar indi yenidən hakimiyyətə gəlmək istəyirlər. Vanetsyan da onların yanında olan bir adamdır. Ermənistan balaca ölkədir, hər kəs bir-birini çox yaxşı tanıyır. Ermənilər deyirlər ki, bunlar yenidən hakimiyyətə gəlsələr, yeni bir şey olmayacaq, korrupsiya, büdcədən oğurluq olacaq. Bu baxımdan, cəmiyyətin böyük əksəriyyəti Paşinyanı istəməsə belə, onun qalmasında maraqlıdır. Pislər içərisindən daha az pisi seçirlər".

Müəllif: Anar Bayramoğlu