Elina cinayəti ədalətə sarı gedir, yoxsa zülmətə doğru?

Cəmiyyət

15.09.2019 - 21:21

Nicat Gözəlov: “Elinanın simasında insan hüquqları naminə doğruları müdafiə etmək lazımdır”

 

Bu ilin aprelində 162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın işi ilə bağlı son məhkəmə prosesi yenə də etirazlarla yadda  qalıb. Səbayıl rayon məhkəməsində  Azər Tağıyevin hakimliyi ilə keçirilən hazırlıq iclasında jurnalist və ictimaiyyət nümayəndələri iclasa buraxılmayıblar.

 

Buna etiraz edən aktivist Ülvi Həsənli AYNA-ya verdiyi məlumatda belə deyib: “Hazırlıq prosesində jurnalist və ictimaiyyət nümayəndələri iştirak edə bilmədi. Buna belə izah verdilər ki, zal balacadı. Amma Səbail məhkəməsi cəmiyyətin diqqətində olan bu proses üçün böyük zal təyin etməlidir. Növbəti məhkəmə ayın 18-i saat 10:00-a təyin edilib. Elinanın valideynləri və vəkilləri məhkəmə prosesinə ictimaiyyətin, medianın diqqətinin olmasında maraqlıdırlar. Onlar hazırlıq iclasından sonra bu barədə açıq bildirdilər. Çünki prosesin gedişatından da ciddi narazıdırlar”.

Image result for ülvi həsənli elina

“Vəkilləri bildirdilər ki, ədalətli məhkəmə qərarının olmamasında maraqlı olan şəxslər qəsdən ailə ilə bağlı şaiyələr yayırlar. Guya ailə kimlərinsə qarşısında nəyinsə müqabilində öhdəlik götürüb ki, danışmayacaqlar, ictimaiyyəti, medianı prosesdən uzaq tutacaqlar. Vəkillərin sözlərinə görə isə qətiyyən belə deyil. Ailə ədalətli qərarının verilməsini, direktorun, həkimlərin və Elinanı intihar həddinə çatdıranların cəzalanmasını tələb edir. Ona görə də cəmiyyətin prosesə diqqət ayırmasında, məhkəmələrdə iştirakında xüsusilə maraqlıdırlar”, - deyə o, qeyd edib.

 

Ü.Həsənlinin sözlərinə görə, son məhkəmə prosesi intihar həddinə çatdırma maddəsi üzrə 125-ci maddəyə xitam verib: “Elinanı intihar həddinə çatdıran şəxsi, yaxud şəxsləri müəyyənləşdirmək nə çətin işdir? Hazırlıq iclasında vəkillərin üç vacib vəsasətindən ikisi qəbul edilmədi. Yalnız bir vəsasət? icraata götürüldü. Amma Azərbaycan hüquq sistemindən bəllidir ki, o da yekun qərarda təmin olunmayacaq. Çünki bu vəsadətdə həm Təhsil Nazirliyi, həm də direktora qarşı 100.000 manatlıq mülki iddia qaldırılıb. Bunun da təmin olunması bizim məhkəmə sistemində çətin məsələdir. Elina üçün ədalətli qərar gözləyiriksə, onun müdafiəsi üçün əlbir olmalıyıq”.

Image result for kəmalə ağazadə

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə AYNA-nın əməkdaşı ilə söhbətində bildirib ki, Cinayət Məcəlləsinin (CM) 125-ci maddəsinə xitam verilməsi hələ prosesin bitməsi deyil: “Həm də cinayət işinin məhz bu maddə ilə açılmasını başa düşə bilmirəm. Çünki bu məqamda  məktəb direktoru Sevinc Abbasovanın təqsirinin nə dərəcədə olması məlum deyil, ola bilər ki, Elinanı ölüm həddinə çatdıran başqa amillər də olub. Əslində, bu maddə üzrə cinayət işinin açılması əvvəldən də məntiqli deyildi”.

 

“İndi son məlumatlarda qeyd olunur ki, valideynlər tərəfindən təzminat iddiası da qaldırılıb. Bu, maddi məsələlər ilk iddiada qaldırılan məqsədlə doğru gəlmir axı. Təzminat davası olar, amma ortada bir qız uşağının ölümü var, bu məsələnin üstü tam açılmamış başqa məsələ haqqında danışmaq olmaz”, - deyə K. Ağazədə vurğulayıb.

 

Uşaq hüquqları üzrə ekspertin fikrincə, məhkəmə prosesi zamanı Elinanın  valideynlərinin yanaşmaları da yaxşı təsir bağışlamır: “Elina bir qurban oldu, onun ölümü cəmiyyətdə ciddi problemlərin olduğunu xatırlatdı. Biz də həmişə bu barədə danışırdıq, hadisədən dərhal  sonra da bir neçə orta məktəbdə ciddi məsələlər qaldırdıq, məktəblərdə psixoloqların tək ştatda deyil, ciddi fəaliyyət göstərməsini tələb etdik. Bütün  orta məktəblərdə kamera quraşdırılması məsələsini aktivləşdirdik. Çoxu deyir ki, istintaq niyə bu qədər uzanır, amma görünür ciddi araşdırmalara hələ də ehtiyac var. İnanıram ki, nəticə ədalətdən sarı olar”.

 

Məlumat üçün deyək ki, Elina cinayəti CM-nin 125-ci maddəsi ilə başlasa da, hələlik 143-cü maddə (təhlükədə qoyma, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə) və 314.2 maddəsi (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) ilə davam edir. Birinci maddəyə görə,  üç yüz manat məbləğində cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İkinci maddəyə görə isə 5 ilədək azadlıqdan məhrumolma cəzası nəzərdə tutulur.

Hüquqşünas Nicat Gözəlov AYNA-ya açıqlamasında deyib ki, 125-ci maddənin xitamının əsası aydın deyil: “Yəqin nəzərdə tutulur ki, həmin şəxsin cinayətə aidiyyəti yoxdur. Sözsüz, direktorun tabeçiliyində olan şəxslərin ittiham olunan şəxsin xeyrinə ifadə verməsi təbiidir, bunu haradasa anlamaq olar”.

 

Gözəlovun sözlərinə görə, Elinanın müdafiəsinə qalxan vəkillər kifayət qədər savadlı, təcrübəli və prinsipialdırlar: “Lakin izlədiyim prosesin gedişatında bir çox məsələlərdən səs-soraq eşitmədim. Misal üçün, güya aptekdə ağrıkəsici dərmanın tapşırıqla, bir zənglə verilməsi məqamı vardı, yaxud zərərçəkmişə münasibətdə həkimlərin səhlənkarlığı araşdırılmayıb. İddia olunur ki, Elina hansısa asılılıq nəticəsində özünə qəsd edib. Amma hüquqşünaslar da hesab edirlər ki, bir kəsin ölüm həddinə çatması üçün onun hansısa səbəbdənsə maddi, psixoloji asılılıq vəziyyətində  olması şərt deyil. Həmin insanı normal vəziyyətindən çıxarıb, özünü öldürmə həddinə çatdırmaq mümkündür”.

 

N.Gözəlov bildirib ki,125-ci maddəyə xitam verilməsi artıq mülki iddianın (100 min manat) rədd olunmasına əsas verir: “Bəlkə də xitam elə bu məqsədlə həyata keçirilib. Məhkəmə təcrübəsində, adətən hazırlıq iclasında maddəyə xitam verilmir. Burada əsas məqamlardan biri direktorun özünü heç təqsirli hesab etməməsidir, uşaq ölümündə hər hansı məsuliyyətini dərk etməməsidir. Elə bil hər şey düşünülmüş ssenari üzrə gedir”.

 

N.Gözəlov bir daha vurğulayıb ki, bu gün məktəbə gedən uşaqların hər hansı sığortası yoxdur, bu məsələyə cəmiyyət tərəfindən ciddi tələb olmalıdır: “Hər kəsin ailəsi, övladı var. Dərin problemlərin olduğu vəziyyətdə həmrəy olub ciddi addımlar, həll yollarına dair təkliflər irəli sürülməlidir. Ona görə də Elina cinayətində ədalət üçün ayrıseçkilik etmək olmaz. Elinanın simasında insan hüquqları naminə doğruları müdafiə etmək lazımdır”.

Müəllif: Raminə Eyvazqızı