Jurnalisitlərə dini ekstremizmə qarşı mübarizə mövzusunda seminar keçirilib
“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi “Dini ekstremizmə qarşı mübarizədə, tolerantlıq dəyələrinin təbliğində KİV-in rolu” mövzusunda jurnalistlər və sosial şəbəkə fəalları üçün seminar keçirib. AYNA xəbər verir ki, seminarı giriş sözü ilə İctimai Birliyin sədri Azər Rəşidoğlu açıb.
O, layihə fəaliyyətləri barədə iştirakçılara məlumat verib: “Dini ekstremizm xaricdən ekspansiya olunan ən təhlükəli meyllərdən biridir. Ölkədə mövcud dini etiqad azadlığından sui-istifadə edən radikal ünsürlərin fəaliyyətinin qarşısının alınmasının ən effektiv yolu marifçilikdir. KİV bu istiqamətdə çox böyük potensiala malikdir və jurnalistlərin bu mövzularda yetərli bilik və bacarığa malik olması çox əhəmiyyətlidir. Bugünkü seminarın keçirilməsində məqsəd bu mövzuda jurnalistlərin və sosial şəbəkə fəallarının bilgilərinin artırılmasına yardım göstərməkdir”.
A.Rəşidoğlu dini ekstermizmə qarşı mübarizədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin effektiv fəaliyyət göstərdiyini vurğulayıb.
Bundan sonra tədbir araşdırmaçı jurnalist Rəsul Mirhəşimlinin moderatorluğu ilə davam edib. Seminarda Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktrou Anar Qafarov “Dini ekstermizm təhdidlərinin qarşısının alınmasında KİV-in rolu və vəzifələri”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Saleh Aslanov isə “Azərbaycanın tolerantlıq modeli” mövzusunda məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, seminar “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Dini ekstremizmə qarşı mübarizədə, tolerantlıq dəyərlərinin təbliğində KİV və vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində keçirilib.