“Dünyada ikinci bir millət tapılmaz ki, bu fəlakəti almanlar kimi dərk etsin”

Dünya

19.05.2022 - 14:16

Ramil İbrahimov: “Alman cəmiyyətində Ukraynaya silah verilməsi ilə bağlı fikir ayrılığı var”

Almaniyada yaşayan azərbaycanlı jurnalist Ramil İbrahimov AYNA-ya müsahibəsində Ukrayna müharibəsi, bu müharibənin Avropaya təsirləri, mövcud vəziyyət və gözləntilər barədə fikirlərini bölüşüb. Beləliklə:

- Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün ilk vaxtlarında Fransa və Almaniya daha çox neytrallıq göstərirdi. Lakin sonradan hər iki ölkə Rusiyaya qarşı sərt sanksiyalara qoşuldu. Parisi və Berlini belə dönüş etməyə sürükləyən səbəblər nədir?

- Hələ Ukrayna müharibəsi başlamamışdan əvvəl alman mətbuatında belə bir ifadə yer almışdı: “Rəsmi Berlin bir tərəfdən Rusiyanı məhvedici potensialı olan təhlükəli bir qüvvə olaraq görür, digər tərəfdən isə Avropanın təhlükəsizliyinin Rusiyaya qarşı deyil, Rusiya ilə birlikdə təmin olunacağını düşünür”. Müharibə başlayandan sonra da Almaniyadakı koalisiya hökumətinin ortaq fikri Rusiyaya qarşı Ukraynanı silahlandırmağın əleyhinə idi. Federal hökumət silah yardımının diplomatik həll səylərinə də zərər verəcəyini düşünürdü. Ən mühüm arqumenti də silah tədarükünün Almaniya və NATO-nun müharibə tərəfinə çevrilə biləcəyi və belə bir münaqişənin nüvə müharibəsi ilə nəticələnə biləcəyi qorxusu idi.

Ümumiyyətlə, İkinci Dünya müharibəsindən sonra Almaniya siyasətinin ana xəttini anti-millitarizm təşkil edir. Prioritet olaraq humanitar yardım olunmasına üstünlük verdilər. Bunun təbii ki, iqtisadi səbəbləri də var. Çünki Almaniya təbii qazın yarısını, neftin isə üçdə birini Rusiyadan alır. Hətta mən Almaniyanın adını xatırlamadığım bir xəbər portalında belə bir cümlə oxumuşdum: “Neft və qaz Almaniyanın “Axilles dabanıdır””.

- Konkret olaraq sizin yaşadığınız Almaniyanın anti-Rusiya cəbhəsinə qoşulmasında cəmiyyətin hökumət üzərində basqısı rol oynadımı?

- Alman cəmiyyətində də Ukraynaya silah verilməsi ilə bağlı fikir ayrılığı var. Almaniyanın ARD kanalının 28 aprel tarixli sorğusunda iştirak edən almanların 45%-i Ukraynaya silah verilməsinin əleyhinə, 45%-i leyhinə, 10%-i isə bitərəf mövqe nümayiş etdirib. Lakin daha sonra keçirilən rəy sorğularında Ukraynaya silah çatdırılmasına tərəfdar olanların 55% təşkil etdiyi görülür. Hökumət təbii ki, cəmiyyətin də fikirlərini nəzərə almaq məcburiyyətindədir.

- Cəmiyyət müharibəyə qarşı niyə tərəddüdlü yanaşma sərgiləyir?

- Müharibənin ilk həftələrində almanlarla bu barədə etdiyim söhbətlərdən belə qənaətə gəlirdim ki, hamı Ukraynanı haqlı tərəf kimi görür, amma əksəriyyət nəticə nə olur olsun, müharibə olmasını istəmir. Sadə insanlar müharibənin törətdiyi humanitar və iqtisadi çətinliklərdən qorxurlar. Adi misal gətirim: Ukraynada müharibə başlayandan sonra Almaniya mağazalarında günəbaxan yağı nadir hallarda tapılır. Olanda da limitlə satılır.

- Problem təkcə iqtisadi faktorlarla əlaqəlidir?

- Almanlarla söhbətlərdən gəldiyim şəxsi qənaətimi də bölüşüm sizinlə. Alman cəmiyyətində Ukraynaya silah verilməsinin əleyhinə olanların sayının kifayət qədər yüksək olmasının şüuraltı bir səbəbi var. Almaniya hər iki dünya müharibəsindən məğlubiyyətlə ayrıldı. İkinci Dünya müharibəsindən sonra almanlara dağılmış, parçalanmış dövlət miras qaldı. Bəlkə də, dünyada ikinci bir millət tapılmaz ki, silahlanmanın necə fəlakətə gətirib çıxaracağını almanlar kimi dərk eləsin.

- Hazırda Almaniya Ukraynaya nə kimi hərbi yardım edir?

- Almaniya aprelin sonunda ABŞ, digər müttəfiqlər və Kiyevin özünün təzyiqi ilə ağır silahların  Ukraynaya verilməsi ilə razılaşdı. Almaniya İqtisadiyyat Nazirliyinin məlumatına görə, buna qədər, yəni mart ayının sonuna olan məlumata görə, federal hökumət Ukraynaya 186 milyon avro dəyərində silah təmin olunmasını təsdiqləyib.

- Almaniya iqtisadiyyatının böyük hissəsi Rusiyanın neft-qazından asılıdır. Bu müharibə alman cəmiyyətinin gələcəyə baxışında korrektələr edirmi? Məsələn, “niyə biz bir ölkədən bu qədər asılı olmalıyıq” kimi...

- Almaniya İqtisadi Araşdırmalar İnstitutu (DIW) Almaniyanın qısa müddətdə Rusiya qazından asılılığı azaltmağa dair ssenarilər hazırlayıb. Digər ölkələrdən qaz tədarük etmək və enerji tələbatının 19-26 faizi həcmində qısamüddətli qənaət etmək kimi. Üstəlik hökumət də müştərilərə və şirkətlərə təbii qazdan istifadədə qənaət etmək çağrışı edib. Buna baxmayaraq Rusiya qazından imtinanın Almaniya iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi deyilir. Hətta mətbuatda ölkənin ümumdaxili məhsulunun 6 faizə qədər azala biləcəyi fikirləri yer alır.

Müəllif: İsmayıl Məmmədli