Koronavirusa yoluxanların sayı 13 milyon 954 min 83 nəfərə çatıb
Son sutka ərzində dünyada koronavirusa rekord sayda yoluxma qeydə alınıb. AYNA xarici mediaya istinadən bildirir ki, son 24 saat ərzində 248 min 914 nəfər COVID-19-a yoluxub.
Bununla da dünyada koronavirusa yoluxanların sayı 13 milyon 954 min 83 nəfərə, ölənlərin sayı isə 592 min 791 nəfərə çatıb. Eyni zamanda, 8 milyon 285 min 926 nəfər COVID-19 xəstəsi sağalıb. Müalicəsi davam edən 5 milyon 73 min 160 xəstədən 59 min 934 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ötən sutka ərzində dünyada ən çox yoluxma halı ABŞ-da qeydə alınıb - 73 min 388 nəfər. Bu, həm də ölkə daxilində ən yüksək göstəricidir. Beləliklə, ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 3 milyon 695 min nəfəri ötüb. Bu göstəriciyə görə sonrakı yeri tutan Braziliyada yoluxanların sayı 2 milyon 15 min nəfərə yaxınlaşıb. İyulun 16-da ölkədə yoluxma sayına görə rekordun müəyyən edildiyi Hindistanda isə bu rəqəm 1 milyon nəfəri keçib. Rusiyada 759 min, Peruda 341 min, Cənubi Afrika Respublikasında isə 324 min yoluxma halı aşkarlanıb.
ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir. İlk beşliyə daxil olan Braziliyada 76 min 822, Birləşmiş Krallıqda 45 min 119, Meksikada 37 min 574, İtaliyada isə 35 min 17 nəfər koronavirus səbəbindən həyatını itirib.