Dördüncü Brüssel görüşü: nəticənin olması İrəvanın addımlarından asılıdır

Siyasət

31.08.2022 - 16:50

Deputat: "İrəvan öhdəliklərini icra etsə, bu, Ermənistanın özünə daha çox xeyir verə bilər"

Politoloq: "Rəsmi İrəvan Bakının şərtlərini qəbul etməli, əməli addımlar atmalıdır"

Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüşü keçirilir. Görüş bir neçə dəqiqə olar ki, başlayıb. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüş sayca dördüncüdür. Bundan əvvəlki görüşlərdə liderlər bir sıra məsələlərin həlli istiqamətində razılığa gəliblər. Lakin əksər razılaşmalar rəsmi İrəvan tərəfindən yerinə yetirilməyib. Ermənistan tərəfi istər 10 noyabr 2020-ci ildə, istər 11 yanvar 2021-ci ildə imzalanan bəyanatlarda öhdəsinə götürdüyü öhdəliklərdən imtina edib, həmçinin Brüsseldəki razılaşmaların icrasından boyun qaçırıb. 

Brüsseldə bu gün keçirilən dördüncü görüşdən real addımlar istiqamətində gözləntilər o qədər olmasa da, prosesdə irəliyə doğru daha bir addımın atıldığı qənaəti formalaşıb. Analitiklər bildirirlər ki, liderlərin görüşü Ermənistan üçün daha bir imkandır ki, İrəvan bundan səmərəli şəkildə yararlanmalıdır. 

Milli Məclisin deputatı Asim Mollazadə AYNA-ya bildirib ki, görüşdən müsbət nəticə əldə edilməsi İrəvanın siyasi addımlarından asılıdır. 

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi sülh istiqamətində səmimi addımlar atmalıdır: "Bu halda müsbət nəticədən danışmaq olar. Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bunu təkcə sözdə deməməlidirlər, əməldə də qəbul etdiklərini təsdiqləməlidirlər". 

"Kommunikasiyaların açılması gerçəkləşməlidir, delimitasiya və demarkasiya prosesində müsbət nəticələr əldə olunmalıdır. Bunlar Ermənistanın tutacağı mövqedən asılıdır. Azərbaycanın ərazi bütövlüyünü tanımaq, ərazi iddialarına son qoyduğunu rəsmən bəyan etmək İrəvan üçün lazımdır. Biz onsuz da ərazi bütövlüyümüzü hərbi yolla həll etmişik. İrəvan öhdəliklərini icra etsə, bu, Ermənistanın özünə daha çox xeyir verə bilər", - millət vəkili qeyd edib. 

Deputat hesab edir ki, sülhün əldə olunmasının yeganə yolu Ermənistan rəhbərliyinin qısa müddətdə razılaşmaların icrası istiqamətində addımlar atmasından keçir: "Hesab edirəm ki, Avropa İttifaqı bu prosesi sürətləndirmək üçün dəstək verə bilər. Brüsseldə növbəti görüş bu baxımdan önəmli və təqdirəlaiqdir. Eyni zamanda, iki ölkə arasında qarşılıqlı etimadın yaradılması, xalqlar arasında etimad mühitinin formalaşması lazımdır ki, buna da Avropa İttifaqı yardım edə bilər. Brüssel belə məsələlərdə yetərincə təcrübəyə malikdir. Yenə də deyirəm, bunlarla yanaşı, çox şey İrəvanın mövqeyindən asılıdır. Ermənistan tərəfi konstruktivlik nümayiş etdirsə, sülh istəqamətində müsbətə doğru addım atıla bilər". 

Politoloq Tofiq Abbasov da AYNA-ya şərhində bildirib ki, Brüsseldə müsbət nəticənin əldə edilməsi Ermənistanın mövqeyindən asılıdır: "Gündəlikdə bir çox məsələlər var ki, bunların hamısı çox önəmli məsələlərdir. Razılaşmaların vaxtında icrası regiondakı hazırkı vəziyyətin dəyişdirilməsi üçün vacibdir. Belə görüşlərdən sonrakı dəyişiklik qarşıdurma meyillərinin yavaş-yavaş aradan qalxmasına xidmət etməlidir. Qarşıda kommunikasiyaların açılması, sülh şəraitinə hazırlıq, bərpa-quruculuq, münasibətlərin nizamlanması məsələləri var. Bəzi məlumatlara görə, gündəlikdə əsas mövzu sülh sazişinin mətninin hazırlanmasıdır. Amma buna qədər texniki məsələlər var ki, onlar həllini tapmalıdır. Delimitasiya və demarkasiya prosesi, kommunikasiyaların açılması məsələsi həll olunmalıdır. Eyni zamanda, Ermənistanın üzərinə öhdəlik kimi götürüb, həyata keçirmədiyi vəzifələr həllini tapmalıdır". 

"Ermənistan əvvəlki kimi gözləmə mövqeyindədir və öhdəliklərin icrasını maksimum uzatmağa çalışır. Bununla hesab edir ki, əlverişli şərait yaranacaq. Lakin onlar üçün əlverişli siyasi vəziyyətin yaranacağı mümkünsüz görünür. Bu səbəbdən də, rəsmi İrəvan Bakının şərtlərini qəbul etməli, əməli addımlar atmalıdır.  Azərbaycan proseslərin nəzarətini, həllini öz üzərinə götürüb və dəqiqlik nümayiş etdirir. Ermənilər dəqiq olmadığı üçün Paşinyanın heç bir şansı yoxdur ki, gündəlikdə olan müddəalarla bağlı bizdən nəsə tələb etsin", - analitik əlavə edib.

Politoloqun qənaətincə Brüsseldə konkret mövqe ortaya qoyulmalı, Ermənistandan üzərinə götürdüyü öhdəliklərin icrası tələb edilməlidir: “Azərbaycanın istəyi bəllidir - biz sülhün bərqərar olmasını istəyirik. Ermənistan dəqiq mövqe ortaya qoymaması, mina xəritələri verməməsi kimi məsələlər prosesi ləngidir. Düşünürəm ki, Brüsseldə Paşinyandan öhdəliklərinin tez zamanda icrasına başlaması tələb edilməlidir, məsələ qəti şəkildə qoyulmalıdır. Ümid edək ki, bu görüşdən sonra Ermənistanın mövqeyində konkretlik yaranacaq. Ümumilikdə isə Ermənistan məcburdur ki, Brüssel görüşü üçün hazırlanmış gündəlikdəki bütün məsələlərin həllinə razılaşsın və işə başlasın". 

Müəllif: Anar Bayramoğlu