Primakova həsr olunan sərgi etirazla qarşılanıb
Professor Nəsir Əhmədli ötən gün Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində açılışı olan Yevgeni Primakova həsr olunmuş “Yevgeni Primakov: İnsan və siyasətçi” adlı sərgiyə etiraz edib
AYNA xəbər verir ki, professorun fikrincə, 20 Yanvar faciəsinin 30 illiyi ərəfəsində bu faciənin birbaşa təşkilatçısı, əsas cəlladı olan Y.Primakovun şərəfinə sərginin açılması Şəhidlərin ruhunun təhqir edilməsidir.
Sərgi dərhal dayandırılmalıdır!
Jurnalist Rövşən Kəbirli də həmkarının etirazına qoşularaq belə deyib: “Onun adını 20 Yanvar qırğınının təşkilatçılardan biri kimi siyahıdan çıxarmaqla bəraət verənlər indi də şəninə sərgi təşkil edir, yəqin ki, bir müddət sonra da 20 Yanvar metrostansiyasının üstündə əzəmətli heykəlini də ucaldacaqlar. Dindirəndə də deyirlər ki, biz xalqın iradəsinin icraçılarıyıq. Əslindəsə soy-kökləri qaranlıq zatlardır”.
Qeyd edək ki, bir neçə gün davam edəcək sərgidə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin arxivindən unikal sənədlər və fotoşəkillər təqdim olunur. Yevgeni Maksimoviç Primakov sovet və Rusiya siyasətinə mühüm töhfələr verən tanınmış siyasətçi kimi təqdim olunur.
Məlumat üçün deyək ki, Y.Primakovun 90 illik yubileyi Bakı Slavyan Unuversitetində də xüsusi qeyd olunub. Hətta Universitetdə siyasətçi ilə bağlı esse müsabiqəsi də keçirilib. Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə tədbir keçirilib.