“Deyirlər ki, müharibədən sonra doğulan qızlara “Javelina”, oğlanlara “Bayraktar” adı verilsin”

Dünya

07.04.2022 - 10:22

Qriqori Mavrov: “Putin mayın 7-dək müharibəni başa çatdırıb, parad keçirməyi və “nasizm, Qərb, Ukrayna üzərində qələbə”sini elan etməyi planlaşdırır”

İstanbulda aparılan danışıqların birinci raundunun əhəmiyyətli nəticə verməsi və rus ordusunun Çerniqov, Kiyev və Sumı bölgələrindən geri çəkilməsinə baxmayaraq, bu proses müharibəni dayandıra bilmədi. Bununla belə, bu addımın arxasında ölkənin cənubunda aktiv hərbi əməliyyatlara başlamaq üçün Rusiyanın yenidən qruplaşması ehtiyacının dayandığını düşünən ekspertlər var.

Ukraynalı politoloq və türkoloq Qriqori Mavrov AYNA-ya müsahibəsində hazırda Ukraynada baş verənlərdən, Türkiyənin danışıqlar prosesindəki rolundan danışıb.

- İstanbulda aparılan danışıqların nəticələrindən biri də Rusiyanın Kiyev istiqamətindən geri çəkilməyə başlaması oldu. İndi vəziyyət necə inkişaf edəcək?

- Bu, Ukraynanın şimalında fəaliyyət göstərən bütün rus qrupunun məğlubiyyətinin nəticəsidir. Qalan rus qoşunları geri çəkilməyə başlamasaydı, sadəcə olaraq məhv olardılar. Belə ki, məsələn, Rusiya ordusunun dinc əhaliyə qarşı kütləvi cinayətlər törətdiyi Buça şəhəri ərazisində Ukrayna ordusu praktiki olaraq mühasirə halqasını qapatmışdı və rus qrupunun mövcudluğu üçün bir neçə gün qalmışdı.

Digər ərazilərdə rus ordusu, demək olar ki, 40 gün davam edən bütün bu döyüşlərdə məqsədlərinə çata bilmədi. Onlar nəinki Rusiya Baş Qərargahının planlaşdırdığı kimi Kiyevi ələ keçirmədilər, hətta bir çox başqa şəhərlər də Rusiya ordusunun hesab etdiyindən daha güclü oldu. Sumı və Çerniqov ayaqda  qaldı və bunlar Ukraynanın şimal-şərqinə nəzarət etmək üçün əsas şəhərlərdir. Ona görə də danışıqlardan asılı olmayaraq, Rusiyanın geri çəkilməsi istənilən halda baş verəcəkdi.

Yeri gəlmişkən, geri çəkilməyin düzgün termin olduğuna əmin deyiləm. Foto və video cihazları ilə qeydə alınan məlumatlara əsasən, Rusiya hərbçiləri sadəcə geri çəkilməyib, özləri ilə birlikdə qənimətlə yüklənmiş avtomobilləri, habelə qaçışdan sonra güllələdikləri girovları götürərək qaçıblar. Belə bir ordunun ümumilikdə necə döyüşə qadir olduğu mübahisəlidir, lakin Rusiya komandanlığının bütün qüvvələrini Donbasda Birləşmiş Qüvvələr Əməliyyatı (BQƏ) zonasına köçürməyə çalışacağı göz qabağındadır.

- Bu danışıqlar prosesində Türkiyənin rolu nədən ibarətdir? Rusiya Türkiyənin Ukraynanın təhlükəsizliyinin qarantı olmasına dözəcəkmi?

- Türkiyə sülhməramlı kimi çox fəal və çox uğurludur. Gördüyümüz kimi, bir çox ölkələr bu müharibədə vasitəçi kimi çıxış etməyə çalışıb. Qazaxıstandan İsrailə qədər, ancaq Türkiyə Rusiya və Ukrayna nümayəndələrini İstanbula toplaya bilib. Düşünürəm ki, Türkiyə əlindən gələni edir və aydındır ki, Ərdoğan şəxsən müharibəni bitirmək üçün inanılmaz səylər göstərir, lakin son söz hələ də Putindədir. Danışıqlar üçün Türkiyə ideal variantdır, ilk növbədə ona görə ki, həm Rusiya, həm də Ukrayna tərəfi türk həmkarlarına güvənir. Ona görə də Türkiyənin alternativi yoxdur və çox güman ki, sülh müqaviləsi imzalansa, bu, yalnız Türkiyədə baş verəcək.

Rusiya Ukraynanın təhlükəsizliyinin qarantı kimi Türkiyəyə dözməyə hazırdır. Əslində Rusiya Türkiyənin Ukraynanı ən son və yüksək dəqiqliyə malik silahlarla təchiz etməsi ilə çoxdan barışıb ki, bunun da effektivliyi “Bayraktar”ın üzərində işlədikdən sonra məğlub olan rus kolonlarını əks etdirən çoxsaylı videolarda görünür. Ukraynada onsuz da zarafat edirlər ki, müharibədən sonra qız doğularsa, ona “Javelina”, oğlan olarsa, “Bayraktar” adı qoymaq lazımdır. Üstəlik, müharibə başlayandan sonra Rusiyanın ciddi və nüfuzlu tərəfdaşları yox idi, ona görə də Türkiyənin rolunu qiymətləndirməmək çox çətindir.

- Ukrayna ətrafında mövcud vəziyyəti necə qiymətləndirirsiniz? Bu müharibə nə vaxta qədər davam edəcək?

- Hərbi əməliyyatların inkişafı üçün çox ehtimal olunan iki ssenari var. Birinci ssenari: Rusiya tərəfi 2022-ci il mayın 7-dək müharibəni özü üçün maksimum fayda ilə başa vurmağa çalışacaq. Bu tarix Putinin Baş Qərargah qarşısında şəxsi tələbi ilə bağlıdır. Putin parad keçirməyi və görünür, “nasizm, Qərb və Ukrayna üzərində qələbə”sini elan etməyi planlaşdırır. Ona görə də Rusiya tərəfi ən azı bir neçə uğur nümayiş etdirməli və ya tərtib etməlidir ki, müharibə bitməsə, bu, çox çətin görünür. Rusiyada təbliğat o qədər təsirli olur ki, Putin nə istəsə, deyə bilər və xalq “nasizm üzərində qələbəni” və növbəti uğurlu “lənətə gəlmiş Qərbə cavabı” sevinclə qeyd edəcək.

İkinci ssenari: Göründüyü kimi, bütün əsas qüvvələr Rusiya ordusunun Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatması lazım olan BQƏ zonasına köçürüləcək. Hücumun uğurlu olub-olmamasından asılı olmayaraq, Rusiya hərbi əməliyyatları tədricən dondurmağa keçəcək. Fakt budur ki, növbəti hücum üçün heç bir qüvvə qalmayıb və rus bölmələri Ukraynanın cənubunda ələ keçirdikləri ərazilərdə (Xerson və Zaporojye vilayətlərinin bir hissəsi) birləşdiriləcək, oradan əvvəllər işğal olunmuş Krımdan gələn təchizatı qəbul etmək daha asan olacaq.

İşğalçılar mövcudluğunu “leqallaşdırmaq” üçün “referendum” keçirib, sonradan Rusiyadan yardım “istəyəcək” daha bir “xalq respublikası”nın yaradıldığını elan edə bilərlər. Donbasdakı birinci müharibədən sonra artıq BQƏ zonasında olan xəttə bənzər yeni daimi cəbhə xətti yaranacaq. Bunun nə qədər davam edəcəyini təxmin etmirəm, çoxlu bilinməyənlər var, amma Rusiya ordusunun Ukraynanın bir neçə bölgəsində eyni vaxtda hərəkət etməsi ilə müşahiddə olunan döyüş əməliyyatlarının aktiv mərhələsi dəqiq başa çatıb.

Müəllif: Nicat Hacıyev