Milli Məclisdə büdcə müzakirəsi davam edib: millət vəkillləri sosial problemləri gündəmə gətirdilər, nazirdən xahişlər edildi
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklərlə bağlı layihələrin müzakirəsi bu gün də davam edib. Parlament sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda hökumət üzvləri də iştirak ediblər. Deputatlar büdcə ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Qeyd edək ki, büdcə müzakirələri plenar iclasda noyabrın 25-də başlayıb. Dünənki iclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda qəbul edilib. Bu gün isə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunub.
Deputat hökumətə pensiya yaşına yenidən baxılmasını təklif etdi: “İnsanlar iş tapmaqda əziyyət çəkirlər”
Deputat Ceyhun Məmmədov çıxışı zamanı hökumətə pensiya yaşına yenidən baxılması təklifi verib. Millət vəkili deyib ki, insanların yaşı artanda onların iş tapması çətinləşir: "Bu gün reallıq ondan ibarətdir ki, müəyyən bir yaşa gəldikdən sonra insanlar iş tapmaqda əziyyət çəkirlər. Cəmiyyətin bu məsələdən ən çox əziyyət çəkən üzvlərindən biri də qadınlardır. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var. Hesab edirəm ki, pensiya yaşının azaldılması, xüsusilə də qadınların pensiya yaşının endirilməsi məsələsinə yenidən baxılması vacibdir".
“Sağlamlıqlarını itirən vətəndaşların təkrar müayinəsi ilə bağlı prosedurun da sadələşdirilməsi vacibdir. Əgər bir insan qolunun və ya ayağının birini itiribsə, onun təkrar müayinələrə cəlb olunmamasını təklif edirəm. Bu məsələ ilə bağlı bizə müraciətlər həddən çoxdur”, - deyə deputat əlavə edib.
“Müharibə iştirakçıları arasında qruplaşdırmanın aparılmasını təklif edirəm”
“Bu gün müharibə iştirakçılarına ayrılan vəsait cəmiyyətdə ən geniş müzakirə olunan məsələlərdən biridir. Məlum məsələdir ki, burada yüz minlərlə insandan və böyük vəsaitdən söhbət gedir”, - deyən C.Məmmədov müharibə iştirakçıları ilə bağlı təklif irəli sürüb: "Bu gün qısa və uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları arasında fərq yoxdur. Qeyd olunanları nəzərə alaraq, müharibə iştirakçıları arasında qruplaşdırmanın aparılmasını təklif edirəm. Düşünürəm qısa və uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları ilə uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları arasında fərqin müəyyənləşdirilməsi daha ədalətli olar. O zaman müəyyən kateqoriyalara ayrılan vəsaitin nəzərdən keçirilməsinə də baxa bilərik”.
Deputatdan nazirə təklif: “Yanlış adam ünvanlı sosial yardım alarsa, elə öz ətrafı, qohum-əqrəbası və qonşuları sosial şəbəkələrə çıxıb hay-küy yaradacaqlar”
Deputat Razi Nurullayev iclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə üz tutaraq ünvanlı sosial yardımın verilməsindəki problemləri qabardıb: “Sahil müəllim, siz elə bir vəzifədə işləyirsiniz ki, orada kim olsa, tənqid və qərəz obyektinə çevriləcək. Belə bir vəzifə yükünü daşımaq da asan deyil və buna anlayıram. Amma müəyyən məsələlər var ki, onlara baxılmalıdır. Bu gün hər kəsə məlumdur ki, ünvanlı dövlət sosial yardımı almaq üçün şərtlər çox ağırdır. Bu il müəyyən yüngülləşmə aparılıb, amma yenə də ciddi çətinliklər qalmaqdadır. Doğurdan da ehtiyacı olanlar bunu ala bilmir. Özüm dəfələrlə bunun şahidi olmuşam. Səbəb isə şərtlərin ağır olması, bəzən isə ehtiyacı olan tərəfindən həmin şərtlərin yerinə yetirilməsinin obyektiv və subyektiv səbəblərdən heç cür mümkün olmamasıdır”.
“Mən bilirəm ki, nazirlik hazırda pilot layihə həyata keçirir və məsələnin ədalətli həlli üçün çalışır. Tam məlumatlı deyiləm, amma belə çıxır ki, nazirlik bütün ailələri bir-bir ziyarət edib ümumi mənzərəni ortaya çıxarmaq və məlumatlara malik olmaq istəyir ki, ünvanlı sosial yardımı da avtomatlaşdırsın. Açığı, bu mexanizm mənə o qədər də inandırıcı gəlmir. Hörmətli Sahil müəllim bu barədə məlumat versəniz yaxşı olar. Digər həll yolları varmı? Məncə, var. Hər bir rayon, kənd və qəsəbədə icra hakimiyyəti və nümayəndəsi var, onlar kimin ehtiyac içində olduğunu, gəlirlərini, evini, kənardan daxil olan vəsaiti bilirlər, bütün məlumatlara sahibdirlər. Onların arayışı bəs etməzmi? Əgər onlar yalan məlumat verərlərsə, bu, icra hakimiyyəti və işçisi üzərində ciddi məsuliyyət yaratsın. Bunun üçün qanunvericiliyə lazımsa dəyişiklik edək. Digər tərəfdən, indi elə zamandır ki, yanlış adam ünvanlı sosial yardım alarsa, elə öz ətrafı, qohum-əqrəbası və qonşuları sosial şəbəkələrə çıxıb hay-küy yaradacaqlar. Nazirliyin imkanları var ki, 2-3 günlük missiyalar göndərib qəfil yoxlamalar həyata keçirsin. Nazirlik kiməsə sonunda inanmalıdır. Nazirliyin tərkibində İctimai Şura var. Qoy onlar ayda bir neçə dəfə məsələ həllini tapana qədər səfərlər edib məlumatlar hazırlasınlar”, - millət vəkili vurğulayıb.
“Ünvanlı sosial yardım yoxlaması aparılan zaman açıb soyuducuları yoxlamasınlar, qazanların içinə baxmasınlar”
R.Nurullayev qeyd edib ki, bu cür yanaşma həm də ünvanlı sosial yardımın doğurdan da ehtiyacı olanlara verilməsi üçün imkan yaradacaq: “Hansı problemlər var və siz onları aidiyyatı dövlət qurumlarına təqdim edə bilərsiniz ki, məhz bu səbəblər işimizi vicdanla yerinə yetirməyimizə hüquqi və digər əngəlləri törədir. Daha bir təklif isə nazirliyin özünün hüquqi yardım göstərməsidir. Məqsəd kömək etməkdirsə, yaxşı olar ki, Vəkillər Kollegiyası ilə müqavilə bağlansın və onlar hər bir rayonda vətəndaşlara hüquqi köməkliyi göstərsinlər. Hökumətdən də xahiş etmişəm ki, pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət proqramı qəbul edilsin. Bu qarşımızda dayanan ən vacib məsələlərdən birincilər sırasındadır. Hörmətli Sahil müəllim, bir xahiş də edim ki, ünvanlı sosial yardım yoxlaması aparılan zaman açıb soyuducuları yoxlamasınlar, qazanların içinə baxmasınlar. Yəni ki, məsələyə bir az insan ləyaqətinə hörmət rakursundan yanaşsınlar. Ailələrə hər kəs kömək edir, biri bazarlıq edir, biri ət gətirə bilər, biri bir kisə kartof. Bilirəm ki, bu sizin göstərişiniz deyil, heç qanun da bunu demir. Amma bu tip məsələlər insan ləyaqətini alçaldır. Son məqsəd ehtiyacı olana ünvanlı sosial yardımın verilməsidir. Mən fikirlərimi hörmətli Sahib müəllimlə, aidiyyatı komitə və əlaqədar şəxslərlə bölüşməyə hazıram”.
“Veteranlara verilən 80 manatın iki dəfə artırılmasına ehtiyac var”
“Bu gün də əlillik tələbi ilə müraciət edən onlarla qazimiz var. Onlarla danışmaq, nəyisə izah etmək demək olar ki, mümkün deyil. Çünki onların canı ağrıdığına görə, psixoloji travma və ehtiyac ucbatından əlillik haqqının olduğuna inanırlar. Ən azı 4-5 dəfə elə burada, Milli Məclisdə təklif verdim ki, yaralanmış, psixoloji travma almış və hələ də müalicəsi gedən müharibə iştirakçılarına 2-3 illik aylıq müavinət təyin olunsun. Bu gün də buna ehtiyac duyuram. Çünki onların müalicəsi dövlət tərəfindən aparılsa da, yaşayış, ailə, dərmanların alınması, nəqliyyat və digər xərcləri var. Müharibə veteranlarına ayda 80 manat verilir. Onlar xərclərini aldıqları 80 manatla ödəmək iqtidarında deyillər. Onun üçün də 80 manatın iki dəfə artırılması ilə bağlı ehtiyac və tələb var. Bununla bağlı verdiyimiz suallara hökumət üzvləri komitə müzakirələrində də cavab vermədilər. Digər təklifim qazilərin işsizliyi ilə bağlıdır. Demək olar ki, böyük əksəriyyətin ali təhsili yoxdur və bu onların yaxşı işə düzəlməsinə imkan vermir. Bu təklifi iki dəfə səsləndirmişəm və yenə də təklif edirəm. Nazirliklə ali təhsil müəssisələri arasında razılaşma əldə olunsun və onların nəzdində bir-iki illik təhsil proqramları yaradılsın. Hökumət buradan irəli gələn məsələləri həll edə bilər. Bu sosial narazılıqların aradan qaldırılmasında əsaslı rol oynayırdı”, - millət vəkili vurğulayıb.
Kəndlərdə işsizlik problemi gündəmə gətirildi: “Böyüməkdə olan nəsil kənddə qalmaq istəmir”
Deputat Jalə Əliyeva kəndlərdə işsizlik probleminin olduğunu qeyd edib. Millət vəkili qeyd edib ki, işsizlik bölgələrdə bir nömrəli problem kimi özünü göstərir: “Hər bölgə üçün layihələrin hazırlanmasna ehtiyac var. Əsasən insanlar qaz, su, işıq idarələrində, məktəb, bağça kimi müəssisələrdə texniki işçi kimi çalışmaq istəyirlər. Ancaq o müəssisələrin işəgötürmə həcmi geniş deyil. Bu halda kəndli işi necə tapmalıdır? İstehsalat müəssisələrinin açılması, kənd təsərrüfatının inkişafı zərurətə çevrilib. Xammal hər kəsə əlçatan olmadığı üçün kəndli pay torpaqlarını effektiv istifadə edə bilmir. Məlumdur ki, hər kəsə iş təmin etmək mümkün olmur. Böyüməkdə olan nəsil kənddə qalmaq istəmir. Çünki kəndlərdə işsizlik var. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır, problem aradan qaldırılmalıdır”.
Spiker S.Qafarova sosial sahədəki problemlərdən danışan deputatlara irad səsləndirib. Milli Məclis sədri millət vəkillərini görülən işlər barədə danışmağa səsləyib: “Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?”.
“İcra nümayəndəsi sənədləri maşınında gəzdirir və kənddə deyir ki, ay camaat burdayam, kimin sənəd-sünəd işi varsa, gəlsin”
Deputat Səyyad Aran çıxışında bildirib ki, ölkənin inkişafı göz qabağındadır, amma bəzi xırda-para nöqsanlar da var: “Hərdən Bakının televiziyada dronla görüntüsünü verirlər, adam heyran qalır ki, bu bizim şəhərimizdir?! Bizim burda söylədiklərimiz isə bəzi xırda-para nöqsanları gün işığına çıxarmaqdır ki, əlaqədar nazirliklər bunu görüb bir az aktiv fəaliyyət göstərsinlər. Xırda-para məsələlərdən biri budur ki, İmişlinin 1 nömrəli məktəbində 1390 nəfər şagird təhsil alır. Məktəbin cəmi 28 otağı, amma 56 sinfi var. Yeni korpus tikilməlidir. Burda o qədər sıxlıq var ki, 6 gün ard-arda təhsil üsulu ilə işləyirlər. Bunu çoxdan bilirlər, amma əməl etmirlər. Məktəbin akt zalı sınıq, yaman günə qalmış partalarla, stol-stullarla doludur. Bundan başqa, şagirdlər Məhəmmədli kəndindən 7 kilometrlikdə yerləşən Göbəktala və Şahverdili məktəblərinə gedirlər. Onlar asfalt yolu ilə məktəbə gedirlər. Məhəmmədlidə modul tipli məktəb tikmək olmazmı? Problem bununla da həll oluna bilər. Bunu nöqsan kimi demirəm, yada salıram. Bununla yanaşı, Uşaq Mərkəzi Kitabxanasının istilik sistemi yoxdur, elektrik xətləri bərbad vəziyyətdədir, binanın dam örtüyünün dəyişdirilməsinə ehtiyac var, eləcə də qapı və pəncərələrin istismar müddəti bitib. Mədəni maarif müəssisəində sanitar qovşaq yoxdur. Binanın təmir işlərinin aparılmasına ehtiyac var. Eyni zamanda, İcra nümayəndəliklərinin əksəriyyətinin binası yoxdur. Oruclu kəndində isə tragikomik vəziyyət var. İcra nümayəndəsi sənədləri maşınında gəzdirir və kənddə deyir ki, ay camaat burdayam, kimin sənəd-sünəd işi varsa, gəlsin. Onlara bir tikili vermək olmaz?
“Kim camaatın işi, pulu yoxdur deyirsə, yalandır”
“Uşaq bağçalarında da vəziyyət yaxşı deyil. Çox təəssüf ki, rayonda uşaq bağçalarının çoxu bərbad vəziyyətdədir, bir çoxu ümumiyyətlə yoxdur. Məsələn, Bəhrəmtəpə kimi qəsəbədə uşaq müəssisəsi yoxdur. Allaha şükür, camaatın vəziyyəti yaxşıdır. Gözləyirlər ki, dövlət insanlara pul, traktor versin. Gedin 10 nəfər yığışın traktor alın, heç kimə də minnət eləməyin. Əsas yeri qazmaqdır, dövlət toxumu, subsidiyanı verir. Sən tənbəlsən, indi nə edək? İzah edirik, sonra başa düşürlər. İnkişaf etmiş çoxlu fermerlər də var. Kim camaatın işi, pulu yoxdur deyirsə, yalandır”, - deyə deputat bildirib.
“Yenə də heyvanlardan danışırlar, yenə də deyirlər vətəndaşa sağlam heyvanlar verilmir. Yaxud da, kiminsə gedib soyuducusunu, qazanını yoxlayırlar?”
Milli Məclis sədr deputatın səsləndirdiyi fikirlərə belə cavab verib: “Səyyad müəllim, siz deyirsiniz ki, hamısı xırda-para məsələlərdir. Amma xırda-para məsələlər haqqında xırda-para kimi danışmaq lazımdır. Onu böyük bir qlobal problemə çevirmək lazım deyil. İkincisi, hörmətli Səyyad müəllim, sizin sözünüzdən mən belə başa düşdüm ki, elə bilirsiniz, mən burada heç kimi danışmağa qoymuram. Xeyr! Burada mənim çox hörmətli həmkarlarım var. Ən azı keçən 5 ildə çox yaxşı bilirlər ki, mən heç kimin sözünü heç vaxt kəsmirəm. Əgər kəsirəmsə, mən üzr istəyirəm, tərbiyəm belədir. Burada suallarınıza elə özünüz cavab verdiniz. Çox zaman insanların özləri fəal olmalıdır. Müzakirə edəndə hökumətin, dövlətin etdiyi işlər haqqında da danışmaq lazımdır. Biz xalqı təmsil edirik. Burada isə bəziləri elə çıxış edirlər ki, guya onların seçiciləri bu gün bu ölkəyə qarşıdır. Görülən işlər haqqında danışılmır”.
“Bu qədər işlər görülür. Əlbəttə çatışmazlıqlar var. İş olan yerdə problem də olacaq. Deputat bunu elə formada çatdırsın ki, camaata da çalxalanma salmasınlar. Siz dünən deyirsiniz ki, bəzi hökumət üzvləri elə bil qəsdən edirlər, bəzi şeyləri düzgün etmirlər. Bu kim üçün deyilir?! Hansı tərəflərin sözüdür bu? Ona görə də hər bir sözün arxasında ya faktlar durmalıdır, ya da dərin bir məntiq olmalıdır. Bunu tək sizə demirəm. Bu dəqiqə bunu hamıya deyirəm. Çox böyük işlər görülür. Hesabatlar var, onlara baxın. Dəfələrlə nazir gəlib burada çıxış edib, suallara cavab verib. Yenə də heyvanlardan danışırlar, yenə də deyirlər vətəndaşa sağlam heyvanlar verilmir. Yaxud da, kiminsə gedib soyuducusunu, qazanını yoxlayırlar? Xahiş edirəm, danışanda fikir verin. Burada hamıya danışmağa imkan verirəm. Mən 30 dəqiqəni ənənə etmişəm”, - spiker irad bildirib.
Nazir deputatlara cavab verdi
Nazir S.Babayev deputat C.Məmmədov və R.Nurullayevin sözlərinə cavab verib. Nazir qeyd edib ki, Azərbaycanda pensiya sistemi sığorta sistemidir və bu sığorta sistemi 12 illik dövr üzərindən hesablanmış bir mexanizmdir: “Bu gün Azərbaycan pensiyaçılarının pensiyada olma müddəti 14,8 ildir. Yəni, normativdən təqribən üç il artıqdır. Bu, göstərir ki, bizim pensiya sistemimiz əhatəlidir, sosialyönümlüdür. Bu gün yaşa görə pensiya alanların 57 faizi 12 ildən artıq təqaüd alır. Bunun özü də sosialyönümlü pensiya sisteminin göstəricisidir”.
“Ünvanlı sosial yardımın verilməsi ilə bağlı yoxlanışa gəldikdə isə deyim ki, qazan, soyuducu yoxlanılmasından söhbət gedə bilməz. Əyani müayinənin iki məqsədi var. Birinci məqam ailənin tərkibi ilə bağlı, ikinci məqam isə həmin evin, ailənin məişət şəraitinin rəsmi gəlirləri ilə uyğunluğudur. Bütün müayinələr videoçəkilişlə aparılır. Bir çox hallarda bu mexanizmdən sui-istifadə edənlər də olur”, - deyə S.Babayev vurğulayıb.
“Deyildiyi kimi, əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? Əlilliyin alınması iki mərhələdən ibarətdir. Birinci tibb müəssisələri tərəfindən şəxs yoxlanılır və məlumatlar elektron şəkildə bizə təqdim olunur. Bu gün haqqı çatan hər bir şəxsin əlilliyinin təyin edilməsi bizim üçün ən ümdə vəzifədir. Deputatların dediyi fərdi məsələlərlə bağlı mən komitə iclasında da müraciət etdim. Ancaq komitə iclasından bu yana mənə heç bir məlumat təqdim edilməyib”,- deyə nazir vurğulayıb.
Müzakirələrdən sonra “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda qəbul edilib.