Qarabağda “qara turizm” - Onlara Şuşanı, Ağdam xarabalığını göstərək!

Aktual

14.01.2021 - 10:32

Kənan Quluzadə: “Qarabağda ilk növbədə daxili turizmin inkişafı gözlənilir, çünki bu bölgə ölkənin bütün əhalisi üçün maraqlıdır”

 

Bahadur Bilalov: “Erməni işğalçılarının barbarlıq faktlarını nümayiş etdirəcək açıq hava muzeyinə ehtiyac”

 

Cəmaləddin İsmayılov: “Turistlərə şiddətli döyüşlərin baş verdiyi yerləri, möhkəmləndirilmiş əraziləri göstərmək lazımdır”

 

İşğaldan azad edilmiş ərazilərdə turizm aktiv şəkildə inkişaf edəcək və indi bunun üçün müxtəlif variantlar düşünülür. Hazırda Qarabağda turizm potensialı dəyərləndirilir, çoxsaylı təkliflər nəzərdən keçirilir.

 

Azərbaycan Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr və media sektorunun müdiri Kənan Quluzadə AYNA-ya bildirib ki, azad edilmiş ərazilərdə turizmin inkişafının başlama müddəti bir neçə amildən asılıdır. Bura, təhlükəsizliyin təmin edilməsi, müvafiq infrastrukturun yaradılması və vətəndaşların bu bölgələrə qayıtması aiddir. Paralel olaraq da, turizm məhsulları, marşrutlar, bölgədə turizmin inkişafı strategiyası, brendləmə və s. hazırlanır.

 

İnkişaf istiqaməti isə həm daxili, həm də xarici turizm üçün nəzərdə tutulub. Qarabağda ilk növbədə daxili turizmin inkişafı gözlənilir, çünki bu bölgə ölkənin bütün əhalisi üçün maraqlıdır. Xaricdə yaşayan azərbaycanlılar üçün də, ilk növbədə Azərbaycan turizm məhsullarına ənənəvi maraq göstərən ölkələrdən olan xaricilər üçün də bölgə maraq kəsb edir.

 

Quluzadənin sözlərinə görə, Qarabağ üçün ilk bələdçilər qrupu ötən ilin sonlarından hazırlanır. Bu sahədə mütəxəssis kadrların hazırlanması uzunmüddətli bir prosesdir.

 

O, Qarabağda spesifik “qara turizm” də daxil olmaqla müxtəlif turizm növlərinin inkişaf edəcəyini qeyd edib: “Son müşavirədə cənab Prezident Qarabağın Ermənistan tərəfindən işğalının nəticələrini nümayiş etdirəcək yerlərin müəyyənləşdirilməsi barədə təlimat verdi. İşğalçılar mədəniyyət və memarlıq abidələrimizə, infrastrukturumuza və s. böyük ziyan vurub, məhv ediblər. Dünyada məhv edilmiş obyektlərin qorunub saxlanılması və ziyarətçilərə göstərilməsi praktikası mövcuddur. Müəyyən yerlərə uyğun şəkildə turizm marşrutları inşa ediləcək ki, qonaqlar son otuz il ərzində torpaqlarımızda  törədilən dəhşətləri, məhv miqyasını görə bilsinlər”, - deyə agentlik rəsmisi əlavə edib.

 

Azərbaycan Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri, professor Bahadur Bilalov AYNA-ya deyib ki, azad edilmiş ərazilərdə bu sahənin inkişafı üçün böyük potensial var: “Xüsusilə orada dağ çaylarında raftinq inkişaf etdirə, Kəlbəcərin termal sularından istifadə edilə bilər”.

İşğal edilmiş torpaqlarımızda 635 abidə dağıdılıb

“Qara turizm”dən danışan professor, bunun bir çox ölkədə inkişaf edən yeni bir turizm növü olduğunu vurğulayıb. Bu sahə dövlət tarixindəki faciəli hadisələrlə - müharibələr, təbii fəlakətlər və s. ilə əlaqələndirilir. Mütəxəssis Qarabağ ərazisində erməni işğalçılarının barbarlıq faktlarını nümayiş etdirəcək açıq hava muzeyinə ehtiyac olduğuna əmindir: “Bu cür həqiqətləri eşitmək başqa, hər şeyi öz gözlərinizlə görmək başqadır”.

 

“Turistlərə şiddətli döyüşlərin baş verdiyi yerləri, möhkəmləndirilmiş əraziləri göstərmək lazımdır. Turistlər üçün Şuşanın ordumuz tərəfindən azad edilməsini nümayiş etdirən animasiya yaratmaq, muzeylərdə erməni terroru haqqında filmlər nümayiş etdirmək lazımdır”, - deyə mütəxəssis vurğulayıb.

 

Azərbaycanın Sanatoriya-kurort sistemi və turizm Həmkarlar İttifaqının sədri Cəmaləddin İsmayılov isə hesab edir ki, erməni işğalı ilə bağlı bütün faktların, Ermənistanın vəhşiliyinə şahidlik edən foto sənədlərin cəmləşəcəyi bir muzey yaradıla bilər: “Qüdsdə yəhudi xalqının faciəli dövrü ilə əlaqəli materialların yer aldığı bir Holokost muzeyi var və oranın ziyarəti insanda silinməz bir iz buraxısr. Eyni təsiri əldə etməliyik. Düzdür, harada yaradacağına qərar vermək çətin olacaq, çünki bütün Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş 7 bölgəsi demək olar ki, tam dağıdılıb. “Qara turizm” ölkəmizin sakinləri arasında populyar olacaq, bu cür yerləri özləri gəzəcək, uşaqlarını və nəvələrini ora aparacaqlar. Bu cür yerləri ziyarət etmək məktəblilər üçün təhsil proqramının bir hissəsi olmalıdır və oraya ekskursiyalara aparılmalıdır. Gənc nəsil bu bölgədə nə baş verdiyini bilməlidir”.

 

“Əcnəbilər də bu cür yerləri ziyarət etməkdə maraqlı ola bilərlər və xaricdən gələnlərin hamısının Qarabağda nə baş verdiyini bilməməsini nəzərə alaraq, məlumatları necə təqdim edəcəyini bilən bələdçilərə ehtiyac duyulur. Ancaq yenə də, xarici turistlərin əksəriyyəti Qarabağı dağıdılmış yerlərini görmək üçün yox, bu ərazinin sehrli mənzərələrindən zövq almaq üçün ziyarət edəcəklər. Onları cəlb edəcək maraqlı, orijinal təkliflər hazırlamalıyıq”, - İsmayılov fikrini tamamlayıb.

Müəllif: Elya Belskaya