Dəfn olunan imperiya maraqları, yoxsa dünyanı gözləyən təhlükə - Putinin qanlı oyunu

Siyasət

09.03.2022 - 10:23

Sənin zordan, repressiyadan başqa siyasətin yoxdur, çünki bacarmırsan, biz isə səni elə bir tələyə salmışıq ki, nə edəcəyini, hansı addımlar atacağını bilmirsən

Dəqiq açıqlama olmasa da, Rusiyanın Ukraynaya hücumu nəticəsində on minlərlə insanın həlak olduğu deyilir. Onların arasında rus hərbçiləri də var, ukraynalı hərbçilər də, mülki əhali də - uşaqlar, qocalar, qadınlar. Onlar daha olmayacaqlar. Bəlkə də, Rusiya Ukrayna ilə və ya Qərb ilə anlaşacaq, lakin ölənlər geri qayıtmayacaq.

Halbuki cəmi 13 gün öncə bu dünyaya “o dünyanın” pəncərəsindən baxacaqlarını bəlkə heç ağıllarına da gətirmirdilər. Müharibə qurban tələb edir deyib, daha neçə milyon insanın dünyanın “ədalət axtarışı”nın qurbanı olacağını söyləmək çətindir, lakin görünən odur ki, onların sayı koronavirus adlı bioloji silahın qurbanlarının sayından daha çox olacaq.

Rusiyanın Ukraynaya hücumu dünya gündəmini məşğul edən əsas mövzudur. Müharibənin 13-cü günündə ruslar paytaxt Kiyev və Ukraynanın digər şəhələrini bombalamaqda davam edir, Zaporojya Atom Elektrik Stansiyasını hədəfə alır, Ukraynanı qaranlığa qərq etməyə çalışırlar. ABŞ və Avropa isə durmadan Ukraynanı silahlandırır, Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq edir.

Hələ bir müddət öncə ABŞ və Avropa dövlətləri öz vətəndaşlarını təcili olaraq Ukraynanı tərk etməyə çağırır, diplomatik korpuslarına onları təxliyə etməklə bağlı tapşırıqlar verirdi. Lakin hərbi müdaxilə ehtimalı inandırıcı görünmürdü. Hətta Kremlin sözçüsü Dmitri Peskov “Putin hər gün məndən zarafatla soruşur: Ukraynaya nə vaxt hücum edirik” deyərək, ABŞ-ı regionu qarışdırmaq cəhdində ittiham edirdi. Avropanın özündə belə, bunun baş verəcəyinə inanmırdılar. Berlində, Parisdə bir çox siyasətçi və ekspertlər Ukraynaya qarşı genişmiqyaslı işğalın olmayacağına əmin idilər. Onlar gözləyirdilər ki, Rusiya ən pis halda, 2014-cü ildə Krımın ilhaqına qədər olan fəaliyyətə bənzər addımlar atacaq. Qocaman Avropada axıra qədər bir ümid var idi ki, “Normandiya formatı”nda yeni bir dönüş yarada və bununla da diplomatik həll yolunu tapa bilərlər. Bəlkə də, elə bunun nəticəsi idi ki, ABŞ və Böyük Brtitaniyanın ciddi xəbərdarlıqları fonunda Almaniya “Şimal axını-2” məsələsində sona qədər təkid edirdi.

Və əslində münaqişənin mahiyyəti də elə bundan qaynaqlanırdı. ABŞ və Böyük Britaniya itirmək üzrə olduğu Avropanı yenidən özünə qaytarmağı, Rusiya bu vəziyyətdən öz xeyrinə istifadə etməyi, imperiya maraqlarını həyata keçirməyi, Avrasiya İttifaqı modeli ilə postsovet dövlətlərini tam, neytral dövlətləri isə müşahidəçi qismində öz sıralarına cəlb etməyi hədəfləyirdi. Moskva bu iqtiqamətdə inamla addımlayırdı. 2022-ci ilin ilk günlərində Qazaxıstanda xalqın etirazının qanla boğulması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adı altında bu ölkəyə müdaxiləsi onu ruhlandırırdı. İnanırdı ki, digər postsovet ölkələrində də oxşar texnologiyalardan istifadə edəcək və bununla da yeni formatda SSRİ-ni bərpa etməyə nail olacaq.

Bu isə anqlosakslar üçün “qanlı zəmi” demək idi. Bir tərəfdə itirilmiş Avropa, digər tərərfdə güclənmiş və yeni müttəfiqləri hesabına genişlənən Rusiya, paralel cəbhədə isə iqtisadi nəhəng Çin dayanacaqdı. Və nəhayət hərəkətə keçmək zamanı idi...

Bəli, bu gün ABŞ öz istəyinə nail olub. Bütün Avropanı öz ətrafında birləşdirməklə nəinki Rusiyanı, Çini də dalana dirəyib. Çin qarşıda onun üçün də xoş sürprizlərin olmayacağını bilir və buna rəğmən, iqtisadi itkilərindən dolayı Moskvaya dəstək vermir. Bəlkə də verə bilmir. Moskva böyük tələdədir və bunun ən böyük günahı onun yarıtmaz rəhbərindədir. İmperiya siyasəti, qonşularına müstəqil siyasət yürütmək imkanlarını tanımaması, əbədi hakimiyyət iddiası Putini sonu görünməyən bir yola gətirdi. Bədəlini isə Ukrayna xalqına ödədir.

Qərb Rusiyaya siyasət dərsi keçir. Aydın şəkildə deyir ki, “sənin zordan, repressiyadan kənar siyasətin yoxdur, ola da bilməz, çünki bacarmırsan. Biz isə diplomatik yollarla səni elə bir tələyə salmışıq ki, nə edəcəyini, hansı addımlar atacağını bilmirsən. Bütün dünya kinini, nifrətini sənə qusur, ən sadiq müttəfiqlərin belə, arxanda deyil, biz isə xilaskar obrazında dünyanın qarşısındayıq, qeyri-dost ölkələri belə, öz ətrafımızda cəmləyə bilmişik”.

Putin açıq şəkildə ukraynalıların milli suverenliyə və liberal demokratiyaya sərmayəsinin qarşısını ala biləcəyini nümayiş etdirir, Kiyevi silahlı qüvvələrinin kiçik bir hissəsi və ağır artilleriyası ilə ala biləcəyinə mərc edirdi. Ukraynanın qətiyyət nümayişi yoluxucu oldu. Qərbi və Şərqi Avropa, postsovet ölkələrinin vətəndaşları bu gün ukraynalılardan daha çox ukraynalıdır. Alqoritm isə ortadadır. Kreml Ukrayna münaqişəsində öz müqədərratını həll etməyə çalışır, hətta Ukrayna, Gürcüstan və Moldovanın Avropa İttifaqına yolunu açıb. Artıq NATO faktiki olaraq onun sərhədlərinin bir addımlığındadır.

Bu müharibə nə qədər çəkəcək, nə qədər can alacaq, Rusiyaya qarşı sanksiyalar davamlı olacaqmı və ya baş verənlərin fonunda rus elitası və xalqı ayağa qalxıb Putin rejimini devirəcək, yoxsa Kreml Şimali Koreya yolunu seçib, özünü qorumağa çalışacaq? Ukraynada qalib kim olacaq? Bütün bu sualların cavabından asılı olmayaraq, ortada bir həqiqət və əlahəzrət fakt mövcuddur. Nəticənin necə olacağından asılı olmayaraq, bu müharibənin məğlub tərəfi Rusiyadır. Ən yaxşı halda imperiya maraqlarından birdəfəlik imtina etməli olacaq, ən pis halda isə şimal qonuşumuzun gələcək taleyi sual altına düşəcək.

Müəllif: Azər Niftiyev