“Daha bir şapalaq yeyəcəklər və sonra…”

Aktual

27.03.2023 - 14:03

Qarabağdakı quldurlar “ciddi silahlı mübarizə”yə hazırlaşırlar?

Ermənistanın “Hraparak” qəzeti yazır ki, Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyan bu yaxınlarda Moskvaya səfər edib və orada bir sıra mühüm görüşlər keçirib. Nəşrin məlumatına görə, hələlik Arutyunyanın istefası barədə söhbət getmir.

Məqalədə qeyd olunur ki, Arutyunyan “uzun və sərt müqavimətə hazırlaşmağın” zəruriliyini bəyan edib: “Atəşlərə atəşlə cavab vermək, düşmənin təxribat hücumlarının qarşısını almaq və diversantları məhv etmək, həmçinin ölkədə stabil həyatı bərpa etmək. Eyni dərəcədə vacib vəzifə Artsaxın müdafiə qabiliyyətini gücləndirmək üçün alternativ yollar tapmaqdır. Çünki düşmən müharibəyə çevrilə biləcək yeni təxribatlar hazırlayır”.

“Əslində, bu gün Artsax sakinlərinin iki yolu var - ya doğma Artsaxı tərk etmək, ya da 1990-cı illərin əvvəllərində şərəflə edildiyi kimi öz doğma torpaqlarında yaşamaq hüququnu zorla müdafiə etməyə hazır olmaq. Azərbaycanla inteqrasiya variantı istisnadır, çünki sonda Artsaxda, eləcə də digər tarixi erməni torpağı olan Naxidjevan bölgəsində (Naxçıvan - red.) bir dənə də olsun erməni qalmayacaq”, - deyə nəşr separatçıların başçısından sitat gətirir.

Belə çıxır ki, Moskva separatçılara müəyyən təhlükəsizlik zəmanəti verib? Burada başqa nəticələrə gəlmək çətindir. Amma onsuz da vəziyyət gərgindir və sonra əsas separatçının ağzından belə sərt bəyanatlar gəlir. Doğrudanmı Moskvada və Xankəndidə başa düşmürlər ki, bu cür hücumlar və bu cür davranış Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti məsuliyyət zonasında asanlıqla silahlı eskalasiyaya gətirib çıxara bilər? Və bu, kimə lazımdır?

AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.

Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:

“Mən şübhə edirəm ki, Arayikin separatçı xuntası Moskvada Bakıya qarşı təxribatlar törətmək üçün qızışdırılır. Rusiya silahlı qüvvələrinin Ukraynada ilişib qaldığı şəraitdə, Moskva yeni gərginlik ocağı yaratmaq iqtidarında deyil.

Çox güman ki, Arayikin hirsli sızıltısına və Moskvaya Qarabağ ermənilərini qorumaq üçün RSK-dan istifadə etməyə çağırışlarına cavab olaraq ona deyiblər: sən özünü müdafiə edə bilərsən, amma indiki vəziyyətdə Rusiyadan çox şey gözləmək olmaz.

Mən hesab edirəm ki, Arayik özü alternativi daha qabarıq etmək üçün təhlükə atmosferini qızışdırır: ümidsiz müqavimət və ya ambisiyalardan əl çəkərək, reinteqrasiya ilə bağlı Bakı ilə danışıqlara başlamaq. Çox güman ki, ermənilər həmişəki kimi başlarını çomağa sürtəcəklər və bir daha hərbçilərimizdən cingiltili “şapalaq” alaraq bütün dünyada zingilti qaldıracaqlar. Amma sonda danışıqlar masasına əyləşəcək və addım-addım razılaşacaqlar.

Təəssüflər olsun ki, bu cür o yan-bu yana, bitib-tükənməyən təxribatların, qanunsuz hərəkətlərin əvəzi qanla ödənilir və hər iki tərəfdən can verilir. Öz səhvləri və tarixi ermənilərə çox az şey öyrədir.

RSK-ya gəlincə, onlar daha çox Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bizneslə məşğul olmaqda maraqlıdırlar və Ukraynada qanlı qırğınlar fonunda məsuliyyət daşıdıqları ərazidə mövcud çətinliklər və mümkün silahlı toqquşmaların baş verməsi çox təhlükəli görünmür”.

Rusiyalı analitik, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyjmakov:

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla 20 mart 2023-cü il tarixli birgə mətbuat konfransı zamanı Dağlıq Qarabağ əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi mexanizmlərinin həyata keçirilməsində “beynəlxalq iştirakın” zəruriliyi barədə söylədiyi replika daha çox onu göstərə bilər ki, İrəvan bu sahədə o vaxt Moskvanın təklif edə biləcəyi yanaşmaları yetərsiz hesab edir.

Qeyd edək ki, bir neçə gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyan da hökumətin iclasında eyni sahədə “etibarlı beynəlxalq mexanizmlərin” yaradılmasının zəruriliyindən danışıb. Yəni, İrəvan bu mövzunu bir daha xatırlatmağı zəruri saydı və bu, bir daha göstərə bilər ki, onlar danışıqların əvvəlki mərhələlərində artıq müzakirə olunmuş təminatların səviyyəsini qeyri-kafi hesab edirlər.

Sergey Lavrovun Ermənistan və Azərbaycandan olan həmkarları ilə “yaxın gələcəkdə” üçtərəfli görüş üçün əlverişli tarixlər seçmək niyyətini bildirməsinə baxmayaraq, növbəti həftə ərzində belə bir görüş üçün dəqiq tarixlər müəyyən edilmədi. Lakin burada əsas maneə Laçın dəhlizi ətrafında böhranın mümkün həlli yolları ilə bağlı razılaşmaların olmaması ola bilər.

2023-cü ilin martında Moskva ilə İrəvan arasında kifayət qədər gərgin danışıqlar (eyni Sergey Lavrov və Ararat Mirzoyanın Nyu-Dehli görüşünü və ya Ermənistan parlamentinin rəhbəri Alen Simonyanın Ruisya parlamentin yuxarı palatasının vitse-spikeri Yuri Vorobyovla danışıqlarını da xatırlaya bilərik) təkcə iki dövlətin rəhbərliyinin qarşılıqlı ziddiyyətləri həll etmək cəhdlərindən deyil, həm də RSK-nın müvəqqəti məsuliyyət zonasında silahlı eskalasiya riskləri ilə bağlı qorxulardan danışa bilər”.

Müəllif: Rauf Orucov