COVID-19-la bağlı yeni elmi araşdırma: <font color=red> Rütubət önəmlidir</font>

Aktual

22.08.2020 - 12:05

Havanın quru olduğu məkanlar virus hissəcikləri havada daha çox qalır

 

COVID-19 ilə bağlı aparılan yeni araşdırmada quru havada virusun daha çox yayıldığı məlum olub. AYNA xəbər verir ki, Hindistan və Almaniyadan olan tədqiqatçıların birgə apardığı araşdırma nəticəsində məlum olub ki, havanın rütubəti COVID-19 virusunun yayılmasında böyük rola sahibdir.

 

Belə ki, virusun qapalı məkanlarda yayılmasını azaltmaq üçün havada rütubət 40-60 faiz olmalıdır. Hindistanın “CSIR” laboratoriyasından Sumit Kumar Mishra və Almaniya “Leibniz” Universitetindən Alfred Viedensohler ilə Ajit Ahlavatın rəhbərliyi altında aparılan araşdırmanın nəticəsində qeyd edilib ki, qapalı məkanlarda, eləcə də binalarda və ictimai nəqliyyatlarda havadakı rütubətin 40-60 faiz olması insanların bir-birini virusa yoluxdurma riskini azaldır.

 

Tədqiqatçılar eyni zamanda qrip, koronavirus kimi fərqli virusların yayılmasında havadakı rütubətin təsirini öyrənən və 2007-2020-ci illərdə aparılmış 10 fərqli beynəlxalq araşdırmanı da nəzərdən keçiriblər. Araşdırmanın nəticəsi “Aerosol and Air Quality Research” elmi jurnalında dərc edilib.

 

Nəmli havanın virusun yayılma riskini necə azaltdığına gəldikdə isə, bildirilir ki, nəmli havada virus hissəcikləri ağırlaşdığından yerə daha tez enir. Havanın quru olduğu məkanlarda isə virus hissəcikləri havada daha çox qalır. Bu da insanların bir-birini yoluxdurma riskini artırmış olur.

 

Tədqiqatçılar bildirir ki, qapalı məkanlarda pəncərələri açmaqla havanın rütubətini 40-60 faiz aralığında saxlamaq mümkündür. Tədqiqatçılar tövsiyələrində qış aylarında qapalı məkanlarda çalışanlara daha diqqətli olmalarını bildirib. Eyni zamanda isti ölkələrdə yaşayanlara da olduqları məkanda havanının soyuqluğuna diqqət etmələri tövsiyə olunub.

 

Bildirilir ki, havanın çox soyuması rütubəti aşağı salır, bu da virusun yayılma riskini artırır. Aparılan araşdırmanın nəticəsində o da qeyd edilib ki, havanın rütubətinə nəzarət COVID-19 ilə yanaşı digər virusların da yayılmasının qarşısını alır. Tədqiqatçılar maska istifadə etməyin, sosial məsafəni qorumağın vacibliyini vurğulayıblar. 

Müəllif: Ayna.az