“Cənubi Qafqazda yeni müharibə başlaya bilər – bu dəfə daha irimiqyaslı”

Aktual

21.07.2022 - 10:23

Ərəstun Oruclu: “Rusiya Cənubi Qafqazda ikinci cəbhə açarsa, bu, Türkiyəyə qarşı olacaq”

Cənubi Qafqazın yeni müharibə ocağına çevriləcəyi barədə yerli və beynəlxalq ekspertlər tərəfindən fikirlər səsləndirilir. Qeyd edilir ki, yeni gərginlik bu dəfə təkcə Ermənistanla Azərbaycan arasında yox, Rusiyanın da daxil olduğu müharibə ilə nəticələnəcək.

Ekspertlər fikirlərini belə əsaslandırırlar ki, hazırkı geopolitik mənzərə mürəkkəb olduğu qədər də mülahizə yürütməyə imkan verir. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı və İkinci Qarabağ müharibəsini bitirən Üçtərəfli Birgə Bəyanatın müddəaları rəsmi İrəvan tərəfindən icra olunmur. Ermənistan öhdəlikləri yerinə yetirməməkdə israr etməklə prosesi uzadır. 

Bəyanatın dördüncü bəndində Qarabağdakı erməni silahlı terrorçularının ərazilərdən çıxarılması nəzərdə tutulsa da, bu, hələ də yerinə yetirilməyib. Eyni zamanda, Zəngəzur dəhlizinin reallaşması ilə bağlı Ermənistan hansısa addım atmır, atmaq niyyətində olmadığı barədə bəyanatlar verir. Bununla yanaşı, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini "Qarabağın statusu" açıqlamaları ilə ortaya qoyur və de-fakto dağılmış ATƏT-in Minsk Qrupunu gündəmə gətirir.   

Sözügedən məsələlərlə bağlı Azərbaycan Prezidenti Ermənistana yenidən xəbərdarlıq etdi. İlham Əliyev 2022-ci ilin birinci yarımilinin yekunlarına həsr olunmuş müşavirədə bildirdi ki, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur: "Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir".

Ölkə başçısı Azərbaycanın sülhlə bağlı irəli sürdüyü 5 baza prinsipinin İrəvan tərəfindən qəbul olunduğunu, lakin hələ də konkret addımların atılmadığını da qeyd etdi: "Əfsuslar olsun ki, mənfi məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır".

Əliyev çıxışında Rusiyaya da mesaj verdi: "Biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir”.

“Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu, bəlkə də, indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir".

Ermənistanın Baş naziri Nikol Paşinyanın, təxminən, bir ay öncə "Azərbaycan yeni müharibəyə hazırlaşır" ittihamı, Rusiyanın Ermənistanda Azərbaycanla sərhəd yaxınlığında yeni baza yaratması, Qarabağdakı sülhməramlı missiyanın vəzifələrini icra etməməsi, İrəvanın öhdəliklərdən boyun qaçırması, bölgəyə iri ranqlı xarici ölkə nümayəndələrinin səfərləri və verdikləri bəyanatlar onu deməyə əsas verir ki, bölgə qaynayır. 

"Şərq-Qərb" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu da AYNA-nın suallarını cavablandırarkən deyib ki, regionda gərginlik artmaqdadır:

- Gərginliklər müharibə riskini artırır. Baxın, bu günlərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Uilyam Börns Ermənistana səfər etdi, bu ölkənin Baş naziri Nikol Paşinyanla görüşdü. Nəzərə almaq lazımdır ki, Uilyam Börns sadəcə CİA rəhbəri deyil, çox təcrübəli diplomatdır. Səhv etmirəmsə, o, vaxtilə Moskvada səfir də olub. Bu adam postsovet məkanını çox yaxşı tanıyır. Ona bölgə ilə bağlı təqdim olunan məlumatlar, hesabatlar kifayət edir ki, nə baş verdiyini çox yaxşı bilsin. Börns əla bilir ki, İrəvanda apardığı danışıqlar detallı şəkildə Putinin masasının üzərində olacaq. Amma, görünür, hansısa mesajları çatdırmaq lazımdır, hansısa şərtləri irəli sürmək lazımdır. Ona görə də CİA direktoru kimi böyük bir fiqur kiçik Cənubi Qafqaz ölkəsinə səfər edir. Əlbəttə, bunun geosiyasi pərdəarxası var. O mənada ki, son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh haqqında danışıqlarla militarist ritorika bir-birini əvəzləyir. ABŞ onu da görür ki, bölgədə müharibəyə hazırlıq gedir. Bunu açıq-aşkar görürlər. 

- Demək istəyirsiniz ki, yeni müharibə hər an başlaya bilər?

- İstənilən müharibə geosiyasi komponentə malikdir. Düz iki il bundan öncə İkinci Qarabağ müharibəsinin başlayacağına işarət edən Tovuz döyüşləri gedirdi. O zaman da bildirmişdik ki, bu əməliyyatlar nədir, bunun arxasında nələr dayanır, bunun geosiyasi komponenti nədən ibarətdir və s. Bu gün biz yenidən müharibə təhlükəsinin real olduğunu deyə bilərik. İkinci Qarabağ müharibəsi təəssüf ki, Azərbaycanın maraqları baxımından öz hədəflərinə çatmadı. Çünki son anda Rusiya işğalçı qoşunları "sülhməramlı" adı altında Azərbaycan ərazisinə - Qarabağa yeridildi.

Amma burada Rusiya da hədəfinə çatmadı. Rusiyanın Cənuba yolları kəsildi, Yaxın Şərqə kommunikasiyaları bağlandı. Diqqət edin ki, ABŞ Prezidenti Co Baydenin Yaxın Şərqə səfəri ilə Börnsün Cənubi Qafqaza səfəri zaman baxımından üst-üstə düşdü. Bu, əsla təsadüfi deyil. ABŞ-ın bu gün əsas geostrateji prioritetlərindən biri Ukraynada burnu sürtülən Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaqdır. 

Düşünmürəm ki, Cənubi Qafqazda müharibə baş verərsə, bu, sadəcə Ermənistanla Azərbaycan arasında olacaq. Söhbət Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqdan gedirsə, şübhəsiz ki, Rusiya da bu müharibəyə çəlb olunacaq. Əlbəttə, Ukraynada işğalçı müharibə aparan Rusiya istəməz ki, ikinci cəbhə açılsın. Lakin Rusiyanın rəqiblərinin marağındadır ki, ikinci cəbhə açılsın və işğalçı ölkə bir qədər də zəifləsin.

- Rusiya Cənubi Qafqazda ikinci cəbhəni kimə qarşı açacaq?

- Türkiyəyə qarşı. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Türkiyə hərbi müttəfiqdir, ortada müqavilələr var. Eyni zamanda, Türkiyənin regionla bağlı öz iddiaları, öz maraqları var. Bu gün əsas məsələ Rusiyanı təkləmək və onu İrandan ayırmaqdır. Buna nail olunması üçün ABŞ hərəkətə keçib. 

- Dediniz ki, Rusiya öz ordusunu Qarabağa yerləşdirdi, amma hədəfinə çatmadı. Hədəf təkcə qoşunun yerləşdirilməsi deyildi?

- Əlbəttə, xeyr! Rusiya İkinci Qarabağ müharibəsinin nəticələri səbəbindən ala bilmədiyi kommunikasiyaları, Yaxın Şərqə yolu almaq istəyir. Bunun üçün açıq təhdid siyasətinə keçib. Məsələn, Ermənistan-Azərbaycan sərhədində, Tovuzun Əlibəyli kəndinin bir kilometrliyində baza yaradır. Özü də həmin yerdə vaxtilə mülki hava limanı olub. Yəni ki, uşuş zolağı var. Belə çıxır ki, orada faktiki olaraq Rusiya hərbi hava qüvvələri bazası yerləşdirir.

Hesab edirəm ki, biz həmin ərazidə sərhədləri gücləndirməliyik. Çünki həmin bölgədə Azərbaycan ərazisindən neft, qaz, dəmir yolu, avtomobil yolu, elektrik xətləri keçir ki, bu kommunikasiyalar Ermənistana ən yaxın ərazidir. Bu baxımdan, demək olar ki, Rusiya bizim infrastrukturumuzu hədəfə alır. Moskva demək istəyir ki, “region mənimdir, nə istəyirəmsə, onu da edərəm, edirəm”. Təəssüf ki, rəsmi Bakıdan Rusiyanın bu oyunlarına susqunluq nümayiş olunur. Hesab edirəm ki, bu əməllərə cəmiyyətlə yanaşı, rəsmi şəkildə də etiraz edilməlidir, bunlara son qoyulması istənilməlidir.

Müəllif: Anar Bayramoğlu