“Bu ştamm qripdən ağır, ilkin koronavirusdan yüngüldür”

Cəmiyyət

11.02.2022 - 17:00

Sevinc Əhmədova: “Əldən-ələ, “Whatsapp” qruplarında gəzən məşhur sistem var - həkim “olmaz” desə belə, insanlar ondan istifadə edirlər”

Ölkəmizdə COVID-19-a yoluxmuş şəxslər ilkin vaxtlardan həm xəstəxanada, həm də ev şəraitində müalicə olunurlar. Son vaxtlarda "Omicron" ştammının daha yüngül simptomlarla müşahidə olunması və insanların özlərini ev şəraitində türkəçarə ilə müalicə etməsi isə çox adi hal alıb. COVID-19-a yoluxmaya dair test verməyən insanlar xəstəliyi adi qrip kimi müalicə edərək sağalmağa çalışırlar. Bəs bu, təhlükəli ola bilərmi?

AYNA-nın həmsöhbəti terapevt Sevinc Əhmədova söyləyib ki, “Omicron” COVID-19-un mutasiya etmiş bir növüdür və simptomları daha yüngül olur: “COVID-19-un ilkin variantına yoluxmuş və xəstəliyi yüngül keçirənlər də evdə müalicə olunuraq sağalırdılarsa, bu varianta yoluxmuş şəxslərin də evdə müalicə olunması təbiidir”.

- Həkim, COVID-19 xəstələrinin xüsusi olaraq qəbul etmələri tövsiyə olunan dərmanlar varmı?

- Xəstəliyi yüngül keçirənlərin xüsusi müalicəyə ehtiyacı yoxdur. Antibiotik bakterial müalicədir. COVID-19 isə virus xəstəliyi olduğuna görə antibiotik qəbulunun düzgün olmadığını ilk günlərdən bildirmişik. Yüngül keçən COVID-19 xəstələrinə vitamin C, D, sink, qeyri-stereoid iltihabəleyhinə preparatlar – “İbuprofen”, “Parasetamol”, “Nimesil”, eyni zamanda qandurulducu dərmanlar tövsiyə edirdik. Burun axması olduğunda burun üçün sprey, boğazda qıcıqlanma olduğunda boğaz üçün sprey, öskürək olduğunda da öskürək əleyhinə dərmanlar təyin olunur.

- Çox istifadə olunsa da, insanlarda qeyd etdiyiniz dərmanların, xüsusilə də “Nimesilin olduqca zərərli dərman olduğuna dair fikirlər var...

- “Nimesil”, “Parasetomol” qara ciyərə zərər verər deyə belə düşünürlər. Bir çox dərmanlar uzun müddət istifadə olunduğunda qara ciyəri zədələyə bilər. Bu dərmanları onsuz da xəstəliyin ilk günlərində qəbul edirlər. 3-5 günlük qəbulu kəskin toksik dərmanlar olmadığına görə zərər verməz.

- Hansı halda xəstəliyin ağırlaşdığını hesab etmək olar?

- Proses ağciyərdə gedərsə, qızdırma günlərlə düşməzsə, bəlğəmli öskürək, saturasiyanın düşməsi, hava çatışmazlığı kimi şikayətlər olduğunda xəstə müalicəsini mütləq xəstəxana şəraitində davam etdirməlidir.

- Son dönəmlərdə xəstələrdə daha çox hansı simptomları müşahidə edirsiniz?

- “Omicron” ilkin COVID-19-dakı kimi baş, əzələ-oynaq ağrısı, halsızlıq, əzginlik, burun tutulması, az hallarda iybilmə və dadbilmənin itməsi kimi simptomlarla özünü göstərir. Sadəcə ilkin variantla müqayisədə xəstələr bu variantı daha yüngül keçirirlər. Ağciyərin zədələnməsi istisna edilməsə də, çox az hallarda müşahidə edilir. Xroniki xəstəliyi olan, zəif insanlar təbii ki, yoluxduqları zaman sağlam insanlar kimi keçirə bilməzlər. Bu istisnalar olmasa, ümumilikdə demək olar ki, “Omicron” qripdən daha ağır, ilkin COVID-19-dan isə daha yüngül formada keçir.

- Həmin simptomlar dərmansız, türkəçarə ilə tamamilə aradan qaldırıla bilərmi? Çünki xəstəlikdən sağalan adamlar özlərində əlamətləri yenidən hiss etdiklərini deyir, uzun müddət simptomlardan əziyyət çəkdiklərindən şikayətlənirlər. Belə hallarda nə etmələrini tövsiyə edirsiniz?

- Əlamətlərin yenidən hiss olunması COVID-19 üçün xas xüsusiyyətdir. Yaranmış baş ağrısı, halsızlıq, əzələ-oynaq ağrısının uzun müddət davam etməsi, iybilmənin, dadbilmənin gec bərpa olunmasını ilkin variantlardan müşahidə edirdik. Qripdən fərqli olaraq COVID-19 üçün bu, normaldır. Koronavirus xəstələrində bu əlamətlərin uzun müddət davam etməsini müşahidə etmişik. Çox kəskin ağrılar olmadığı müddətcə müalicəyə ehtiyac yoxdur, əks halda isə qeyri-stereoid preparatlar, çox ciddi əzələ-oynaq ağrıları olduğunda B qrupu vitamini tövsiyə edirik. Çünki B qrupu vitaminlər əzələ-sinir ağrılarında xəstələrə kömək edir. Ümumilikdə müalicə simptomlara uyğun olur. Yüngül keçirənlər üçün bol maye qəbulu, meyvə-tərəvəz yemələri immunitetlərini gücləndirməyə bəs edir.

- Tez-tez müşahidə edirik, həkimlər xəstələrin dərman, iynə qəbul etməyə meyilli olduqlarından şikayətlənirlər. İynə-dərmansız, evdə dincələrək, bol maye qəbul etməklə sağalacağımızı deyən həkimin bizə diqqət göstərmədiyini düşünənlərimiz də az deyil. Buna münasibətiniz necədir?

- Ümumiyyətlə, COVID-19-un müalicəsində, xüsusilə də ev şəraitində sistemlərin vurulması qətiyyən arzuolunmazdır. Təzyiqi olan, ödəmə meyilli – məsələn, ayağında, göz altında şişkinlikdən şikayət edənlərə, şəkər, böyrək xəstələrinə həkim müayinəsi və təyinatı olmadan sistem vurdurmaq olmaz. Əldən-ələ, “Whatsapp” qruplarında gəzən məşhur sistem var, həkim “olmaz” desə belə, edənlər var. Deyirlər, “filankəs etmişdi, yaxşı olmuşdu, nə ziyanı var?” Amma ziyanı var. Xüsusilə də tərkibində deksametozon dərmanının olması heç arzuolunan deyil. Bunu Azərbaycanda olarkən mətbuatda çıxışlarımızda da deyirdik. Almaniyaya gəldim və gördüm ki, burada da deksametazonun istifadəsi arzuolunmazdır. Çünki hormonal dərmandır. Lazımsız istifadəsi insana xeyirdən çox zərər verər.

Təəssüf ki, sağlam, gənc insanlar sistem vurdururlar. Tərkibində deksametazon olur. Bu dərman COVID-19-da yalnız ağciyərdə zədələnmə olduğu zaman istifadə olunur. Almaniya təcrübəsində də ağciyərdə zədələnmə yoxdursa, 3 gündən artıq davam etməyən yüksək temperatur, iltihab faktorları müşahidə edilmirsə, qan dəyərləri normaldırsa, COVID-19-a yoluxmuş şəxslərin deksametazon qəbul etməsi arzuolunmazdır. Toplum olaraq bu yanlışdan uzaqlaşmalıyıq.

- Bəs niyə insanlar sistem vurdurmağa bu qədər meyillidirlər? 

- Sistem orqanizmin əlavə maye ilə yüklənməsidir. Ən çox istifadə olunan sistemlərdə adətən B, C vitaminləri, ürəyə dəstək olan bir neçə dərman qrupu istifadə olunur. Lakin həmin dərmanların da istifadəsi hazırda çox da arzuolunan deyil. Yeməyini, suyunu özü qəbul edə bilən şəxsin sistemə ehtiyacı yoxdur. Vitaminləri həb formasında qəbul etmək, bədənin maye balansını qorumaqla sistemsiz də sağalmaq olar.

- Evdə COVID-19-a yoluxmuş xəstə varsa, necəsə qorunmaq mümkündürmü?

- Bu, sadəcə immunitetə bağlı bir məsələdir. Bir ailədə yoluxmuş şəxs varsa, yerdə qalanlar heç bir simptom hiss etməyə də, yüngül simptomlarla keçirə də bilərlər. Heç bir simptom hiss etməyən şəxs ola bilsin, ya yoluxmayıb, ya da immuniteti güclüdür - yoluxsa da, simptomsuz keçirir. İmmuniteti qorumaq üçün vitaminlər qəbul etmək, yüngül narahatlıq varsa, əvvəldə də qeyd etdiyimiz dərmanlardan istifadə etmək olar. Heç bir şikayəti olmayan şəxs vitamin qəbul edə bilər, amma “bu, onu yüz faiz COVID-19-dan qoruyacaq” deyə bilmərik.

Xəstəliyi hiss edən insan mütləq özünü təcrid etməlidir. Tibbi maskadan istifadə etmək lazımdır. Çünki tibbi maska başqalarını səndən qoruyur. Buna görə məsuliyyətli olmaq lazımdır. Qaydalar yumşaldıqca insanlar tibbi maskadan istifadəni yaddan çıxarırlar. Lakin adi qrip zamanı da özündə narahatlıq hiss edən şəxs tibbi maska taxmalıdır. Adi qripi də yüngül keçirməyən insanlar var.

- Karantin müddəti 7 gün azaldılsa da, simptomları özündə 10 gündən artıq hiss edən adamlar var. Hər kəs üçün karantin müddətinin 7 gün olması keçərlidirmi?

- 7 gündən sonra iki sutka ərzində özündə hansısa simptom hiss etməyən şəxs karantin müddətini tamamlaya bilər. Yox, əgər simptomları hiss edirsə, karantin müddəti davam etməlidir. 

Müəllif: Aləmdə Nəsib