Qida Təhlükəsizliyi Agentliyindən xəbərdarlıq

Cəmiyyət

03.12.2019 - 12:41

AQTA balıqçılıq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlara çağırış edir

 

Məlum olduğu kimi, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qida təhlükəsizliyi qeydiyyatına alınır. Qanunvericiliyə əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin qida sahəsində fəaliyyət göstərməsi qadağandır.

 

Eyni zamanda, 12 iyul 2019-cu il tarixində “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasında minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal edilmiş balıq məhsulları ticarət dövriyyəsinə daxil edilə bilər.

 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yuxarıda göstərilənlərə əsasən, balıq məhsullarının ölkəyə idxalı ilə məşğul olan, həmçinin həmin məhsulları istehsal edən təsərrüfat subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınmasını zəruri hesab edir. Qurumun mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, bununla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələblərinin diqqətə çatdırılması və yeni dəyişikliklər barədə məlumat verilməsi məqsədilə balıq və balıq məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüşlər keçirilib, onlara rəsmi məktublar göndərilib və yeni qaydaların icrası ilə bağlı təlimatlar verilib.

 

AQTA sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara bir daha müraciət edərək bildirir ki, 1 yanvar 2020-ci il tarixinə qədər ölkəyə idxal olunan balıq və balıq məhsullarının istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatından keçirilməsi təmin edilməlidir. Göstərilən tarixdən etibarən qeydiyyatdan keçməmiş müəssisələrdə istehsal olunmuş balıq və balıq məhsullarının ölkəyə idxalına yol verilməyəcək.

Müəllif: Ayna.az