“Burada yalnız xəstəxanaya düşən insanlar testdən keçirilir”
Braziliyada koronavirusdan ölənlərin sayında ən yüksək artım qeydə alınıb. AYNA xaric mediaya istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, son sutkada 881 yeni ölüm faktı qeydə alınıb. Hazırda ölənlərin ümumi sayı 12 min 400 nəfərdir.
Latın Amerikasının hazırda pandemiya mərkəzinə çevrilməsi, Braziliyanın ölüm hallarına görə dünya üzrə altıncı ölkə olması fakt olaraq qalır.
Mütəxəssislər isə hesab edir ki, ölkədə kifayət qədər testlərin olmaması səbəbindən real rəqəm daha yüksəkdir. "Braziliya yalnız xəstəxanaya düşən insanları sınaqdan keçirir", deyə Sao Paulo Tibb Məktəbinin rəhbəri Domingo Alves jurnalistlərə bildirib.
"Mövcud məlumatlara əsasən, nəyin baş verdiyini demək çətindir. Mövcud durumu idarə etmək üçün real siyasətimiz yoxdur. İnfeksiyaya yoluxanların həqiqi sayının rəsmi rəqəmdən 15 qat daha çox olduğunu təxmin edirik”, deyə Alves vurğulayıb.
Rəsmilər bildirir ki, hazırda ölkədə təsdiqlənmiş yoluxma halların sayı 177 min 589-a bərabərdir. Son sutkada 9000-dən çox braziliyalının Covid-19-a yoluxması aşkarlanıb. Braziliya yoluxmaya görə Almaniyanı (170 min insan) keçib.