"Zaman və beynəlxalq vəziyyət necə dəyişsə də, ənənəvi Çin-Koreya dostluğu sarsılmaz olaraq qalır”
“Çin Şimali Koreya ilə ənənəvi dostluğunu gücləndirmək və iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək niyyətindədir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Çin lideri Si Cinpin bu gün başlayan Şimali Koreyaya iki günlük dövlət səfəri münasibətilə "Rodong Sinmun" qəzetində dərc olunmuş məqaləsində deyib.
Çin lideri qeyd edib ki, bu il iki ölkə arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanmasının 65-ci ildönümüdür. O bildirib ki, ənənəvi Çin-Koreya dostluğu iki partiyanın, iki ölkənin və hər iki ölkə xalqlarının dəyərli ortaq sərvətidir.
"Zaman və beynəlxalq vəziyyət necə dəyişsə də, ənənəvi Çin-Koreya dostluğu sarsılmaz olaraq qalır, daim möhkəmlənir və öz canlılığını qoruyub saxlayır", - deyə Si Cinpin vurğulayıb.
Çin lideri son illərdə Koreya Əmək Partiyasının baş katibi və Şimali Koreya lideri Kim Çen Inla altı dəfə görüşdüyünü xatırladıb. Si Cinpin qeyd edib ki, “iki tərəf sıx strateji əlaqələr saxlayır və ikitərəfli münasibətlərin gələcək inkişafı üçün istiqamətləri birgə müəyyən edir”.
Çin lideri Çin və Şimali Koreyanın mehriban qonşular olduğunu və ortaq sosializm ideallarının ikitərəfli əlaqələr üçün mühüm təməl olduğunu qeyd edib. O iki partiya və ölkə arasında əməkdaşlığın gücləndirilməsinin hər iki ölkənin inkişafına və xalqlarının rifahının yaxşılaşdırılmasına töhfə verəcəyinə əminliyini bildirib.
Çin lideri həmçinin iki ölkə xalqları arasında tarixi əlaqələrin əhəmiyyətini vurğulayıb. O bildirib ki, milli müstəqillik və azadlıq uğrunda mübarizələrində Çin və Koreya xalqları çətinliklərin öhdəsindən birlikdə gəlib və güclü yoldaşlıq və qarşılıqlı dəstək ənənəsi formalaşdırıblar.