Balkan qarşıdurmasında Kreml “barmağı” – Putin hədəfdən yayınmağa çalışır

Aktual

01.08.2022 - 14:25

Politoloq: “Rusiya Ukraynanın əks hücumlarının qarşısını ala bilmək üçün Avropada yeni münaqişə ocağının alovlanmasını istəyir”

Ötən gün axşam saatlarında Kosova ilə Serbiya arasında insident baş verib. Kosovanın şimal bölgələrində, Kosovska-Mitrovitsada hava hücumu siqnalları işə düşüb, serblər Rudare, Priştina-Leposaviç şossesində və şəhərin yaxınlığında barrikadalar qurublar. Kosovanın sərhəd polisinin “Yarinye” inzibati mərkəzindən çox uzaqda yerləşən yeni bazası qarşısında avtomat silahlar, dəbilqələr və gülləkeçirməz jiletlər olan çoxlu sayda çevik reaksiya bölməsinin döyüşçüləri yerləşdirilib. Şəhərin cənub hissəsində, şimal tərəfə aparan körpünün yaxınlığında 200-ə yaxın alban toplaşıb.

Qeyd edək ki, daha əvvəl Kosova hökumətinin bu ölkədəki serblərə qarşı tətbiq etdiyi yeni qaydalar gərginliyin yenidən artmasına səbəb olub. Yeni qaydalara əsasən, avqustun 1-dən etibarən Serbiyaya məxsus şəxsiyyət vəsiqəsi və pasportları olanların Kosovaya girişi qadağan olunur. Bildirilir ki, ölkəyə daxil olan serblərə 90 gün qüvvədə olan icazə sənədi veriləcək. Lakin ölkədə yaşayan serblər qaydalara etiraz əlaməti olaraq şimalda, Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, barrikadalar qurublar. Kosova polisi isə “Brnyak” və “Yarinye” sərhəd-keçid məntəqələrini bağlayıb.

Bu gün isə məlumat yayılıb ki, qadağa prosedurunun tətbiqi sentyabrın 1-dək təxirə salınıb. Bu barədə Kosova hökumətinin bəyanatında deyilir: “Kosova hökuməti ölkənin şimalında yolların bağlanmasını və orada silahlı şəxslərin polisə atəş açmasını qətiyyətlə pisləyir. Söhbət Kosovanın sabitliyini pozmaq, vətəndaşların və ölkəmizin sülh və təhlükəsizliyinə təhlükə yaratmaq meyillərindən gedir”.

Rəsmi Priştina iğtişaşların təşkilinə görə rəsmi Belqradı ittiham edib. Qeyd olunur ki, bu hadisələrə görə qismən tanınan ölkənin hakimiyyət orqanları amerikalı və avropalı tərəfdaşlarla görüşüblər: “Kosova hökuməti iki qərarın icrasını 2022-ci il sentyabrın 1-dək bütün barrikadaların aradan qaldırılacağı və Kosovanın şimalında tam azadlığın bərqərar olacağı tarixədək təxirə salmağa sadiqdir. Biz beynəlxalq tərəfdaşlara, xüsusilə ABŞ səfirinə töhfələrinə görə minnətdarıq”.

Milli Strateji Tətqiqatlar Mərkəzinin sədri Natiq Miri baş verənlərlə bağlı AYNA-ya müsahibəsində deyib ki, Balkanlarda süni şəkildə yaradılan bu gərginlik Rusiya-Ukrayna, Rusiya-Qərb qarşıdurması kontekstindədir:

- Ukraynada baş verən qarşıdurma digər regionlara transformasiya olunmaqdadır. Gərginliyi Orta Asiyada, Çinlə ABŞ arasında, Əfqanıstanla İran arasında, ən nəhayət, Cənubi Qafqazda müşahidə edirik. Düşünürəm ki, Balkanlarda yaranan hərbi gərginlik spontan baş vermir və Kosova rəhbərliyinin serblər üçün sərhəd keçidi ilə bağlı verdiyi qərarla əlaqəli deyil. Baxın, Kosova bu məsələ ilə bağlı qadağaların tətbiqinə sentyabr ayınadək məhdudiyyət qoydu. Bir şərtlə ki, yaradılan barrikadalar birdəfəlik aradan qaldırılsın. Çox maraqlıdır ki, Serbiya Prezidenti Vuçiç belə bir açıqlama verdi ki, guya Kosova Serbiyaya hücum etmək niyyətindədir. Əslində bu, reallığı əks etdirmir. Çünki Kosovanın Serbiyaya hücum edəcək səviyyədə hərbi qüdrəti yoxdur. Bütün dünya bilir və Serbiya Prezidentinin açıqlamasını hər kəs gülüşlə qarşılayır. Ayrıca, bu gün Kosovada yaşayan serblərin də Kosovaya qarşı hansısa ciddi müharibə etmək imkanları, hərbi gücü yoxdur. Demək ki, ortada konkret geosiyasi niyyətlər var.

- Bu niyyətlər hansı qüvvəyə aiddir və nələrdən ibarətdir?

- Bu niyyətin arxasında güman ki, Rusiya dayanır. Rusiyanın da məqsədi odur ki, hazırkı vəziyyətdə diqqətləri özündən yayındırsın. Bu gün Rusiya Ukrayna Ordusunun əks-hücuma keçməsi təhlükəsi ilə üz-üzədir. Bu təhlükə çox realdır. Ukrayna əks-hücuma başladığı təqdirdə Rusiyanın işğal etdiyi Xerson vilayətini, ardınca cənubdakı ərazilərin tamamını azad edə bilər. Bu, Ukraynanın dənizə çıxış problemini birdəfəlik həll etmiş olacaq.  Bununla da Rusiya çox ağır məğlubiyyətə uğrayacaq ki, bunu Putinin Rusiya ictimaiyyətinə açıqlaması mümkün deyil. Çünki Donbasda başladılan işğal əməliyyat nəticə verməyib, hədəflərə çatılmayıb. Hələ də nə Luqanskda, nə də Donetskdə Rusiya qoşunları inzibati sərhədlərə çıxa bilib.

Sabah rus xalqı Kremldən bu uğursuzluğun səbəbini soruşacaq. Putini bu amil çox qorxudur. Ona görə də Kremlin Qərbdəki emissarları hərəkətə keçiblər və danışıqlarla atəşkəsə nail olmaq istəyirlər. Ukrayna taxılının daşınması üçün “Taxıl dəhlizi” razılaşmasının kökündə dayanan səbəblərdən də biri məhz budur. Rusiya bu razılaşmaya humanitar baxımdan razı olmadı. Kremlin humanitar anlayışı olsaydı, Ukraynanın şəhərlərində dinc insanları kütləvi şəkildə qətlə yetirməzdi, mülki əhalini raket atəşinə tutmazdı.

Eyni zamanda, güman ki, Rusiya Avropadakı müttəfiqi Serbiyadan vəziyyəti gərginləşdirmək, diqqətləri özündən yayındırmaq üçün xahiş edib. Serbiya-Kosova sərhədindəki olaylar da hesab edirəm ki, bununla bağlıdır. Rusiya Ukraynanın əks hücumlarının qarşısının alınması üçün Avropada yeni münaqişə ocağının alovlanmasını istəyir. Bu gün iki minə yaxın Rusiya hərbçisi Xersonda mühasirə altındadır. Hərbçilərə gələn təchizat Ukrayna tərəfindən yerindəcə məhv edilir. İndi Kreml rəhbərliyi atəşkəsin əldə olunmasını istəyir ki, məğlubiyyətdən qaça bilsin. Qərbin Avropada münaqişənin genişlənməsini istəməyəcəyini anladığı üçün Serbiya ilə Kosova arasında süni hərbi gərginliyin yaranmasına nail olmağa cəhd göstərir.

- Serbiya ilə Kosova arasındakı insident genişlənə, böyük müharibəyə çevrilə bilərmi?

- Serbiya Kosovanı yenidən öz tərkibinə qaytara bilməyəcək. Bunun mümkün olmadığını rəsmi Belqrad da anlayır. Serbiya başa düşür ki, Rusiya indi çətin və zəif durumdadır və belə halda onlara dəstək verə bilməz. Serbiya sadəcə belə qısamüddətli təxribatlarla Rusiyanın geosiyasi maraqlarına xidmət edir. Eyni zamanda, Belqrad özünün maraqlarını Avropada təmin etmək niyyəti güdür. Məlumdur ki, Serbiya hər zamankı kimi, indi də Rusiyanın strateji müttəfiqi və qardaşı statusunda çıxış edir. Ona görə də Serbiya Belarus kimi Moskvanın tələblərindən imtina edə bilmir. Doğrudur, Lukaşenko müəyyən manevrlər edərək zamana oynayır, bəzi tələblərdən yayınır. Amma Vuçiç Lukaşenko deyil.

Düşünürəm ki, Serbiya belə insidentlərlə Avropadan müəyyən güzəştlər qazanmaq niyyətindədir. Çünki Vuçiç anlayır ki, Kosova ilə insident genişmiqyaslı müharibəyə çevrilməyəcək. Çünki nə Serbiyanın, nə Kosovadakı serblərin, nə də Kosovanın ciddi hərbi gücü yoxdur. Ayrıca, müharibə olarsa, prosesə Kosovanın təhlükəsizliyinin təminatçısı olaraq NATO qoşulacaq. Bu, Serbiyaya müsbət nəsə vəd etmir. Bu baxımdan, böyük müharibə gözlənilmir. Qısamüddətli nəticəyə hesablanmış insidentdir.

Müəllif: Anar Bayramoğlu