Stalin yazırdı: “Qalan qüvvələrlə Bakı rayonunu asanlıqla tutmaq mümkündür”
Azərbaycandan neft almaq imkanı ehtimalının təsirsiz qalmadığı vəziyyətdə, fevralın 13-də Çiçerinin müavini Qaraxan Kirova teleqram göndərir və Azərbaycanın müstəqilliyini tanımada Diyar Komitəsini, təkrar təkidlərə vadar edən mülahizələrə aydınlıq məqsədilə bir sıra (Azərbaycan hökumətinin daxili və xarici siyasəti ilə bağlı) məlumatlar tələb edir: “Yalnız bu məlumatları aldıqdan sonra tanıma barədə məsələni həll etmək olar”.
Sorğuya cavab Diyar Komitəsindən öncə AK(b)P MK-dan verilir. Belə ki, fevralın 11-də Bakıda gizli şəraitdə RK(b) P Bakı Komitəsinin, “Hümmət” və “Ədalət” təşkilatlarının qurultayı oldu. “…Bütün kommunist partiyalarını “Azərbaycan Kommunist (bolşeviklər) Partiyası” adı altında birləşdirmək” lazım bilindi. “AK(b)P” ideyası birmənalı qarşılanmadı. Qafqaz Diyar Komitəsinin Gürcüstandan olan üzvləri etiraz mövqeyində dayanmışdılar. RK(b)P MK “təcili sərəncamla məsələnin lazımi həllini təmin etmiş”, AK(b)P “Qafqaz ölkə təşkilatının bir hissəsi elan edilmiş və o, “Qafqaz ölkə komitəsini öz rəhbər orqanı” hesab etmişdi. AK(b)P-nin I qurultayı inqilabi çıxışı qərarlaşdırdı. Tezliklə siyasi xəttin əks qütbə dəyişməsi səbəbindən AK(b)P MK fevralın 17-də keçirdiyi iclasında Azərbaycanın müstəqilliyi ilə bağlı RSFSR XİK-nın yeni sorğusunu müzakirə edib, müstəqilliyi tanıma aktını lüzumsuz və faydasız hesab etdiyini Moskvaya bildirmək qərarına gəlmişdi.
Azərbaycanın müstəqilliyinin Rusiya tərəfindən tanınması məsələsi taktiki məna daşıdığından prinsipial əhəmiyyət kəsb etmirdi. Prinsipial olan Bakının ələ keçirilməsi idi. Hələ 1919-cu ilin fevralında “…bakılıların əhval-ruhiyyəsindən sürətli və həlledici hərəkət üçün istifadə” göstərişi alan Xəzər-Qafqaz cəbhəsinin hərbi inqilab şurası məqsədyönlü tədbirlər görürdü. Qafqaz cəbhəsindəki qələbə Bakını almağın başlıca şərti idi. Fevralın 19-da Leninin Stalinə tapşırığı həmin istiqamətdə olmuşdu: “Denikini axıradək əzməyi ən vacib, təxirəsalınmaz vəzifə hesab edir, bunun üçün siz Qafqaz cəbhəsinə kömək göndərməyi var qüvvə ilə sürətləndirməlisiniz”. Stalini “idarə səlahiyyətləri haqqında höcətləşməməyə” çağıran Lenin Cənub-Qərb cəbhəsindən Qafqaz cəbhəsinə qoşun gətirilməsini də ona həvalə etdi. Lakin Qərb cəbhəsindəki vəziyyətin ağırlaşması qırmızı ordu hissələrini cənub (Qafqaz) cəbhəsindən qərb (Polşa) istiqamətində yerləşdirməyi tələb edirdi. Bu səbəbdən də Lenin qısa bir müddət üçün Azərbaycan hökumətinə qarşı sərt hərbi-diplomatik təzyiq xəttində tərəddüd etdi.
Martın 11-də L.Trotskiyə teleqramında yazırdı: “Xan Xoyski mübahisə etsə də, danışıqlara bərk can atır. Əgər bütün qüvvələri Polşaya və Finlandiyaya qarşı yönəltmək lazım gəlsəydi və dinc yolla neft əldə etmək mümkün olsaydı, orada müharibəni təxirə salmaq yaxşı olmazdımı…”, “…indi başlıca vəzifə Qafqaz əmək ordusu deyil, Qərb cəbhəsinə ən tezliklə maksimum qoşun yeridilməsini hazırlamaqdır”, - deyən Lenin düz 6 gün sonra tarixdə çox məşhur teleqramlarından birini Şmilqaya və Orconikidzeyə göndərdi: “Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin… Qüvvələr yeridilməsi haqqında Baş komandanla şərtləşin”.
Teleqramın surətində Orconikidze yazmışdı: “Teleqram Bakıya hücum hazırlanması dövrünə aiddir. Əməliyyat hazırlanmışdı…”. Hazırlanan əməliyyatın gerçəkləşməsi 40 gün uzandı. Son dərəcə qətiyyətli görünən Lenin ehtiyatlı davranmağı da unutmurdu: “…bəyanatlarda son dərəcə diplomatik olmaq və möhkəm yerli Sovet hakimiyyəti hazırlandığını tamamilə yəqin etmək lazımdır”.
Bu ehtiyatın mənbəyində Azərbaycan hökumətinin prinsipial müqaviməti, Qərb cəbhəsindəki gərgin vəziyyətlə yanaşı, Bakıda 1918-ci ildəki sovet hakimiyyətinin aqibətindən çıxan dərslər də dayanırdı. Ən mühümü isə Azərbaycanın müstəqilliyinin Avropa ölkələri tərəfindən tanınmasından irəli gəlirdi. Məhz bu baxımdan “Gürcüstan haqqında da eynilə hərəkət etməli, özü də Gürcüstana daha ehtiyatla yanaşmağı” məsləhət görürdü. Gürcüstana qarşı “daha ehtiyatlı” siyasət isə beynəlxalq səviyyədə bu ölkəyə olan münasibətdən, gürcü siyasi elitasını dəyərləndirmədən, bolşevik elitasının gürcü liderləri ilə təmaslarından qaynaqlana bilərdi. L.Trotski də həmin mövqeni paylaşırdı. Gürcüstana tam toxunulmazlıq və neft vəd edib, onunla iş birliyi qurmaq tərəfdarı idi. Bunun müqabilində Bakıya sahib olmaq planı baş tuta bilərdi.
“Azərbaycanın Gürcüstan tərəfindən dəstəklənmək imkanını diqqətdə saxlamağı” tapşıran Troski martın 21-də Stalindən soruşurdu ki, Bakını ələ keçirib saxlamaq üçün dərhal əməliyyat keçirməyi mümkünmü hesab edir. Stalindən cavab elə həmin gün alındı: “Qalan qüvvələrlə Bakı rayonunu asanlıqla tutmaq mümkündür”. Bitərəflilik vəd etməklə, Stalin gürcüləri təhlükəsiz hesab edirdi. Səhəri gün, martın 22-də Trotski bütün keçmiş Bakı quberniyası rayonunu ələ keçirmək məqsədilə Bakı üzərinə ümumi istiqamətdə hücumu davam etdirmək vəzifəsi haqqında tapşırıq verdi. 6 gün sonra bu vəzifənin icrasına başlanmışdı. Eyni zaman kəsiyində RK(b)P Qafqaz Diyar Komitəsi Azərbaycanla ticari münasibətlər qurmaq cəhdi göstərirdi. Azərbaycan hökumətinin Rusiyaya iqtisadi əməkdaşlıq təklifli müraciəti təsirsiz qalmamışdı.
Martın axırlarında Azərbaycan hökuməti ilə neft və neft məhsullarının Volqa yolu ilə Mərkəzə (Rusiyaya) çatdırılması haqqında saziş bağlandı. Lakin Bakıda imzalanmış saziş Moskvada dəstək qazanmadı. Aprelin əvvəlləri üçün XI sovet ordusu hissələri Azərbaycan sərhədlərinə lap yaxınlaşmış vəziyyətdə idi. Bu vəziyyəti görən F.Xoyski aprelin 15-də Çiçerinə sonuncu notasını göndərdi, sovet qoşunlarının Azərbaycan sərhədləri yaxınlığında cəmlənməsinin səbəb və məqsədləri haqqında təcili məlumat verməyi xahiş etdi. Sovet hökuməti diplomatik manevrdən imtina etmədi. İki gün sonra, aprelin 17-də Azərbaycanla ticarət-iqtisadi əlaqələr yaratmağa razılıq məzmunlu teleqram göndərdi. Çiçerinin müavini Qaraxandan Sovet Rusiyasının ticarət-iqtisadi münasibətlərə dair danışıqlara hazır olması haqqında teleqram alındı.
Diqqəti az sonra Azərbaycana qarşı həyata keçiriləcək hərbi müdaxilə planından yayındırmaq məqsədilə atılmış bu addımı Rusiya Baş yanacaq idarəsinin Qafqazdakı təmsilçisi N.Solovyov tənqidə məruz qoydu. “Diyar Komitəsinin siyasi işinə zərər vurduğu və neftin nəqlini ləngitdiyi” səbəbindən Qaraxanın fəaliyyətini ittiham edən teleqramı Leninə və Rıkova göndərdi.
Rusiya xalq xarici işlər komissarlığının diplomatik manevrləri, Leninin ehtiyatlı davranmağa dair təlimatı Azərbaycana hərbi müdaxiləni beynəlxalq səviyyədə pərdələməyə xidmət etdiyi halda, Rusiya xalq komissarları Sovetinin bir sıra nümayəndələri, o cümlədən Bakı neftini yubanmadan, asanlıqla əldə etmək istəyən məmurlar Rusiya hakimiyyətinin Azərbaycana qarşı sərt siyasətinin, təzyiqinin davam etdirilməsini faydalı sayırdılar. Qaraxanın «ticarət-iqtisadi» sahədə olsa belə, danışıqlara hazır olduqlarını bildirməsini müsəlmanların mövqeyini gücləndirməsi, (AC) hökumətini daha az sözəbaxan etməsi kimi qiymətləndirirdilər. Belə olduğu təqdirdə isə neftin az həcmdə, böyük ləngimələrlə və çox baha qiymətlə göndəriləcəyini proqnozlaşdırırdılar.
Firdovsiyyə Əhmədova
Tarix üzrə fəlsəfə doktoru, dosent