"Avropada yaşamaq üçün mütəxəssis olmalısan, əks halda sürünəcəksən"

Cəmiyyət

27.07.2019 - 10:34

Billurə Bayramova Bernard

 

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi “Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi” təşkil edib. Düşərgədə dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar təmsil olunublar. Bir neçə gün müddətində düşərgədə qalan soydaşlarımız Azərbaycanın dilbər guşələri ilə tanış olublar.

 

Düşərgədə Fransa vətəndaşı olan, ancaq Nigeriyada yaşayan və özünə orada kiçik biznes quran, Azərbaycan əsilli Billurə Bayramova Bernard da iştirak edirdi. Fürsətdən istifadə edib Billurə xanımı AYNA-nın oxucuları ilə yaxından tanış etmək istədik.

 

- Billurə xanım, istərdik ki, bir qədər özünüz haqqında məlumat verəsiniz. Necə oldu ki, Fransa vətəndaşı oldunuz və niyə Nigeriyada yaşayırsınız?

 

- İsmayıllının Lahıc kəndində böyümüşəm. Təhsilimi Azərbaycanda almışam. “Təfəkkür” və Azərbaycan Dövlət İqtisadiyyat universitetlərində təhsil almışam. Daha sonra uşaqlıq arzumu reallaşdırmaq qərarına gəldim və İsveç Krallığında iqtisadiyyat üzrə magistr təhsil aldım. Sonra yenidən Azərbaycana geri qayıtdım. Uzun illər sevgilim olan, Fransa vətəndaşı Anton Bernard ilə ailə qurub Fransaya köçdük. Bir neçə il Fransada yaşadıq. 2013-cü ildə yoldaşımın işlədiyi neft şirkəti ona Nigeriyada işləmək təklifi irəli sürdü. Həyat yoldaşım iş təklifini qəbul etdi və biz Nigeriyaya köçdük. Artıq 6 ildir Nigeriyada yaşayırıq.

Billura Bernard adlı şəxsin şəkli.

- Fərqli mühit, fərqli insanlar və mədəniyyətlər. Necə uyğunlaşa bildiniz?

 

- Doğrudur, hər bir ölkə fərqli mədəniyyətə malikdir. Amma hər birində ingilis dilindən istifadə edə bilirəm deyə, problemim olmur. İnsanları dinlərinə və irqinə görə ayırmıram. Ona görə tez uyğunlaşıram.

 

- Azərbaycanda xarici vətəndaşlara çox hörmət edirlər. Yaşadığınız ölkələrdə də elədir?

 

- Avropada, hətta Afrikada da dilə, dinə önəm vermirlər. Onlar üçün insan faktoru öndədir. Qarşı tərəfə hörmətlə yanaşırlar. Fransanın özündə miqrantlar çoxdur, onlara hüquqların verilməsi, sosial yardımlar olunması insanları cəlb edir. Amma Fransa kimi ölkədə yaşamaq asan deyil. Çünki sistem var. Afrika və ərəb ölkələrindən gələnlərə sistemə öyrəşmədikləri üçün çətin olur. Dini cəhətdən isə heç vaxt bu fərqliliyi hiss etməmişəm. Çünki özüm də bütün dinlərə hörmət edirəm. Fransa xristian ölkəsidir. Orada yaşayan müsəlmanlar da, yaxşı olar ki, ölkənin dininə hörmət etsinlər. Amma oradakı əksər müsəlmanlar dövlətin qanunlarına qarşı çıxır, müsəlmanlara uyğun qanunlar tələb edirlər. Məsələn, yeməkxanalarda halal yeməklər tələb edirlər. Və ya təhsil müəssisələrində üzgücülük dərslərində qızlar üçün hovuz saatlarının fərqli olmasını tələb edirlər. Fransa hökuməti bu məsələlərə də baxır, sadəcə orada niqab qadağandır. Bu da təhlükəsizlik baxımından, terror hallarının qarşısını almaq üçün verilən qərardır.

 

- Xarici vətəndaşla ailəq qurmaq çətin deyil?

 

- Uşaqlıqdan öz ideyalarım olub və mübarizə aparmışam. 5-6 yaşım olanda Böyük Britaniyanın Baş Naziri Marqaret Tetçer idealım idi. Hətta o vaxt jurnalist olmaq istəyirdim. Anam xalçaçı idi, ondan müsahibələr də alırdım. O vaxt da, elə indi də insanlarla çox ünsiyyətdə oluram. Belə qənaətə gəlirəm ki, Azərbaycanda insanlarda “başqaları nə deyər” məsələsi hələ də gündəmdədir. Onlar özləri üçün yox, başqalarına görə yaşayırlar. Mən isə elə deyiləm. Azərbaycanda bir gəncin universitetə daxil olması, işləməsi uğur kimi qələmə verilir. Avropada isə bu, hər bir insanın adi həyatda etməli olduğu işdir.  Avropada valideynlər övladları üçün sənət seçmirlər, onları həmin universiteti bitirməyə məcbur etmirlər.

 

Bu gün çoxu elə bilir ki, ailəsi ilə Avropaya gedib rahat yaşaya biləcək. Bu, mümkün deyil. Avropada vergilər, yol xərcləri həddindən artıq yüksəkdir. Gərək mütəxəssis olasan ki, sənə ehtiyac olsun və o zaman normal yaşaya biləsən. Əks halda həmin ailə Avropada yaşaya bilməyəcək, sürünəcək. Mən Bakıya gələndə ancaq taksidən istifadə edirəm, çünki ucuzdur. Amma Avropada adi bir qatara minəndə 8 avro ödəyirəm. Metroda gedişhaqqı isə 1.5 avrodur. Hamı deyir ki, Avropada əməkhaqları yüksəkdir. Ancaq nəzərə almırlar ki, xərclər də çoxdur.

Billura Bernard adlı şəxsin şəkli.

- Nigeriyada yaşayış necədir?

 

- Ölkə çox böyükdür, 200 milyon əhalisi var. Onun bir neçə milyonunun heç şəhadətnaməsi belə, yoxdur. İnsanlar son illər təhsilə daha çox can atırlar. Nigeriyada rüşvətsiz heç nə edə bilməzsiniz. Rüşvət verməsəniz, sizi o qədər incidəcəklər ki, məcbur qalıb, özünüz rüşvət verməyi təklif edəcəksiniz.

 

- Yoldaşınız xristiandır, siz isə müsəlman. Ailədə bununla bağlı problemləriniz yaranmır?

 

- Mənimçün insanlıq amili əsas olduğu üçün dinə diqqət ayırmıram. Bizdə hər iki dinin bayramları keçirilir, Azərbaycanın və Fransanın dövlət bayramları qeyd edilir. Nigeriyada yaşadığımız üçün həmin dövlətin də adət-ənənələrinə diqqət edirik. Müsəlmanlardansa xristianlar daha çox xeyriyyə işləri görürlər. Xristianlar var ki, bir çox ana-atası olmayan nigeriyalı uşağı övladlığa götürüb və özləri ilə Avropaya aparıblar. Və ya bir neçə nigeriyalının təhsil haqlarını ödəməyi öhdəliyinə götürüb və edirlər.

 

Amma ətrafımda imkanlı müsəlmanlar var, onlar Ramazan, Qurban bayramlarında digər müsəlmanlardan pul toplayıb iftar süfrəsi verirlər. Hətta ateistlər də öz övladları ola-ola uşaqları himayəyə götürürlər. Çətin proses olsa da, bunu edirlər. Bu gün himayəyə götürülən kimsəsiz uşaqlar İtaliyada, Belçikada və digər ölkələrdə yaşayırlar. Amma bir müsəlman bunu etmir. Məhz bunlara görə mənim üçün din yox, insanlıq önəmlidir. Bu arada, qeyd edim ki, İsveçə gedənə kimi heç kim məndən hansı dinə mənsub olduğumu soruşmayıb. Orada başqa xalqa məxsus bir şəxs məndən soruşdu ki, sən hansı Allaha inanırsan? Tutuldum. Cavab verdim ki, sən hansı Allaha inanirsan, mən də həmin Allaha inanıram.

 

 - Azərbaycanı xaricdə necə təbliğ edirsiniz?

 

- Azərbaycanı tolerant ölkə kimi təbliğ edirəm. Eyni zamanda, milli yeməklərimizi də tanıdıram.

Billura Bernard adlı şəxsin şəkli.

- Övladlarınız Azərbaycan dilini bilir ?

 

- Üç oğlum var. Nigeriyada fransız məktəbində oxuyurlar. Evdə uşaqlarla Azərbaycan dilində danışıram. Onlar isə mənə ingilis və fransız dilində cavab verirlər. Böyük oğlum isə Azərbaycan dilində danışa bilir. Onlara Azrbaycan haqqında çox danışıram. Hər il Azərbaycana gətirirəm, görməli yerlərini gəzdirirəm. Evdə də Azərbaycan bayrağı, kitablarımız, xalçalarımız var. Azərbaycan mətbəxinə aid xörəklər bişirirəm. Dadlı bişirdiyim üçün, hətta restoran açaraq biznes də qurdum.

 

- Bu riskli qərara necə gəldiniz?

 

- Etiraf edək ki, Azərbaycan mətbəxi dünyada ən dadlı yeməkləri ilə seçilir. Təhsil alanda da dostlarım deyirdilər ki, mən dadlı bişirirəm. Bir dəfə Nigeriyada bir menyu ilə tanış oldum. O menyuda erməni qutabı, erməni dolması yazılmışdı. Qeyd edim ki, Nigeriyada suriyalılar və livanlılar çox yaşayır. Həmin livanlılar IX əsrdə Livana köçən, daha sonra başqa ölkələrə köç edən ermənilərdir. Vaxtilə Livandan gələn ermənilər indi Nigeriyada da bizim yeməkləri öz yeməkləri kimi təqdim edirlər.

 

Mən Nigeriyada bir çox təşkilatlarda könüllü işləmişəm. Düşündüm ki, boş vaxtım var, ondansa öz biznesimi qurum. Və evimdə xarici vətəndaşlar üçün yemək kursları təşkil etdim. Çox sevildi və tələbat artdı. Başladım evimi restoran edib, müştəriləri dəvət etməyə. Avropada bir çox insan evini restoran edərək, bişirdikləri yeməkləri müştərilərə təqdim edir. Mən də bunu Nigeriyada tətbiq elədim.

 

- Azərbaycan mətbəxindən daha çox nələri bişirirsiz?

 

- Düşbərə, qutab, plov və digər milli yeməklərimizi təqdim edirəm. Amma mütləq insanların ağız dadını nəzərə alaraq yeməyi milli edirəmsə, deserti Avropa mətbəxindən edirəm. Həftədə bir dəfə bunu edirik. Menyular da hər dəfə dəyişir. Çalışıram, Azərbaycan yeməklərini gözəl təqdim edim, onların tarixini danışım. Elə edim ki, qarşımdakı xarici vətəndaşlar bunları dərk etsin və qəbul etsin. Hətta yaxın zamanlarda tələbat olduğu üçün restoran açmağı da düşünürəm.

Billura Bernard adlı şəxsin şəkli.

-  Qiymətlər necədir?

 

- Xərcləri nəzərə alıb, elə qiymət qoyuruq ki, xərclərimizi də çıxaraq, köməkçilərin də haqqını ödəyə bilim. Oradan gələn gəlirlə Azərbaycanın təbliğini reallaşdıracam. Xaricdə yaşayan vətəndaşların çoxu Diasporla İş üzrə Dövlət Komitəsindən kömək gözləyir. Bu isə, doğru deyil.

 

- Nə vaxtsa Azərbaycana geri dönəcəksiniz?

 

- Azərbaycana dönməsəm də, vətənimə bağlıyam. Həyat yoldaşım da mənə dəstək olur ki, Azərbaycanı tanıdım. “Azərbaycanın dostları” adlı təşkilatım da var. Yoldaşımın dəstəyi ilə tədbirlər keçirirəm, Azərbaycanı təbliğ edirəm və edəcəyəm də. Restorandan gələn gəlirlərimlə təşkilatda işlər görürəm. Keçən il Cümhuriyyətin 100 illiyi ilə bağlı Nigeriyada böyük konsert təşkil etmişik. Belə planlarımız çoxdur. Məqsəd isə azərbaycanlı olaraq ölkəmizi digər ölkələrdə də tanıtmaqdır. Bu işi sevə-sevə görürəm.

Müəllif: Təranə Xudabaxşiyeva