Fərdi yaşayış evi tikmək istəyənlərə xəbərdarlıq

Cəmiyyət

17.12.2019 - 12:33

Cavid Qurbanov: “Bu, ilk növbədə, həmin ailələrin öz təhlükəsizliyi baxımından doğru deyil”

 

“Ev tikəndə elə yerdə tikin ki, həm təhlükəli olmasın, həm də sökülməli olmasın. Bəzən insanlar ev tikərkən məqsədəuyğun olmayan ərazilər seçir. Məsələn, elektrik xətlərinin altında, dəmir yollarının yaxınlığında ev tikmək lazım deyil. Bu, ilk növbədə, həmin ailələrin öz təhlükəsizliyi baxımından doğru deyil”.

 

AYNA xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, YAP-ın qərargahında keçirilən tədbirdə açıqlama verib. O, vətəndaşları diqqətli olmağa çağırıb: “Elə Bakının “Şanxay” adlandırılan ərazisini götürək. Həmin ərazi təəssüf ki, ev tikilməsi üçün münasib deyil”.

 

“Biz dəmir yollarının yaxınlığında olan evləri sökmək məcburiyyətində qaldıq. Bu addım insanların yaşayış şəraitini yaxşılaşdırmağa xidmət edir. Artıq onlar daha yaxşı şəraitdə yaşayırlar. Sadəcə, bizim insanlarda qəribə xasiyyət var. Əvvəlcə şirkətlər onlarla danışır, razılaşırlar, amma bir misal var: “iştah diş altındadır”, sonradan fikirləri dəyişir. Gəlib deyirlər ki, məsələn, 10 kvadratmetrlik ərazi üçün mənə 10 min manat yox, 20 min manat ver və yaxud 20 min manat yox, 50 min manat ver”, - QSC rəhbəri bildirib.

 

“Oralarda qeyri-qanuni olaraq yerləşmiş əhali var. Amma biz onları əvvəlcə sənədləşdiririk, sonra çalışırıq ki, problemi həll edək. Bu məsələlərdən xəbərimiz var, çalışırıq. Həll olunması istiqamətində layihələr hazırlanması gözlənilir”, - Qurbanov əlavə edib.

Müəllif: Ayna.az