Azərbaycan-Türkiyə qardaşlığında yeni mərhələ - Prosesə bütün türk dünyası qoşula bilər

Cəmiyyət

07.12.2021 - 13:27

Deputat: “Təkcə birgə universitet yox, birgə peşə məktəblərinin də yaradılması nəzərdə tutulur”

Keçmiş deputat: “Paytaxtda olan universitetlər Qarabağa köçürülməli, türk dünyası birgə universitetləri təsis edilməlidir”

Prezident İlham Əliyev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib. Görüş zamanı bildirilib ki, Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması layihəsi reallaşmaq üzrədir. Qeyd olunub ki, universitet ilk olaraq Bakıda, ardınca isə Gəncə və Şuşa şəhərlərində fəaliyyət göstərəcək.

Xatırladaq ki, bu, Azərbaycanda ilk birgə universitet layihəsi deyil. İlk dəfə olaraq 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə birgə sənəd imzalanıb. Həmin sənədə müvafiq olaraq  2016-cı ilin sentyabr ayından Azərbaycan-Fransa birgə universiteti təsis olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən bu təhsil  ocağında 4 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirilir. Layihəyə Fransa tərəfindən isə Strasburq Universiteti rəhbərlik edir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlıq vacibdir: “Bu gün Azərbaycanla Türkiyə arasında demək olar ki, bütün sahələrdə əməkdaşlıq mövcuddur. İstər hərbi sahədə olsun, istər iqtisadi, istərsə də ticari sektorda. Sözsüz ki, bu münasibətlər təhsil sahəsinə də sirayət etməli idi. Məlumat üçün deyim ki, təkcə birgə universitetin yaradılması deyil, birgə peşə məktəblərinin də təsis olunması nəzərdə tutulub. Bu, çox yaxşı başlanğıcdır və gələcəkdə təhsil sahəsində əməkdaşlıq daha da genişlənəcək”.

“Təbii ki, Azərbaycanla Türkiyə arasında əsası qoyulan bu layihə gələcəkdə həm digər sahələrdə birgə fəaliyyəti motivasiya edəcək, həm də türk dövlətləri arasında ortaq universitetlərin yaradılması məsələsini gündəmə gətirəcək. Bilirsiniz ki, Türkiyə dünyanın mühüm dövlətlərindən biridir və qardaş ölkədə təhsil sahəsi də ciddi inkişaf yolu keçib. Bu gün Azərbaycanda Türkiyə universitetlərinin məzunları olan çoxlu sayda mütəxəssislər çalışır. Hesab edirəm ki, yeni universitetdə türk dövlətlərinin tarixi, birgə əməkdaşlıq perspektivləri tədris olunmalı, türkşünas kadrlar yetişdirilməlidir”, - deyə həmsöhbətimiz bildirib.

Məmmədov əlavə edib ki, Azərbaycanda elmin, təhsilin inkişafına xüsusi diqqət ayrılır: “Təbii ki, bu addım mənəvi tərəfləri ilə yanaşı, ölkə təhsilinin inkişafına da səbəb olacaq. Bu xüsusda Azərbaycanda birgə universitetlərinin yaradılması mühüm addımdır. Bu, ikinci belə örnəkdir və gələcəkdə digər birgə universitetlərin də yaradılması gözlənilir”.

Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin keçmiş rektoru, professor Şəmsəddin Hacıyev də AYNA-ya şərhində Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması mütərəqqi addım kimi dəyərləndirib: “Bilirsiniz ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyəyə çatdı. Bu gün iki qardaş dövlət beynəlxalq siyasətdə birgə hərəkət edir. Təbii ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin bütün istiqamətlər üzrə genişləndirilməsi vacibdir. Bu sırada təhsil sahəsi də diqqətdən kənarda qala bilməzdi və qalmadı da”.

“Eyni zamanda Azərbaycan və Türkiyənin iştirakı ilə türk dövlətləri arasında bir yaxınlaşma müşahidə olunur. Türk dünyasına mənsub olan dövlətlər arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Hesab edirəm ki, Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması yaxın gələcəkdə türk dövlətlərinin ortaq universitetlərinin yaradılması üçün zəmin rolunu oynayır. Bilirsiniz ki, bir müddət Azərbaycan Dövlət İqtisad Universitetinə rəhbərlik etmişəm. Rəhbəri olduğum dövrdən universitetimizdə Türk fakültəsi fəaliyyət göstərir”, - deyə keçmiş rektor söyləyib.

Hacıyev yeni yaranacaq universitetin Şuşa filialının da fəaliyyət göstərəcəyini çox mühüm addım hesab edir: “Verilən məlumatlara görə, universitetin mərkəzi Bakı şəhərində olacaq. Lakin bununla yanaşı Gəncədə və Şuşada da filialları olacaq. Şuşa filialı isə daha çox humanitar mütəxəssislərin hazırlanması ilə məşğul olacaq. Məlumdur ki, Şuşa qədim mədəniyyət şəhəridir. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizin mədəniyyət paytaxtı elan olunub. Yaxşı olardı ki, gələcəkdə işğaldan azad edilmiş ərazilərdə yeni universitetlər yaradılsın. Paytaxtda olan universitetlər Qarabağa köçürülsün”.

Müəllif: Azər Niftiyev