“Azərbaycan Ermənistana qarşı yeni hərbi əməliyyat keçirməli olacaq” - <font color=red> KUZNETSOV</font>

Siyasət

20.06.2021 - 10:28

Rusiyalı analitik: “Ermənistan daha bir müharibə istəyir, ancaq başqalarının əli və başqalarının qanı ilə”

 

Mina sahələrinin xəritəsi məsələsi, 10 noyabr Üçlü Bəyanat imzalandıqdan sonra Bakı ilə İrəvan arasındakı dialoqun prioritet sahələrindən biridir. Lakin bu istiqamət Bakının azad etdiyi ərazilərini sürətlə təmizləməsi və sürətli quruculuq prosesi üçün lazımdır. Erməni tərəfi üçün isə Bakıda məhkəmələri keçirilən, İrəvana görə “hərbi əsir” olan təxribatçılar məsələsi daha vacibdir.

 

ABŞ dövlət katibinin köməkçisi Flipp Rikerin Bakıya səfərindən sonra bu məsələ ortadan qalxmağa başladı. Azərbaycan mina xəritəsinin bir hissəsini, Ermənistan isə 15 diversantı geri aldı. Bu xəritənin gerçək olacağının qarantı ABŞ idi. Siyasi baxımdan ABŞ, Avropa İttifaqı (Aİ), Gürcüstan və hətta Nikol Paşinyan Bakıdan böyük bir hədiyyə aldı.

 

Ərdoğanın Şuşaya səfəri və Şuşa Bəyannaməsinin imzalanması bölgədəki geosiyasi uyğunlaşmada yeni bir mərhələdir. Azərbaycan və Türkiyə indi həm də hüquqi və hərbi müttəfiqdir. Buna görə burada hər detal vacibdir.

 

Türkiyəyə qayıtdıqdan sonra Ərdoğan yenidən minalanmış ərazilərin xəritəsi ilə bağlı məsələni qaldırdı: “Ermənistan bölgəyə inamı artırmaq üçün addımlar atmalıdır. Bu istiqamətdə ilk vacib addım bütün minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi ola bilər. Minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsi bu istiqamətdə mühüm addım olacaq”.

 

AYNA-nın mövzuya dair suallarını tanınmış rusiyalı politoloq Oleq Kuznetsov cavablandırıb.

Oleq Kuznetsov : Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq  şəraitində həyata keçirilir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

- Bu yaxınlarda Kəlbəcərdə azərbaycanlı jurnalistlər minaya düşdülər. Mina sahələrininn xəritəsinin verilməsi ABŞ-ın hər iki tərəfdəki təzyiqi altında mümkün oldu. Rusiya Ermənistana bütün xəritələri verməsi üçün təzyiq göstərə bilərmi?

 

- Çox yaxşı başa düşürəm ki, Kəlbəcərdə azərbaycanlı jurnalistlərin avtomobilinin partladılması əksər soydaşlarınızın ürəyində acı və qəzəb yaratdı. Onlar odu hələ də közərən Dağlıq Qarabağ münaqişəsinin növbəti qurbanları oldular. Azərbaycan mətbuatında işçilərin ölümü üçün bütün məsuliyyət tamamilə Ermənistan tərəfinə düşür - onların qoşunları 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Sazişə uyğun olaraq Kəlbəcəri tərk edən zaman, yalnız xəritələrini tərtib etmədən və sxemlər işlətmədən minalana biləcək hər şeyi minaladılar.

 

Heç bir şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinə haqq qazandırmaq fikrində deyiləm. Amma yenə də mina partlaması nəticəsində azərbaycanlı jurnalistlərin ölümlərini tam olaraq erməni tərəfinin minalanmış ərazilərin xəritələrini verməməsi ilə bu qədər sərt bağlamazdım. Çox vaxt minalanmış ərazilərin xəritələrinin əksəriyyəti bir sıra obyektiv səbəblərdən fiziki olaraq mövcud deyil.

 

Birincisi, yerli əhali arasından çıxan erməni hərbçiləri və özünümüdafiə dəstələri, döyüş əməliyyatları dayandırıldıqdan sonra Azərbaycana təhvil verəcəkləri əraziləri sıx şəkildə minaladılar ki, bu da 10 Noyabr tarixli Üçlü Sazişin hərfinə və ruhuna zidd idi. Təbii ki, bu şəraitdə heç kim öz cinayət əməllərinə dair sənədli dəlil qoymağı düşünmürdü. Sazişin imzalanması ilə atəşkəs və erməni hərbi birləşmələrinin Kəlbəcərdən geri çəkilmə tarixi arasında 20 gün keçdi və bu müddət ərzində təcrübəli sapyorlar özlərinə sxemlər, xəritələr tərtib etmək əziyyəti verməyərək 200-300 min mina basdıra bilərlər.

 

İkincisi, Azərbaycan ərazilərinin işğalının 30 ili ərzində erməni hərbçiləri müdafiə xətlərində çoxlu minalar yerləşdirdilər, mütəxəssislər söhbətin təxminən 4 və ya 5 milyon minadan getdiyini deyirlər. Prinsipcə, bu rəqəm olduqca inandırıcı səslənir, çünki Əlcəzairdə 60-cı illərin əvvəllərində milli azadlıq hərəkatının qüvvələrinə qarşı mübarizə aparan fransız müstəmləkəçilər, BMT-nin hesablamalarına görə, 3,5 milyona qədər mina basdırmışdılar. Ermənilərin azərbaycanlılara qarşı patoloji ksenofobiyasını nəzərə alaraq 4-5 milyin rəqəminin real olduğunu ehtimal etmək mümkündür. Bu qədər minanın yerləşdiyi bütün yerlərin xəritəsini düzəltmək də tamamilə real deyil. Hər halda, işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki minaların və digər partlayıcı obyektlərin dəqiq sayını yalnız zərərsizləşdirildikdən sonra öyrənəcəyik, buna isə illər tələb olunacaq.

 

Üçüncüsü, müdafiə xətlərindəki minalanmış ərazilərin xəritələri ümumiyyətlə, bir alayın mühəndis xidmətinin rəisi və ya bir taborun qərargah rəisi tərəfindən saxlanılır: keçən payız müharibəsi zamanı Ermənistan ordusunun bir çox sahə qərargahı şəxsi heyəti və sənədləri ilə birlikdə Azərbaycan topçularının və ya pilotsuz təyyarələrin məqsədli dəqiq zərbələri ilə məhv edildi. Yəni minalanmış sahələrin xəritələri onları yaradanlarla birlikdə fiziki olaraq itirildi. Bundan əlavə, hərbi vəziyyətdə olan döyüş sahəsindəki minalanmış sahələrin ildə iki dəfə təmizlənməsi və yenidən minalanması (mühəndislər və istehkamçılar məni başa düşəcəklər) keçirilir. Və belə proses bir qayda olaraq, minalanmış ərazilərin xəritələrində dəqiqləşdirilmir. Buna görə də Azərbaycan hərbçilərinin əlindəki ermənilər tərəfindən minalanmış ərazilərin xəritələrinin heç də hər zaman həqiqətə uyğun gəlməməsi mənim üçün təəccüblü deyil.

 

Əlbəttə ki, erməni tərəfi əlindəki bütün minalanmış ərazilərin xəritələrini təhvil versəydi, bu, həm döyüş bölgələrinin bərpası prosesini xeyli asanlaşdırar, həm Azərbaycan silahlı qüvvələri və Rusiya sülhməramlılarının şəxsi heyətinin itkilərinin sayını qismən azaldar, həm də mülki əhalinin ölümünün qarşısını alardı. Ancaq gördüyümüz kimi, erməni tərəfi bu cür xoşməramlı jestlərə tələsmir, bu da bu ölkənin rəhbərliyinin və silahlı qüvvələrinin komandanlığının keçən payızdakı hərbi məğlubiyyəti qəbul etmədiyinin sübutudur. Onlar hələ də Azərbaycanı özlərinə 1 nömrəli düşmən sayır və siyasi uzlaşma və sülh danışıqlarına getməyə hazır deyillər. Ermənistan faktiki olaraq özünü Azərbaycanla müharibə vəziyyətində hesab etməyə davam edir və gördüyüm kimi, yaxın gələcəkdə Cənubi Qafqazda hərbi-siyasi gərginliyin ocağını birdəfəlik söndürmək və Ermənistanı sülhə məcbur etmək üçün Azərbaycan başqa bir hərbi əməliyyat keçirməli olacaq.

 

Yuxarıda sadaladığım bütün şərtləri yaxşı bildiyindən, Rusiya rəhbərliyinin bu məsələdə Ermənistan hakimiyyətinə siyasi və ya diplomatik təzyiq göstərməsi ehtimalı azdır. İndi Rusiyanın daxili erməni işlərinə təsiri və yerli əhali arasında populyarlıq reytinqi durmadan azalır, bu səbəbdən Rusiyanın siyasi elitasının heç biri Ermənistana gələcəkdə yerinə yetirilməyəcək tələblər irəli sürməyəcək. Bu tələblər yerinə yetirilmədiyi təqdirdə, rəsmi İrəvan tərəfindən Kreml üzərində kiçik bir qələbə kimi qələmə veriləcək, onun zəifliyinin təzahürü kimi qəbul ediləcək və nəticədə Ermənistan elitalarının ruslarla münasibətlərdə daha aqressiv və güzəştsiz mövqe tutmasına imkan verəcək. Buna görə Moskvada heç kim öz əli ilə özləri üçün çuxur qazmayacaq.

 

- Bu yaxınlarda Nikol Paşinyan müsahibələrindən birində bildirdi ki, Ermənistan tərəfi sərhəd ərazilərində təhlükəsizlik məqsədi ilə onları minalayır. Ərazilərin minalanmasını qadağan edən Cenevrə konvensiyası var. Buna görə beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir. Ancaq biz bunu görmürük. Niyə?

 

- Təəssüf ki, Azərbaycan tərəfi jurnalistlərlə bağlı faciəli hadisənin baş verdiyi yerin dəqiq coğrafi koordinatlarını göstərmədi və bu səbəbdən indi partlayışın olduğu yerin dövlət sərhədinin təklif olunan xəttinə nə qədər yaxın olduğunu təyin etmək üçün obyektiv olaraq heç bir imkanım yoxdur. Belə bir məlumat olmadığı müddətcə Azərbaycan jurnalistlərinin ölümünü rəsmi İrəvanın sizin göstərdiyiniz addımları ilə və ya Azərbaycanın sərhəd bölgələrindəki erməni təxribat qruplarının fəaliyyəti ilə əlaqələndirə bilmərəm. Mən hesab edirəm  ki, bu, erməni hərbçilərinin keçən ilin noyabrında Qarabağı tərk etdikləri andan etibarən azərbaycanlı sapyorlar yolları yoxlayarkən, aşkar edə və zərərsizləşdirə bilmədikləri minalardandır. Bu məsələdə səhv edirəmsə, onda erməni təxribatçılarının öz xidməti-döyüş birləşmələri ilə Azərbaycan ərazisinə necə sıza bildikləri barədə Rusiya sərhədçilərinə kifayət qədər ağlabatan suallarım var. Gördüyünüz kimi, bu faciəli hadisənin rəsmi istintaqı zamanı yalnız məhkəmə tibbi deyil, həm də siyasi xarakter daşıyan bir çox suallar yarana bilər. Onları özüm üçün mükəmməl şəkildə təxmin edirəm, amma istintaq işlərinə qarışmaqda günahlandırılmamaq üçün media vasitəsi ilə sorğulamayacağam.

 

Beynəlxalq ictimaiyyətin Qarabağdakı minalanmış ərazilərin xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərməsi perspektivlərinə gəlincə, bu işin perspektivlərinə əslində inanmıram. Yuxarıda, müharibə yolu ilə fransız müstəmləkəçiliyindən azad edilmiş Əlcəzairi misal çəkdim. Daha sonra beynəlxalq ictimaiyyət də Fransadan minalanmış sahələrin xəritələrini təhvil verməsini tələb etdi, lakin bu tələb, onların yoxluğu əsas gətirilərək rədd edildi. Və heç kim buna etiraz edə bilmədi. BMT bundan sonra Əlcəzair üçün beynəlxalq minatəmizləmə missiyası təşkil etdi.

 

Yeri gəlmişkən, eyni missiya Kosovoda da fəaliyyət göstərirdi. Demək olar ki, bu fikirlər, kiminsə xoşuna gəlsə də-gəlməsə də, Qarabağ üçün belə bir gələcəyin gözlənildiyinə əminəm. Əksər dünya siyasətçiləri üçün Qarabağın mümkün qədər uzun müddət problemli bir bölgə olaraq qalması faydalıdır, çünki əks təqdirdə beynəlxalq aləmdə Rusiya, Türkiyə və Azərbaycanın nüfuzunun sürətlə böyüməsini görərik ki, bu da mövcud qüvvələr balansını xeyli poza bilər. Hər kəs mövcud konyuktura naminə dünyanın və geosiyasi təsir zonalarının yeni bölüşdürülməsi prosesini “sonraya” təxirə salmaq istəyir, bu səbəbdən yaxın və hətta orta müddətdə Qarabağın bütün problemləri beynəlxalq ictimaiyyət tərəfindən “nəzakətlə” nəzərə alınmayacaq.

 

- Bundan sonra erməni tərəfi ilə - onlar minalanmış ərazilərin xəritəsini verməyə hazırlaşmırlarsa, hansı dialoq ola bilər?

 

- Söhbətin əvvəlində dedim ki, müasir erməni cəmiyyətində Azərbaycana və azərbaycanlılara qarşı həddən artıq ksenofobiya səviyyəsi mövcuddur. Hamımız bilirik ki, Prezident İlham Əliyev artıq bir neçə dəfə Ermənistan hakimiyyətinə sülh danışıqlarına başlamaq üçün müraciət edib, lakin onun bütün təşəbbüsləri rəsmi İrəvan tərəfindən fəal şəkildə nəzərə alınmayıb. Və bu, o deməkdir ki, Ermənistanın hakimiyyət dairələri və əhalisi sülhə hazır deyil, yeni bir müharibə istəyirlər, ancaq başqasının əli və başqasının qanı ilə - məsələn, rus və ya fransızların. Əsas problem, sadəcə son hərbi-siyasi məğlubiyyətlərinin reallığını qəbul etmək istəməmələridir. Təbii ki, bu vəziyyət Azərbaycanın dinc təşəbbüslərinə yer qoymur, buna görə də gün keçdikcə mənim daxilimdə Azərbaycan qoşunları tərəfindən Ermənistanı sülhə məcbur etmək üçün yeni hərbi əməliyyatın qaçılmazlığı fikri güclənir. Misal olaraq, İsrail hərbçilərinin son vaxtlar Qəzza zolağındakı addımlarını da götürmək olar.

Müəllif: Nicat Hacıyev