Komissiya: Bütün qaçqınlar milliyyətindən, rəngindən və dinindən asılı olmayaraq, eyni münasibəti görməlidirlər
Avropa Şurasının (AŞ) strukturlarından biri olan İrqçilik və Dözümsüzlüyə Qarşı Avropa Komissiyasının illik hesabatında qeyd edilib ki, Rusiyanın ölkələrinə silahlı hücumundan qaçan ukraynalılarla Avropada digər regionlardakı müharibələrdən və fəlakətlərdən qaçan qaçqınlardan daha yaxşı rəftar edilir. Bu barədə AYNA Qərb mediasına istinadən bildirir.
Sənəddə 2022-ci ilin fevralında başlayan müharibədən sonra ukraynalılara dəstək üçün görülən “təqdirəlayiq səylər” qeyd edilir, lakin ukraynalılara münasibətin onların etnik mənsubiyyətindən asılı olaraq dəyişdiyi bildirilir. Məsələn, Ukrayna vətəndaşlığı olan qaçqınlara təklif olunan mənzillər digər regiondan olanlara təklif ediləndən daha yüksək keyfiyyətdədir.
Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından qısa müddət sonra Afrika İttifaqı Ukraynadakı Afrika vətəndaşlarının sərhədləri təhlükəsiz keçmək hüququndan məhrum edilməsi ilə bağlı xəbərlərdən narahatlığını ifadə edib. Hesabatda bildirilir ki, ukraynalılar və digər ölkələrdən və regionlardan gəlib sığınacaq axtaran şəxslər üçün qəbul mərkəzləri və xidmətlərin keyfiyyətində də əhəmiyyətli fərqlər qeyd olunur.
Hazırda Avropada 6 milyona yaxın ukraynalı qaçqın var.
İrqçilik və Dözümsüzlüyə Qarşı Avropa Komissiyasının hesabatında vurğulanır ki, bütün qaçqınlar milliyyətindən, rəngindən və dinindən asılı olmayaraq, eyni münasibəti görməlidirlər.
Hesabat müəllifləri Avropada anti-Ukrayna əhval-ruhiyyəsinin təzahürlərini etiraf ediblər, lakin ümumilikdə cəmiyyətin və siyasətçilərin onlara münasibətinin yaxşı olduğunu vurğulayıblar. Eyni zamanda, siyasətçilərin başqa ölkələrdən gələn miqrantlara qarşı düşmənçilik bəyanatları vermək ehtimalı daha çoxdur.
Hesabat müəllifləri həmçinin Fələstinin radikal HƏMAS hərəkatının oktyabrın 7-də İsrailə hücumundan sonra müsəlmanlara qarşı insidentlərin sayının artdığını qeyd ediblər.
“Müsəlmanlar bu hücumda günahlandırılır, bütün icmaları və onların zorakılıqla təmaslarını stereotipləşdirir. Bəzi Aİ ölkələrində miqrantlara və müsəlmanlara qarşı düşmənçilik xarakterli ictimai bəyanatların sayında nəzərəçarpacaq artım müşahidə olunub”, - sənəddə deyilir.