Atatürkün partiyasının Özəl seçimi: Türkiyə siyasətində yeni dövr başlayır

Dünya

10.11.2023 - 15:17

Türkiyəli politoloq: “Özəlin seçilməsi ilə CHP parçalanmaq təhlükəsindən qurtuldu”

Azərbaycanlı politoloq: “Kılıçdaroğlu prezident seçkilərindəki israrı səbəbindən partiya sədrliyini də itirdi”

Türkiyənin ana müxalifət - Cümhuriyyət Xalq Partiyası (CHP) 38-ci qurultayını keçirib. 17 saatdan çox davam edən qurultayda partiya başqanı seçimi olub. İlk turda partiyada dəyişiklik tərəfdarının namizədi olan Özgür Özəl qurultay nümayəndələrinin 682, Kılıçdaroğlu isə 662 səsini qazanıb. Başqan seçilmək üçün isə 684 səs lazım olduğundan ikinci tura ehtiyac yaranıb. İkinci turda Özgür Özəl 812, Kılıçdaroğlu 536 səs alıb.

Beləliklə, 100-dən çox CHP-li deputatın və İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun da dəstəklədiyi 49 yaşlı Özgür Özəl CHP-nin 13 illik başqanı Kamal Kılıçdaroğluya qalib gələrək 8-ci partiya lideri seçilib. Qalibi də, nəticələri də İmamoğlu elan edib.

Özgür Özəl bəyan edib ki, Türkiyənin 100 illiyində CHP-nin başqanı seçilməsi qürurvericidir. O, CHP nin bütün başqalarının adını çəkib, Kılıçdaroğluna xüsusi təşəkkür edib. Onun dediyinin görə, ilk turdan sonra Kılıçdaroğlu onu təbrik edib. Yeni başqan deyib ki, CHP-dəki məyusluq tezliklə ümidlə əvəz ediləcək. O bələdiyyə seçkiləri üçün partiyanı səfərbərliyə çağırıb. Kılıçdarlğıunun başqanlıqdan getməsi ilə partiyada ciddi dəyişikliklər, istefalar olacağı gözlənilir.

Qeyd edək ki, son prezident seçkilərində müxalifətin CHP təmsilçiləri Əkrəm İmamoğlu və Mənsur Yavaşın namizədliyi ilə seçkilərə qatılacağı gözlənilsə də, keçmiş başqan Kılıçdaroğlu namizədlik məsələsində israr edib və əsas müxalifətin birləşdiyi “Millət İttifaqı”nın vahid namizədi olub. Müxalifətin həm prezident, həm də parlament seçkilərində hakim “Cümhur İttifaqı”na uduzması Kılıcdaroğluya qarşı ciddi etirazların başlamasına səbəb olub. Hətta onun rəhbərliyi altında CHP-nin ana müxalifət mövqeyini də itirəcəyinə dair iddialar səslənib.

CHP-də baş verən rəhbər dəyişikliyi Türkiyənin siyasi həyatında hansı dəyişikliklərə səbəb olacaq? Müxalifət yenidən əvvəlki mövqeyini bərpa edə biləcəkmi? Siyasi şərhçilər mövzu ətrafında fikirlərini AYNA-ya bölüşüblər.

Türkiyəli siyasi şərhçi Tanju Tosun AYNA-ya deyib ki, CHP kifayət qədər oturuşmuş partiyadır və qurultay nümayəndələri siyasi cəhətdən yetkin adamlardan ibarət tərkibdə formalaşır: “Onlar cəmiyyətin gözləntilərini, partiya üzvlərinin maraqlarını dəqiq bilir və ifadə edirlər. Son dəyişikliklər zamanı əsas mesaj ondan ibarətdir ki, CHP-də baş verən dəyişikliklər yaxın gələcəkdə Türkiyədəki siyasi dəyişikliklərin başlanğıcıdır. Çünki Kılıcdaroğlu uzun müddətdir bu partiyaya rəhbərlik edirdi. Lakin ciddi uğurlara imza ata bilmədi. Son prezident və parlament seçkiləri isə onun üçün sonuncu şans oldu. Lakin buna baxmayaraq, məğlub oldu. CHP üzvləri onun rəhbərliyi ilə razılaşmadılar. Əlbəttə ki, bu uğurlu seçim idi. Müəyyən ümidlər də yaradır. Əsas məsələ yeni rəhbərin yürüdəcəyi siyasətlə bağlıdır. Hər şey Özgür Özəlin atacağı addımlardan ibarət olacaq. O bu partiyanın cəmiyyətdəki rolunu artıra da bilər, azalda da”, – müsahibimiz söyləyib.

Əlavə edib ki, seçkilər dövründə qurulan müxalif ittifaqın fəaliyyətinin davamı da mühüm amillərdəndir: “Artıq İYİ Partiya razılaşmadan çıxdığını bəyan edib. Əslində hər iki partiya, eləcə də digər partiyalar məcburdurlar ki, birləşsinlər. Onların alternativi də yoxdur. Çünki həm prezident, həm də parlament seçkilərini Ərdoğana uduzublar. Belə bir şəraitdə təkbaşına fəliyyət məhvə məhkumdur. Kılıcdaroğlu amili aradan qalxandan sonra onların birləşməsi gözləniləndir. CHP heç şübhəsiz ki, ana müxalifət partiyası statusunu qoruyacaq və son dəyişiklik bununla bağlı təhlükəni də önləmiş oldu”, - Tosun vurğulayıb.

Azərbaycanlı politoloq Elxan Şahinoğlunun AYNA-ya bildirdiyinə görə, Kılıçdaroğlunun məğlubiyyətini şərtləndirən əsas amil son prezident seçkilərindəki israrı oldu: “Türkiyədə müxalifət ciddi şəkildə qələbəsini gözləyirdi. Onlar hesab edirdilər ki, uzun müddət Rəcəb Tayyib Ərdoğana və rəhbəri olduğu partiyaya məğlub olmaqla irəli gedə bilməyəcəklər. Bu səbəbdən müxalifətin də daxilində birləşmə meylləri yarandı. Hansı ki, CHP-nin Ankara və İstanbuldakı bələdiyyə seçkilərində qələbə qazanmasında digər müxalifət partiyalarının da rolu olmuşdu. Xüsusən, İYİ Partiyasının. Həm CHP-də, həm də digər müxalif partiyalarda seçkilərə ya Əkrəm İmamoğlu, ya da Mənsur Yavaşın vahid namizədliyi ilə qatılmaq təşəbbüsləri var idi. Kılıcdaroğlu buna qarşı israr etdi və açıq şəkildə bildirdi ki, vahid namizəd özü olacaq. Hətta bu qərardan sonra İYİ Partiya “Millət İttifaqı”nı tərk etdiyini də elan etdi. Sonradan geri qayıtsa da, hər kəsə məlum idi ki, Kılıcdaroğlu məğlub olsa, partiya rəhbərliyindən də getməlidir. Lakin o bunu da etmədi. Namizədliyini irəli sürdü və dəstək qazana bilmədi”.

Politoloq qeyd edir ki, Kılıçdaroğlunun ikinci strateji səhvi parlament seçkilərində namizədlərin müəyyənləşdirilməsi zamanı olub: “Məhz onun sayəsində nüfuzu zəif olan partiyaların təmsilçiləri müxalifət adından parlamentə mandat qazandı. Bu isə öz növbəsində rəhbəri olduğu partiyada ciddi etirazlara səbəb oldu. Çünki nəticədə CHP-nin bəzi namizədləri kənarda qaldılar. Bu narazılardan biri də hazırki sədr Özgür Özəl idi. Hesab edirəm ki, CHP-nin rəhbərliyində ciddi islahatlar aparılacaq. Əminliklə söyləmək olar ki, CHP-də Kılıcdaroğlu dövrü tam başa çatdı. Heç şübhəsiz Özəl CHP-ni Kılıçdaroğlunun kadrlarından təmizləyəcək və öz komandasını formalaşdıracaq”, - deyə Şahinoğlu fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev