“Artıq hər kəs anlayır ki, “Qarabağın statusu”nun gələcəyi yoxdur” – SABİQ NAZİR

Aktual

16.12.2021 - 10:25

Tofiq Zülfüqarov: “Rusiya-Türkiyə tandemi Qərbi məsələdən uzaqda saxlamaq istəyir”

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Rəsmi açıqlanan məlumata görə, görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub. Bildirilir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu qeyd olunub.

"Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlib. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib. Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr davam etdiriləcək. Görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən mətbuata açıqlama verilib", - deyə liderlərin görüşü haqda açıqlanan rəsmi məlumatda vurğulanıb.

Ş.Mişel də Azərbaycan və Ermənistan liderləri ilə görüşü haqqında açıqlama verib və görüşü həddindən artıq faydalı adlandırıb. Mişel qeyd edib ki, Cənubi Qafqaz regionunda vəziyyətlə bağlı səmimi və açıq dialoq baş tutub: “Avropa İttifaqı bu regionda daha çox sabitlik və rifah üçün müsbət rol oynamaq istəyinə sadiqdir. Biz ehtiyac duyulan humanitar jestləri dəstəkləmək, hər iki tərəf arasında etimad yaradacaq səyləri gücləndirmək istəyirik. Həmçinin, digər aktorlarla birlikdə bütün müsbət səyləri dəstəkləməyə hazırıq".

"Biz hər zaman Minsk Qrupunu və daha artıq təhlükəsizliyə, sabitliyə nail olmaq üçün bütün səyləri dəstəkləmişik. Biz göstərmişik ki, hətta mürəkkəb mövzularda belə, birbaşa alətlər səmərəlidir və buna ehtiyac var. Təbii ki, ən çətin məsələlərlə bağlı belə, vacib olan birinci şey bir-birimizə qulaq asmaq, harada olduğumuzu başa düşmək, yanaşmalarımız və görüşlərimiz arasında hansı fərqlərin olduğunu görmək, bəzən də müxtəlif arqumentləri açıqlamaqdır. Mən qəti şəkildə inanıram ki, bu görüş həddindən artıq faydalı idi, inanıram ki, qısa və orta müddətli olaraq bu cür birbaşa təmaslar saxlanacaq. Bir daha vurğulamaq istəyirəm ki, Aİ digər tərəfdaşlarla birlikdə öz üzərinə düşən işi görməyə hazırdır. Çünki bizim regionda daha çox sülh sabitlik və rifah üçün aydın görüşümüz, aydın hədəflərimiz var”, - deyə Mişel görüşlə bağlı danışarkən vurğulayıb.

Aİ Şurasının Prezidenti hər iki ölkənin lideri ilə davamlı şəkildə əlaqə saxladığını bildirib: “Mən anlayıram və görürəm ki, əlaqələnmə və kommunikasiya prioritetdir. Əlbəttə ki, etimadın səviyyəsi barədə də əmin olmaq vacibdir. Bu görüşdə dəmir yolu xətlərinin çəkilməsi barədə razılıq əldə olundu, çünki kommunikasiya xətlərinin yenidən açılması üçün nəyə ehtiyac olduğu barədə tərəflərin yanaşması aydın idi və bu məsələ ilə bağlı ortaq anlaşma vardı. Biz birlikdə sualları müəyyənləşdirdik ki, yaxın və orta müddətdə birgə şəkildə nəyin üzərində işləyə bilərik, vacib olan nədir. Sirr deyil ki, bəzi məqamlarla, suallarla bağlı çətinliklər mövcuddur, lakin məndə bir əminlik var. Çünki burada qarşılıqlı anlaşma mövcuddur. Bu, o demək deyil ki, biz hər şey barədə razılığa gəlmişik, lakin bu, o mənanı ifadə edir ki, bir-birini daha yaxşı başa düşmək istiqamətində səylərin göstərilməsi ilə bağlı ortada ortaq siyasi istək var. Əməkdaşlığı gücləndirmək üçün nə etmək lazım olması barədə suala cavab tapmaqla bağlı siyasi istək mövcuddur”.

Onu da bildirək ki, liderlərin görüşündən əvvəl Azərbaycan Prezidenti NATO mənzil qərargahında Alyansın Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında rəsmi Bakının mövqeyini bir daha diqqətə çatdırıb. Əliyev Azərbaycanın sülhə hazır olduğunu, Ermənistanla düşmənçiliyə son qoymağın vacibliyini söyləyib. Ölkə başçısı Zəngəzur dəhlizi, kommunikasiyaların açılması məsələsi ilə də bağlı Bakının mövqeyində qaldığını diqqətə çatdırıb. 

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov AYNA-ya müsahibəsində Azərbaycan liderinin Brüssel səfəri, verilən bəyanatlar, Paşinyanla görüş barədə fikirlərini bölüşüb. Diplomat qeyd edib ki, Brüsseldə liderlərin görüşündə Azərbaycan üçün üç məqam uğurlu sayıla bilər:

- Birincisi, bu mötəbər tədbirdə Azərbaycanın mövqeyinin ortaya qoyulması vacib nəticələrdən biridir. Azərbaycanın dövlət başçısı öz mövqeyini açıq və məntiqli şəkildə Avropa siyasi ictimaiyyətinə çatdırdı. Hansı ki, həmin qüvvələr qərarların qəbulunda bu və ya digər formada iştirak edirlər. Biz görürük ki, müzakirələr bir il bundan qabaq Azərbaycanın elan etdiyi mövqe üzərində aparılır. Yəni ki, status-kvo dəyişib, münaqişə həll olunub, indi postkonflikt dövrüdür, sərhədlərin dəqiqləşdirilməsi həyata keçirilməlidir. Azərbaycanın mövqeyi budur. İndi şahidi oluruq ki, bu mövzular müzakirəyə çıxarılır. Hazırda gündəmdə olan sərhədlərin delimitasiya və demarkasiyasıdır, Zəngəzur dəhlizi və kommunikasiyaların bərpasıdır. Bir il bundan qabaq və ondan sonrakı dövrdə bəzi qurumlar tərəfindən "Qarabağın statusu" kimi mövzular aktuallığını itirib. Baxın, heç "status" məsələsini yada salan yoxdur. Hesab edirəm ki, bu, çox vacib nəticələrdən biridir. Yəni Azərbaycan tərəfi həm bölgədəki vəziyyəti, həm də gündəmi dəyişdirə bilib. 

Üçüncü vacib məqam odur ki, bir il ərzində beynəlxalq iqtisadi qurumları azad edilmiş ərazilərin bərpasında prosesinə cəlb etmək çətindir. Yüz minlərlə insanın Qarabağa qayıdışını Azərbaycanın təkbaşına həyata keçirməsi zaman alan məsələdir. Bunun üçün xarici maliyyə qurumları prosesə cəlb edilməlidir. Ümumiyyətlə, qayıdış prosesi təkcə Azərbaycanın imkanları hesabına həyata keçirilməməlidir. İndi hiss olunur ki, bu vəziyyət də dəyişib. Səslənən fikirlər onu göstərir ki, azərbaycanlıların qayıdışına maliyyə yardımları ediləcək. 

Təbii ki, problemlər qalır. Həm Ermənistan, həm Azərbaycan mövqelərini bəyan edir. Biz başa düşməliyik ki, Avropa İttifaqı, Brüsseldəki görüş danışıqlar formatı deyil. Yəni vasitəçilik formatı ilə baş tutan görüş deyildi. Tədbirə uyğun olaraq söyləmək olar ki, Azərbaycan tərəfi üçün Brüssel görüşündə uğurlu nəticələr əldə edib. 

- Sizin də qeyd etdiyiniz kimi, "status" məsələsindən danışılmadı. Heç Paşinyanın da bu barədə fikrinə rast gəlmədik. Beynəlxalq güclər və İrəvan bu məsələni unutdumu?

- Elə bir təəssürat var ki, Qarabağ mövzusu bağlanmaq üzrədir. Heç Brüsseldə Qarabağdan danışan olmadı. Görünür, Ermənistan başa düşüb ki, Qarabağ məsələsi, "Miatsum" kimi sərsəm "layihələri" iflasa uğrayıb. Hətta "layihəni" bir il əvvəl ciddi şəkildə dəstəkləyən qüvvələr də bunun mənasızlığını anlayıblar. "Status" məsələsini tam olaraq kənara qoymayan Rusiya da hiss edir ki, Qarabağdakı erməni əhalisinin oranı tərk etməsi prosesi davam etməkdədir və "Qarabağın statusu" yanaşmasının gələcəyi yoxdur. Ona görə də böyük oyunçular öz diqqətlərini sərhədlərin dəqiqləşdirilməsi, Zəngəzur dəhlizi məsələsinə cəmləşdirirlər. Bu da onu göstərir ki, həmin güclərin bölgəni, dövlətləri idarəetmə üsulu sərhəddə və zəngəzurda tətbiq ediləcək. Başa düşməliyik ki, həm Rusiya, həm də digər oyunçular üçün maraqlıdır ki, bölgədə münaqişə zonası qalsın. Bu münaqişə vasitəsilə bölgə dövlətlərini idarə edə bilsinlər, öz təsir güclərini saxlasınlar. Verilən bəyanatlardan, beynəlxalq güclərin baxışından belə qənaətə gəlmək olar ki, Qarabağ münaqişəsi onlar üçün əhəmiyyətini itirməkdədir. 

- İkinci Qarabağ müharibəsi bitdikdən sonrakı bir il müddətində tərəflər arasında vasitəçi kimi əsas güc olaraq Rusiyanı gördük. Görüşləri keçirən, təmasları təşkil edən Moskva oldu, hansı ki, bu müddətdə Qərbin aktivliyi müşahidə olunmadı. Brüssel görüşü, verilən bəyanatlardan sonra demək olarmı ki, Qərb yenidən proseslərə qoşuldu?

- O fikirlə razı deyiləm ki, proseslərdə təkcə Rusiya fəaldır. Məsələ ilə bağlı fəallıq nümayiş etdirən Rusiya-Türkiyə tandemidir. Sadəcə olaraq Ermənistan-Türkiyə münasibətləri elədir ki, burada Ankara vasitəçi ola bilməz. Ölkələr arasındakı problemlər elədir ki, hələlik Ermənistan Türkiyənin vasitəçiliyini qəbul etmir. Amma rəsmi Ankara münaqişə ilə bağlı gedən proseslərin içərisindədir. Türkiyənin Prezidenti, xarici işlər naziri daim görüşlər keçirir, təmaslar qurur. Türkiyə rəsmiləri rusiyalı həmkarları ilə birlikdə məsələnin müzakirəsində varlar və olacaqlar. 

Bilirsiniz, Rusiya-Türkiyə tandemi Qərbi məsələdən uzaqda saxlamaq istəyir. Bir müddət idi ki, Qərb proseslə bağlı müəyyən məsafədə idi. Gündəm dəyişəndən sonra bir çox mövzular aktuallıq qazanıb. Postkonflikt məsələləri var ki, orada Qərb təşkilatları, dövlətləri iştirak edə bilər. Hətta 10 noyabr sənədini götürsək, görərik ki, orada Qərb təşkilatlarına çağırış mövcuddur. Bir neçə təşkilatın adı qeyd edilib ki, onlar postkonfliktdə yardımçı ola bilər. İndi biz görürük ki, Avropa İttifaqı burada vasitəçi kimi yox, daha çox maliyyə donoru kimi iştirak edə biləcək. Bu, vasitəçilik yox, xoşməramlı fəaliyyət adlandırılan xidmətdir. Avropa İttifaqı öz resurslarından istifadə edərək imkan yaradıb ki, postkonflikt şəraitində Azərbaycan və Ermənistan liderləri görüşsünlər. Bu, yardım funksiyasıdır, yenə deyirəm, danışıqlar formatı deyil. Avropa İttifaqının hələlik postkonfliktdə reabilitasiya prosesində iştirakı görünür. Mən deyə bilmərəm ki, bu, belə də qalacaq. Gələcəkdə ola bilər ki, vəziyyət dəyişsin. Amma vasitəçi kimi Rusiya-Türkiyə tandemi qalmaqdadır. Müşahidələrə əsasən demək olar ki, Rusiya və Türkiyə tərəfindən Brüsseldəki görüşlə bağlı hansısa tənqidə də rast gəlmirik. 

- Yəni Qərb münaqişənin tam bitməsi, yekun sülhün əldə olunması prosesində həlledici qüvvə deyil?

- Avropanın indiki mövqeyi belədir ki, Rusiya-Türkiyə vasitəçiliyi ilə həll prosesinə dəstək göstərsin. Qərbin Brüssel görüşü ilə və ümumiyyətlə, buna qədərki açıqlamalarında bildirilir ki, 10 noyabr 2020, 11 yanvar 2021-ci il sənədlərini dəstəkləyirlər. Bəlkə heç Qərb istəmir məsələyə yaxından müdaxilə etsin?! Bilirsiniz, bəzən süni şəkildə Qərblə Rusiya arasında konfliktlə bağlı qarşıdurma olduğunu göstərmək istəyənlər var. Təbii ki, əvvəlki kimi intriqa var. Amma bu, kəskin qarşıdurma deyil. Əlbəttə, Qərblə Rusiya-Türkiyə tandemi arasında maraqların toqquşması mövcuddur. Lakin bu, kəskin formada deyil. Ermənilər marağındadırlar ki, bu güclər arasında qarşıdurma yaransın. Bundan Ermənistan istifadə edərək üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaq istəyir. İrəvanın bu taktikası mövcuddur. 

- Sanki Qərb Ermənistanın bu taktikasına müsbət cavab vermir...

- Bəli. Brüssel görüşünə nəzər yetirdikdə mən də hiss etdim ki, Qərb Ermənistanın bu niyyətinə müsbət yanaşmır. 10 noyabr 2020-ci il bəyanatından sonra vəziyyət dəyişib. Yadınızdadır, o vaxtlar Fransa kəskin bəyanatlar verirdi. İndi görünür ki, normal münasibətlər mövcuddur. Qərb Azərbaycanın təklif etdiyi gündəliyi qəbul etmiş kimi görünür. 

Müəllif: Anar Bayramoğlu