Dəmirdən olan heykəl 1957-ci ildə keçmiş Çexoslovakiyada qoyulubmuş
Almaniyanın Marksist-Leninist Partiyasının (MLPD) təşəbbüsü ilə Gelsenkirçen şəhərində, Sovet İmperiyasının qurucusu, proletariatın lideri Vladimir İliç Leninin iki metrlik heykəli ucaldılıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə partiyanın nümayəndəsi Peter Veisspfeninq məlumat verib.
O deyib ki, sözügedən heykəl 1957-ci ildə keçmiş Çexoslovakiyada qoyulub: “Bu, Çexoslovakiyada Leninin ilk abidəsi idi. Çexoslovakiya dağılandan sonra heykəl uçurulub. Biz onu Avstriyadan olan bir satıcıdan almaq qərarı verdik və aldıq. Heç vaxt Qərbi Almaniyada Leninin heykəli olmamışdı”.
“Dəmirdən olan bu heykəlin hündürlüyü 2 metr 15 santimetrdir. Abidəni qoymaq qərarımıza əvvəlcə şəhər rəhbərliyi, sağçı partiyalar və mərkəzçi-mühafizəkarlar etiraz etdilər. Şəhər rəhbərliyi abidələrin mühafizəsi haqqında qanununa görə, bu heykəlin quraşdırıla bilməyəcəyini bildirdi. Çünki bizə məxsus ofis binasının fasadı tarixi abidə kimi dövlət tərəfindən qorunur. Heykəlin də həmin binadan 30 metr aralıda qoyulmasına qərar vermişdik. Bu səbəbdən də məhkəməyə müraciət etdik. Məhkəmə lehimizə qərar verdi, heykəli ucalda bildik”, -deyə MLPD nümayəndəsi bildirib.
Qeyd edək ki, şəhər rəhbərliyi də məhkəmənin qərarından Şimali Reyn-Vestfaliyanın Ali İnzibati Məhkəməsinə şikayət edib.