Yüz illik terror ocağı, İstanbul fəlakəti və: Türkiyə ABŞ-ın başsağlığını niyə rədd etdi?

Aktual

15.11.2022 - 10:16

Türkiyənin İstanbuldakı terror aktına görə ABŞ-ın verdiyi başsağlığı qəbul etməməsi təəccüblü deyil

İstanbulun mərkəzindəki terror aktını Suriyanın Kobani şəhərindən göndərilən və terrorçu PKK ilə əlaqəsi olan Suriya vətəndaşı həyata keçirib. Bu barədə zorakılıqları araşdıran İstanbul Təhlükəsizlik İdarəsinin məlumatında deyilir: “Saxlanılan Suriya vətəndaşı Əhlam Əlbəşir dindirilmə zamanı PKK üzvü olduğunu etiraf edib”.

Qadının sözlərinə görə, hücumu həyata keçirmək əmri PKK-dan verilib. O, PKK/PYD/YPG terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi təhsil aldığını və terror aktı törətmək üçün qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğunu etiraf edib. Bundan əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda törədilən terror aktı ilə bağlı 46 nəfərin saxlanıldığını bildirib.

Şübhəsiz ki, bu dəhşətli terror aktı bütün dünyanın beynəlxalq terrorizmə qarşı birgə mübarizəsinin vacibliyini bir daha sübut etdi. Təəssüf ki, qardaş Türkiyə artıq bir neçə dəfə terror aktlarının meydanına çevrilib. Çoxlu Türkiyə vətəndaşı, qardaş dövlətin diplomatı terror aktlarının qurbanı olub. O cümlədən erməni terrorçuları tərəfindən törədilənlərin.

Hansı ki, heç də təəccüblü deyil. Çünki, 1890-cı ildə Tiflisdə ən radikal “Daşnaksütyun” Partiyasının birinci qurultayı keçirildi. Partiyanın proqramında “Osmanlı imperiyası tərkibində muxtariyyət” uğrunda mübarizə nəzərdə tutulurdu, başqa sözlə, türk torpaqlarında erməni dövləti yaradılması tələbi var idi. “Daşnaksütyun” öz məqsədlərinə çatmaq üçün döyüşməli olan silahlı dəstələrin, o cümlədən terror üsulları ilə təşkil edilməsini təklif etdi.

Və tezliklə məlum oldu ki, Zaqafqaziyada həyata keçirilən terror aktlarının böyük əksəriyyətinin arxasında, 1903-cü ilə qədər öz millətçi ideologiyasına görə erməni əhalisi arasında böyük şöhrət qazanmış “Daşnaksütyun” partiyası dayanır. Bununla belə, Ermənistan Sosial-Demokrat Hınçaq Partiyasının üzvləri də açıq şəkildə terror üsullarını “qarşıya qoyulan məqsədlərə çatmaq üçün bir vasitə kimi” elan etdilər.

Nəticədə onlar 1903-cü il oktyabrın 14-də erməni kilsəsinin əmlakını müsadirə etmək siyasətinə görə məsuliyyət daşıyan rus ordusunun Qafqazdakı baş komandanı knyaz Qolitsını qətlə yetirdilər. Qolitsın bir hücum gözləyirdi və zəncirli zireh taxırdı, buna görə də yalnız yaralandı. Daşnakların həyata keçirdikləri terror aktları arasında 1905-ci il mayın 11-də Bakı qubernatoru, knyaz Mixail Nakaşidzenin Dro Kanayanın atdığı bomba ilə öldürülməsi də var.

Türk siyasətçilərinə qarşı törədilən terror aktlarına gəlincə, 1921-ci il martın 15-də ermənilərin “qara siyahı”sında 1 nömrəli yer alan Türkiyənin sabiq daxili işlər naziri Təlat Paşa Berlində erməni terrorçuları tərəfindən öldürüldü. Daha sonra, 1921-ci il dekabrın 5-də Romada at yürüşü zamanı Gənc Türklərin birinci dəftərxanasındakı keçmiş Baş vəzir (Baş nazir) Səid Halim Paşa qətlə yetirildi. Bundan əlavə, 17 aprel 1922-ci ildə Berlində ailəvi gəzinti zamanı Trabzonun keçmiş valisi Camal Əzmi öldürüldü. Və 25 iyul 1922-ci ildə Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş naziri Cemal Paşa Tiflisdə sui-qəsddə həyatını itirdi.

Onilliklər keçsə də, terror öz məqsədlərinə çatmaq vasitəsi kimi erməni millətçilərinin əsas silahı olaraq qalır. Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydur və vitse-konsul Bahadur Dəmirə qarşı 1973-cü ilin yanvarında Santa Barbarada 77 yaşlı erməni mühəndis və yazıçı Qurgen Yanikian tərəfindən törədilən sui-qəsd böyük rezonans doğurub.

Ümumiyyətlə, ötən əsrin 70-80-ci illərində erməni terrorçuları Qərb ölkələrinin nümayəndələrinə qarşı bir sıra əməliyyatlar həyata keçiriblər: KLM, Lufthansa, TWA ofislərinə hücumlar, həmçinin ASALA silahlılarını həbsdə saxlayan dövlətlərin vətəndaşlarına hücumlar. Fəaliyyət sahəsi: Avropa, Yaxın Şərq, Livan, Türkiyə, ABŞ, Fransa, Yunanıstan, İsveçrə, İspaniya, Avstriya, Böyük Britaniya, İtaliya, İran, Macarıstan.

Amma təəssüflər olsun ki, müxtəlif ölkələrin hökumətləri ömürlük həbs cəzasına məhkum edilsələr də, açıq şəkildə erməni terrorçularına təslim olub, onları vaxtından əvvəl, hətta ümumiyyətlə, azadlığa buraxıblar. Xüsusilə, bir il əvvəl belə biabırçı bir hadisə baş verdi. Söhbət 1982-ci ildə Los-Ancelesdə türk konsulu Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA-nın üzvü Hampiq Sasunyanın həbsdən azad edilməsindən gedir.

Sasunyan 1984-cü ildə Türkiyə konsulunu qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmişdi. Lakin 2019-cu ilin dekabrında Dövlət Məhbusu Azad İdarəsi Sasunyanı azad etmək qərarına gəlib, baxmayaraq ki, o zaman qubernator Qavin Nyusom bu qərarı rədd etmişdi. Lakin Sasunyan 2021-ci ilin fevralında Los-Anceles Ali Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.

“Daşnaksütyun”un  Amerika bürosunun o zaman sevinclə xəbər verdiyi kimi, erməni terrorçu Ermənistana gəlib. “Ermənistandan sizə səslənməyə şadam. Təxminən 40 ildən sonra mən öz doğma yurduma səfər etmək, doğma suyundan içmək, havasını udmaq və ailə istiliyini hiss etmək şərəfinə nail oldum”, – deyə Hambik Sasunyan yazıb. Gördüyümüz kimi o, heç bir peşmançılıq hissi keçirməyib.

Və bu mənada Türkiyənin İstanbuldakı terror aktına görə ABŞ-ın verdiyi başsağlığını qəbul etməməsi təəccüblü deyil. Bu barədə daxili işlər naziri Süleyman Soylu açıqlama verib. Doğrudan da, Sasunyan azad ediləndən sonra Türkiyənin belə bir demarş üçün səbəbi var. Lakin təkcə erməni terrorçunun azad edilməsi rəsmi Ankaraya ABŞ-ın başsağlığını rədd etmək üçün əsas vermədi.

Bildiyiniz kimi, 2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. İstanbul və Ankara küçələrində silahlı insanlar, tanklar peyda oldu, hərbi təyyarələr səmada uçdu. Bu, ölkə tarixində ilk çevriliş olmasa da, ən qanlı çevriliş idi. 250-dən çox insan öldü. Türkiyə hakimiyyəti çevriliş cəhdinin təşkilində ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Güləni ittiham edib.

“Bir çoxları bütün ordunun bizim tərəfimizdə olduğuna inanaraq yanıldılar. Təəssüf ki, onların bəziləri vətənlərinə xəyanət etdilər. Onlar Pensilvaniyadan idarə olunurdu”, – deyə Türkiyə Prezidenti Ərdoğan uğursuz çevrilişdən sonra bildirmişdi.

Türkiyə dəfələrlə vurğulayıb ki, Amerika tərəfi Ankara ilə Vaşinqton arasında əldə olunan beynəlxalq razılaşmalara uyğun olaraq Güləni ekstradisiya etməlidir. Lakin ABŞ-da Türkiyənin bu haqlı tələblərinə məhəl qoyulmur. Bütün bunların fonunda İstanbuldakı terror aktından sonra Amerika tərəfinin başsağlığı sözləri həqiqətən də yersiz səslənir.

Müəllif: Əkbər Həsənov