“Yüz ilin kabineti” nə vəd edir?

Aktual

05.06.2023 - 14:21

Aqil Səmədbəyli: “Dünya səviyyəli bir mütəxəssisin Ərdoğanın təklifini qəbul etməsi müsbət haldır”

Türkiyədə yenidən Prezident seçilən Rəcəb Tayyib Ərdoğan ötən həftəsonu andiçmə mərasimindən sonra ölkənin yeni Nazirlər Kabinetinin tərkibini açıqlayıb. “Yüz ilin kabineti” adlandırılan hökumətdə demək olar ki, köhnə nazirlər yer almayıblar. Səhiyyə naziri Fahreddin Kocadan başqa bütün nazir postlarına yeni simalar gətirilib.

Türkiyənin yeni kabinetində bu şəxslər yer alıblar: Prezidentin köməkçisi - Cevdet Yılmaz, ədalət naziri - Yılmaz Tunc, ailə və sosial təminat naziri - Mahinur Özdemir Göktaş, gənclər və idman naziri - Osman Aşkın Bak, energetika naziri - Alparslan Bayrakdar, müdafiə naziri - Yaşar Gülər, daxili işlər naziri - Ali Yerlikaya, xarici işlər naziri - Hakan Fidan, maliyyə və xəzinə naziri - Mehmet Şimşək, səhiyyə naziri – Fahreddin Koca, sənaye naziri - Mehmet Fatih Kaçır, kənd təsərrüfatı və meşə naziri - İbrahim Kumaklu, mədəniyyət və turizim naziri - Mehmet Ersoy, ticarət naziri - Ömər Bolat, təhsil naziri - Yusuf Tekin. Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri vəzifəsinə isə Ərdoğanın sözçüsü İbrahim Kalın təyin olunub.

Kabinetdə diqqəti çəkən ən mühüm təyinatlardan biri kimi, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın XİN başçısı vəzifəsinə keçməsidir. Bununla ilk dəfədir MİT rəhbəri Türkiyə diplomatiyasının başına gətirilir. Fidan bu vəzifədə Mövlud Çavuşoğlunu əvəzləyib. Yeni kabinetdə artıq Hulusi Akar da olmayacaq. Milli müdafiə naziri vəzifəsinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler təyin edilib ki, bu, önəmli addımlardan sayılır.

Eyniz zamanda, Türkiyə iqtisadiyyatındakı problemləri həll etmək üçün maliyyə və xəzinə naziri kimi Mehmet Şimşəkin təyinatı maraqla qarşılanıb. Onun güclü iqtisadçı olduğuna, problemlərin həllində böyük əmək sərf edərsə, yaxşı nətəxələr əldə edəcəyinə inam böyükdür.

Qardaş ölkədə “Yüz ilin kabineti” adlandırılan yeni hökumət kabineti ilə bağlı fikirlərini AYNA ilə bölüşən Türkiyədə yaşayan ictimai-siyasi xadim Aqil Səmədbəyli əvvəlcə prezident seçkilərinin ikinci turunun sakit keçdiyininm sevindirici olduğunu söyləyib:

- Türkiyə bütün dünyanın  gözü qarşısında demokratik, rəqabətlilik şəraitində daha bir seçkini uğurla başa vurdu. Açığı, Qərbdə belə bir rəy formalaşdırılmışdı ki, seçkilərin səhəri daxili savaş meydana gələcək, qarşıdurmalar olacaq, çoxlu qan töküləcək. Türkiyənin içərisində də müəyyən qədər buna inanan insanlar var idi. Bu proqnozlar səbəbindən seçkilər ərəfəsində Türkiyəni tərk etmək istəyənlərin sayı artdı. Araşdırılsa, ortaya çıxar ki, Avropaya viza üçün müraciət edən Türkiyə vətəndaşlarının sayı son illərdə ən yüksək saydır. İnsanların bir qismi inanırdı ki, həqiqətən də daxili savaş baş verəcək, qan töküləcək. Amma bu proqnozlar alt-üst oldu. Çox sakit, demokratik şəraitdə seçkilər keçirildi. Müxalif qüvvələr də Ərdoğanın qələbəsini qəbul etdilər.

- Və Ərdoğan təntənəli andiçmə mərasimi keçirdi, yeni hökumət kabinetini açıqladı...

- Bəli, Ərdoğan növbəti beş illik vəzifəsini yerinə yetirməyə başladı. Aniçmə mərasimində kifayət qədər mesajlar verdi, Türkiyənin daha da güclənməsi üçün əlindən gələni edəcəyini söylədi. Daha sonra kabineti elan etdi ki, biz görürük, hökumət üzvləri tamamilə yenilədi. Yeni hökumət yüksək qiymətləndirilir. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) həm millət vəkillərinin yenilənməsi, həm nazirlərin yeni simalardan formalaşdırılması cəmiyyətdə gələcəyə ümid yaradıb. İnsanlar hesab edirlər ki, bu hökumət üzvləri ilə Türkiyəni gücləndirmək, problemlərin həllinə nail olmaq mümkündür. Yeni nazirlərdən ikisinin adı üzərində müzakirələr daha çox gedir.

- Söhbət hansı nazirlərdən gedir?

- Birincisi, yeni xarici işlər naziri Hakan Fidandır. Bilirsiniz ki, Fidan maraqlı fiqurdur. Bu şəxs MİT rəhbəri olduqdan sonra daxildə və xaricdə çox uğurlu əməliyyatlar keçirilib. Xüsusilə, xaricdə keçirilən uğurlu antiterror əməliyyatları Fidanın adı ilə bağlıdır. Eyni zamanda, bu şəxs Türkiyənin “sirr küpü” sayılır. Qərb mediasının ən çox gündəmində olan şəxslərdən biridir. Əldə etdiyi uğurlarla ad çıxarmış fiqurdur. Türkiyənin xarici siyasətinə də MİT başqanı olan zaman təsirləri mövcud idi. İndi isə XİN başçısı oldu və Türkiyənin xarici siyasətində də uğurlu addımlar atacağı gözlənilir.

Onun yerinə təyin olunan İbrahim Kalın da uğurlu kadrlardan biridir. Həm vizion baxımından, həm də savad baxımından Kalın Türkiyənin yetişdirdiyi güclü kadrlardandır, diqqət mərkəzində olan şəxsdir. Onun da bundan sonra MİT rəhbəri kimi uğurlu işlər görəcəyi gözlənilir.

- Türkiyə iqtisadiyyatının başına Mehmet Şimşəyin gətirilməsi iqtisadiyyatdakı problemlərin həllinə gətirib çıxaracaqmı?

- Şimşək dünyanın ən güclü iqtisadçılarından biri hesab olunur. Hələ seçkilərdən əvvəl Ərdoğan Şimşəklə görüşmüş, müzakirələr aparmışdı. Lakin Şimşək seçki prosesinə qatılmadı. Görünür, şərtləri var idi ki, bunu da Ərdoğan qəbul edib. Seçkilərdən sonra Şimşək kimi bir dünya səviyyəli iqtisadçının Ərdoğanın təklifini qəbul etməsi müsbət haldır. Onun rəhbərliyi ilə iqtisadiyyatda dirçəliş olacağı ehtimalı artıb. Buna cəmiyyətin də inamı var.

Milli müdafiə naziri postuna Yaşar Gülərin gətirilməsi də təqdir olunur. Onsuz da Gülər bundan əvvəl Baş Qərargah rəisi kimi öz vəzifəsini uğurla icra edib. Müdafiə naziri postunda da uğurlu olacağına şübhə yoxdur.

- Prezidentin və cəmiyyətin bu kadrlara inamı doğrulacaqmı?

- Ümumiyyətlə, Türkiyənin yeni hökumət kabineti ilə birlikdə yeni dönəminin başladığını söyləmək olar. Bundan sonra daha uğurlu addımların atılacağını gözləyirəm. Həm ortada olan iqtisadi problemlərin həlli baxımından, həm də digər sahələrdə uğurlar əldə ediləcəyi ehtimalı çoxdur. Bütün hallarda, biz Türkiyənin yeni hökumətinə uğurlar arzulayırıq. Çünki Türkiyənin uğurları eyni zamanda, Azərbaycanın və bütün türk dövlətlərinin uğurudur. Türkiyənin yeni hökumətinin qısa zaman kəsiyində uğurlu işlər görəcəyinə ümidlərimiz böyükdür.

Müəllif: Anar Bayramoğlu