Azərbaycana Türkmənistandan pomidor məhsulu idxalına məhdudiyyət qoyulub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Türkmənistandan idxal edilən pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. AYNA.AZ xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
Qeyd olunub ki, nümunələrin laborator müayinəsi nəticəsində 11 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb.
Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, Türkmənistandan pomidor idxalına müvəqqəti qadağa qoyulub, Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib.
Qeyd edək ki, qonur qırışıqlıq virusuna, əsasən, pomidor, badımcan, bibər, tütün kimi bitkilərdə rast gəlinir. Sirayətlənmə dərəcəsindən asılı olaraq, pomidor təsərrüfatlarında 30-70% məhsul itkisinə səbəb olur. Sözügedən virus məhsulun əmtəəlik keyfiyyətini və rəf ömrünü aşağı salır. Bu bitki virusu beynəlxalq ticarətdə və ərazi daxilində əkin-səpin materialı, bitkinin müxtəlif hissələri, o cümlədən meyvələri ilə yayılır. Mexaniki yolla yayılma xüsusiyyətinin olması virusun daha geniş əraziləri sirayətləndirməsində önəmli rol oynayır.