“Yeni qaydalar sadə vətəndaşlara zərər vurmayacaq” - <font color=red> DEPUTAT</font>

İqtisadiyyat

30.08.2020 - 10:24

Aydın Hüseynov: “Bu qərar ölkəmizin iqtisadi mənafeyinin və təhlükəsizliyinin, daxili bazarının qorunmasına xidmət edir”

 

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Yeni qaydalara əsasən, bugünə qədər vətəndaş şəxsi məqsəd üçün birbaşa özü ay ərzində bir dəfə olmaqla 1500 dollardan (2550 manat) artıq olmayan malları ölkəyə gömrük rüsumundan azad şəkildə gətirə bilirdisə, artıq bu məbləğ 800 dollara (1360 manat) endirildi.

 

Eyni zamanda, eyni fiziki şəxsin adına elektron ticarət - poçt vasitəsilə rüsumsuz 1000 dollarlıq (1700 manat) malın gətirilməsinə icazə var idisə, artıq bu məbləğ də 300 dollara (510 manat) endirildi.

 

Hökumətin qərarını AYNA-ya şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə, bəzi şəxslər dəyişikliklərin izahını məqsədli şəkildə öz mövqelərinə uyğun verirlər: “Guya, bu qərar sadə vətəndaşların şəxsi istifadə məqsədilə xarici ölkələrdən gətirdiyi malların məhdudlaşdırılmasına səbəb olacaq. Bu, tamamilə yanlış fikirdir və yeni qüvvəyə minəcək gömrük qaydalarının mahiyyətini təhrih etməkdir. Nazirlər Kabinetinin müvafiq qərarında aydın şəkildə göstərilib ki,  beynəlxalq poçt göndərişləri vasitəsilə və ya daşıyıcı şirkətlər vasitəsilə Azərbaycana göndərilən poçt göndərişlərinə hər təqvim ayında bir dəfə 300 dollardan artıq olmamaq şərtilə icazə veriləcək. Yəni, istənilən vətəndaş bir ayda rüsumsuz 300 dollar məbləğində öz adına elektron ticarət qaydasında mal gətirə biləcək. Bunun üçün onun cəmi bir dəfə gömrük bəyannaməsini təqdim etməsi gərəkdir”.

Dövlət həm biznesə, həm də ev təsərrüfatlarına kredir güzəştləri edəcək" -  Millət vəkili

“Bəziləri belə hesab edirlər ki, vətəndaş ayda bircə dəfə mal gətirə bilər, bu da doğru deyil. Hökumət vətəndaşların mənafeyini nəzərə alaraq burada da konkret mexanizm müəyyən edib. Belə ki, vətəndaş 300 dollarlıq limiti keçməmək şərti ilə ayda bir neçə dəfə malları gətirə bilər, yəni hissə-hissə, hər birinin dəyəri 100 dollar olmaqla 3 dəfə gömrük rüsumu olmadan mal gətirmək imkanına malikdir. Ancaq bunun üçün təbii ki, 3 dəfə gömrük bəyannaməsini elektron qaydada təqdim etməlidir”, - o deyib.

 

Deputat bildirib ki, yeni dəyişikliklərdən biri diplomatik korpus nümayəndələrinin ölkəyə mal idxalına nəzarətin təkmilləşdirilməsi ilə bağlıdır. “Bu qərarın həmin bəndinə də düzgün şəkildə yanaşmaq lazımdır. Sənəddə deyilir ki, 2 ildən az olmayaraq diplomatik nümayəndəliklərdə və konsulluqlarda xidmət etmiş şəxslər, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqların mühafizəsini həyata keçirən hərbi qulluqçular müvafiq sənədlərin surətlərini gömrük orqanına təqdim etməklə, xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən gömrük dəyəri 40 000 dolların ekvivalenti məbləğindən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsini ölkəyə gömrük ödənişləri olmadan gətirə bilərlər. Bu da həmin sahədə sui-istifadə hallarının qarşısını almağa və şəffaflığın, hesabatlılığın təmin edilməsinə xidmət edir. Çünki diplomatik korpusun bəzi əməkdaşlarının dövlətin bu güzəştlərindən sui-istifadə edərək, müxtəlif şəxslərə kommersiya məqsədilə mütəmadi avtomobil, digər mal və dəyərli əşyalar gətirməsinə dair əsaslar var”.

 

Hüseynov qeyd edib ki, sözügedən qərar ölkəmizin iqtisadi mənafeyinin və təhlükəsizliyinin, daxili bazarının qorunmasına xidmət edir və dövlətin iqtisadi siyasətindən irəli gəlir: “Aparılan əsaslı təhlillər göstərir ki, son illər bəzi fiziki şəxslər tərəfindən ölkəmizə xaricdən gətirilən mallar ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilir. Bu da faktiki olaraq qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma və qaçaqmalçılıq halları deməkdir”.

 

“Həmçinin, bu cür hallar nəticəsində həmin mallar ticarət şəbəkələrinə yönəldilərək gömrük ödənişlərindən yayınmaqla qeyri-qanuni ticarətə meyllərin artmasına səbəb olur. Ona görə də bu kimi halların qarşısının alınması məqsədilə müvafiq qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaranıb. Qadağalar, sadəcə qeyri-qanuni ticarət məqsədi güdən şəxslər üçün nəzərdə tutulub və şəxsi istifadə üçün mal gətirən vətəndaşlara zərər verməyəcək”, - deputat əlavə edib.

Müəllif: Ülviyyə Şahin