Yenə də dönüb-dolaşıb “qara nöqtəyə” gəlirik - Son qapıda ölən ədalət

Cəmiyyət

01.06.2022 - 14:12

Hüquq müdafiəçisi: “Hansısa məmurun kiməsə qərəzi, onu həbs etdirmək niyyəti ola bilər, amma insanların taleyini məmurlar deyil, məhkəmələr həll etməlidir”

Ölkədə əsas tənqid olunan sahələrdən biri də məhkəmə-hüquq sistemidir. Məhkəmə orqanlarının müstəqil olmaması, hakimlərin göstərişlə qərarlar, hökmlər verməsi iddiaları mövcuddur - yüksək vəzifəli məmurların məhkəmələrə təsir etmək imkanları barədə.

Bu iddiaları gücləndirən nümunələr də var. Məsələn, bu günlərdə Prezidentin əfv sərəncamı ilə ömürlük məhbusluğu bitən, artıq azadlığa çıxan keçmiş iş adamı Şəmsi Səmədzadə günahsız həbsə atıldığını deyib. İddia edib ki, vaxtilə sabiq Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbsə atılıb və ona məhkəmənin ömürlük həbs verməsi də Qaralovun göstərişi ilə həyata keçirilib. 

Başqa bir nümunəni isə hazırkı dövrlə bağlı göstərmək olar. Məsələn, Tovuz rayon Dondar Quşçu kəndi sakini, 2009-cu il təvəllüdlü Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə prosesini götürək. "Nərmin işi" adlandırılan cinayətlə bağlı qətldə ittiham olunan İlkin Süleymanovun məhkəməsi gedir. Süleymanov iddia edir ki, günahsızdır, Tovuzun keçmiş polis rəisinin sifarişi ilə həbs olunub. Cinayətin Süleymanovun boynuna qoyulmasına şübhələr yaradan bir çox məqamlar da var. Amma məhkəmədə ittiham olunan şəxsin vəsatətləri təmin olunmur. 

Bu kimi faktlar cəmiyyətdə və hüquqşünaslarda o qənaəti formalaşdırır ki, məhkəmələrimiz sifarişlə işləyir. Mövcud mənzərəni AYNA-ya müsahibəsində dəyərləndirən ReAl Partiyasının Siyasi Komitəsinin üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərov da hesab edir ki, məhkəmələr müstəqil olmadığı müddətdə sifarişli hökmlər çıxarılacaq:

- Əvvəla, əgər şəxsin əməlində cinayət tərkibi yoxdursa, o şəxs ümumiyyətlə, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu, bizim Konstitusiyada, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarda, qanunlarda təsbit edilib. Bunu mütləq qeyd etmək lazımdır. 

Təəssüf ki, məhkəmələrlə bağlı uzun müddətdir yaşanan problem bu gün də qalmaqdadır. Söhbət məhkəmələrin müstəqil olmamasından gedir. Məhkəmə sistemindəki problemlərin həllinin ən ideal yolu, həm də ən rahat yolu məhkəmə-hüquq sisteminin müstəqilliyinin artırılmasından keçir. Çünki istintaq orqanı, icra strukturları tərəfindən, ayrı-ayrı vəzifəli şəxslər tərəfindən hədəf alınan şəxslərin işlərini, cinayətləri məhkəmə aydınlaşdırmalıdır. Bir çox nümunələr var ki, biz sadaladığım şəxslər və ya orqanlar tərəfindən hansısa şəxslər hədəfə alınır. Məmurun kiməsə qərəzi, hansısa qurumun kiməsə qərəzi ola bilir, şəxsi həbs etdirməkdə maraqlı ola bilir və s.

Bu kimi hallar Azərbaycanda da, dünyanın bir sıra ölkələrində də mövcuddur. Hansısa məmur istintaqa da təsir edə bilir, kimisə həbs etdirməkdə maraqlı olur. Amma sonuncu instansiya məhkəmədir ki, insanların taleyi məhkəmələrdə həllini tapır. Ona görə biz qeyd edirik ki, məmur özbaşınalığının, hərəkətlərinin vura biləcəyi ziyanların aradan qaldırılması üçün məhkəmələr müstəqil olmalıdır. Məhkəmə-hüquq sisteminin müstəqilliyi təmin edilməlidir. Bu halda kimlərinsə məhkəmələrə, hakimlərə təsirini minumuma endirmək mümkün olacaq. Bu istiqamətdə addımlar atılır, amma kifayət etmir. 

İşlərdən asılı olaraq, müxtəlif motivlər ola bilər. Məsələn, siz Şəmsi Səmədzadə ilə bağlı cinayət işini qeyd etdiniz. Orada motiv o idi ki, Səmədzadə indi sabiq olan Baş prokuror Zakir Qaralova qarşı müəyyən addımlar atmışdı. Həmin dövrdə Qaralov baş prokuror deyildi, Gəncə şəhər prokuroru idi. Sonra Baş prokuror oldu və vaxtilə baş vermiş hadisəyə görə vətəndaşı ağır şəkildə cəzalandırmaq aktını həyata keçirdi, yaxud keçirilməsinə göstəriş verdi, məhkəməyə təzyiq etdi və s.

Yaxud götürək "Nərmin işi" məsələsini. Biz bu işi müşahidə edirik və görürük ki, şübhəli bilinən İlkin Süleymanovla bağlı tələsik qərar verilib, istintaq aparılıb. Şübhələr var ki, etmədiyi cinayət əməlini İlkin Süleymanovun boynuna qoymaq isəyirlər. Burada da həmin vaxt vəzifədə olmuş, indi isə sabiq olan bir vəzifəlinin adı keçir. İndi məhkəmə müstəqil olsa, o zaman ədalətli qərar çıxarılardı. Dediyim odur ki, məhkəmələr müstəqil olmalıdır. Bunun üçün ortaya siyasi iradə qoyulmalıdır. 

- Biz görürük ki, məhkəmələrdə yüksək vəzifəli şəxslərin adları çəkilir, onlar nələrdəsə ittiham olunurlar. Amma adları çəkilən şəxslər məhkəmə tərəfindən dəvət olunmur, onlardan nəsə soruşulmur. Məsələn, Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və İdarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi gedir və zərərçəkmiş İbrahim Zeynalov adlı keçmiş iş adamı məhkəmədə adlar çəkir və s. Amma adları çəkilən şəxslər məhkəməyə çağırılmır...

- Bu işlə yaxından tanış deyiləm, sadəcə mətbuatda gedən yazıları oxumuşam. Məsələ belədir ki, gərək hakimə vəsatət verilsin və bundan sonra hakim həmin şəxsəri şahid kimi çağıra bilər. Xüsusi ittiham istisna olmaqla, istintaq olmadan məhkəmə heç kəsi təqsirləndirilən şəxs kimi cəlb edə bilməz. Amma şahid kimi prosesə adıçəkilən şəxslər dəvət edilə bilər. Məhkəmə sistemindəki problemlərdən biri də məhz vəsatətlərin təmin olunmaması ilə bağlıdır. Məhkəmələrin müstəqil olmaması ilə bağlı iradlarda əsas arqumentlərin ən güclüsü vəsatətlərin təmin edilməməsidir. Əsaslandırılmış vəsatətlər verilir, amma bunlar təmin edilmir. Bu barədə yaxınlarda Vəkillər Kollegiyası da məsələ barədə Ali Məhkəməyə müraciət ünvanladı. Aydındır, hakimin vəsatəti təmin etməmək kimi səlahiyyəti var. Onlar da bu səlahiyyətdən istifadə edirlər. Amma vəsatətin təminindən imtina əsaslandırmadan keçməlidir. Bu, hakimin subyektiv yanaşmasından, el dili ilə desək, "paşa keyfindən" asılı olmamalıdır. Əgər vəsatət işin ədalətli, obyektiv həlli üçün verilmiş vəsatətdirsə, o zaman həmin vəsatət təmin olunmalıdır.

- Nümunə kimi Şəmsi Səmədzadəni götürək. Adam 23 il həbs yatır, əfvlə azadlığa çıxır və açıqlamasında bildirir ki, o, Zakir Qaralovun qərəzi, göstərişi ilə həbs olunub, əslində günahsızdır. Bu adam yenidən iddia qaldıra, Zakir Qaralovun cəzalandırılmasına nail ola, 23 illik həbs həyatının kompensasiyasını ala bilərmi?

- Əvvəlcə, kompensasiya məsələsinə toxunaq. Şəmsi bəy bəraət almayıb, əfv sərəncamı ilə azad olunub. Əgər bəraətlə azadlığa çıxsaydı, ölkə məhkəmələrinə müraciət hüququ olardı, şikayətini təmin etdirib, kompensasiya ala bilərdi. Ölkə məhkəmələrində şikayəti təmin olunmasaydı, o zaman beynəlxalq məhkəmələr vasitəsilə bunu həyata keçirə bilərdi. İndi Şəmsi bəy cəza alıb, həbs yatıb, əfflə azadlığa çıxıbsa, bu, bəraət sayılmır. Bu baxımdan, təzminat üçün müraciət edə bilməz. 

Onun Zakir Qaralovun göstərişi ilə həbsə atılması iddiasına gəlincə, bu iddiası ilə bağlı da məhkəməyə müraciət etmək hüququ yoxdur. Vaxtilə bütün yerli məhkəmə instansiyalarından keçib, sonra Avropa Məhkəməsinə müraciət edibsə, o zaman ola bilər ki, Avropa Məhkəməsinin hansısa qərarı çıxsın. Yox, ölkədaxili hüquqi vasitələri xərcləyəndən sonra Avropa Məhkəməsinə şikayət göndərməyibsə, o zaman bütün hüquqlar aradan qalxmış olur. Çünki hadisənin üstündən 22 il kimi uzun bir müddət keçib. Həbs olunan zaman, ilk məhkəmələri keçirilən zaman şikayətlər edibsə, onlar təmin olunmayıbsa, həmin müddətlər ötürülüb. Onları indi bərpa etmək, iddia qaldırmaq mümkün görünmür. 

- Məhkəmələrlə bağlı problemlərdən danışanların əksəriyyəti Ədliyyə Nazirliyini, Ali Məhkəməni və digər səlahiyyətli qurumları tənqid edirlər. Sizcə, problemlər sırf həmin qurumların rəhbərliyindəki şəxslərlə bağlıdır?

- Mən düşünmürəm ki, problemlər şəxslərlə bağlıdır. Tutaq ki, "A" məmur getdi, "B" məmur gəldi, nə dəyişəcək?! Heç nə! Sistemə yanaşma dəyişmirsə, sistemin başında kimin olmasının heç bir anlamı yoxdur. Ümumi yanaşma dəyişməlidir ki, inkişaf olsun. İndi açıq deyək ki, məhkəmə sisteminin yaxşılaşdırılması istiqamətində bəzi epizodik işartılar görünür. Bəzi nümunələr var ki, irəliləyiş saymaq olar. Məsələn, son iki ildə bəraətlərin sayında artım müşahidə edilir. Əvvəllər bəraətlər ümumiyyətlə olmurdu, olana da çox nadir hal kimi baxılırdı. Yaxud da Ali Məhkəmənin ötən ilin sonunda məhkəmə hökmü barədə verdiyi qərarı götürək. Qərara əsasən, aşağı instansiya məhkəmələrə tövsiyə edildi ki, hökmlər əsaslandırmalar olmaqla çıxarılmalıdır. Hökm çıxarılırsa, burada ancaq statistik məlumatlar qeyd edilməməlidir. Hökmdə ciddi hüquqi əsas göstərilməlidir. Bunlar məhkəmə-hüquq sistemi ilə bağlı müsbət addımlardır. Hesab edirəm ki, bu addımların atılması davam etməlidir. Eyni zamanda, siyasi iradə ilə məhkəmə müstəqilliyinin tam təmin olunması həyata keçirilməlidir. Yenə deyirəm, yol budur. Şəxslərin dəyişməsi ilə nəyəsə nail olmaq mümkün deyil.

Müəllif: Anar Bayramoğlu