Azərbaycanda qiymət fantastikası: bu “əjdaha”dan başqa ölkələrdə niyə yoxdur?

Cəmiyyət

07.10.2021 - 20:51

Deputat: “Qiymət artımlarını şərtləndirən əsas amil inhisarçılıqdır”

İGİB sədri: “Bu problem ölkəmizin beynəlxalq imicinə zərbə vurur”

Deputat Fazil Mustafa “Azərbaycan Hava Yolları” QSC-ni (AZAL) sərt tənqid edib. Deyib ki, Ermənistan üzərindən hava yolunun açılması Azərbaycanla Türkiyə arasında məsafəni, bununla da yanacaq sərfiyyatını xeyli azaldacaq, lakin buna baxmayaraq, AZAL  biletlərin qiymətini azaltmaq əvəzinə artacaq: “Çünki Azərbaycanda müəyyən qurumlar var ki, bunlar hər fürsətdən istifadə edirlər. Onlar məsafə azalsa belə, qiymətləri artırırlar ki, qazanc əldə etsinlər. Onları Azərbaycan insanı, Vətən - belə şeylər maraqlandırmır. Əksinə deyəcəklər ki, Ermənistanın üstündən uçuruq deyə onlara da “görüm-baxım” etməliyik. Mən ümid etmirəm ki, qiymətlər azalacaq”.

Xatırladaq ki, Azərbaycanda təyyarə biletlərinin qiymətlərinin baha olması, bu səbəbdən soydaşlarımızın uzaq ölkələrə səfərlər zamanı qonşu dövlətlərin aviasiya xidmətlərindən istifadə etməsi yeni mövzu deyil. Dəfələrlə bununla bağlı müzakirələr gündəmə gəlsə də, AZAL bərbad qiymət siyasətindən imtina etməyib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında bildirib ki, Azərbaycanda qiymətlərin baha olması ciddi problemlərdən biri olaraq qalmaqdadır: “Bununla bağlı dəfələrlə müvafiq qurumlar qarşısında məsələ qaldırmışıq. Təəssüf ki, öz həllini tapmayıb. Təkcə təyyarə biletləri deyil, istehlak qiymətləri də olduqca bahadır. Faktiki olaraq həm dövlət qurumları, həm də məmur-oliqarxiyasına aid şirkətlər durmadan qiymətləri qaldırır. Demək olar ki, hər ay biz qiymət artımlarına şahid oluruq. Bu, bütün sahələrdə baş verir və qarşısı alınmalıdır”.

Deputat AZAL-ın qiymət artımını rəqabət mühitinin olmamasında görür: “Bu gün Azərbaycanda faktiki olaraq bir aviasiya şirkəti var. Bütün qərarlar AZAL tərəfindən verilir və onlar da rəqabətsiz mühitdə fəaliyyət göstərirlər. Beynəlxlaq təcrübədə isə belə deyil. İnkişaf etmiş dövlətlərdə çoxlu sayda aviasiya şirkətləri fəaliyyət göstərir. Düşünürəm ki, istər bu sahədə, istərsə də digər sahələrdə qiymət artımlarını şərtləndirən əsas amil inhisarçılıqdır. Təbii ki, məsafə azalırsa, qiymətlər mütləq şəkildə enməlidir. Deputat həmkarların iradlarını bölüşürəm”.

“Azərbaycanda dövlət şirkətlərinin fəaliyyətinə ciddi nəzarət olunmalıdır. Prezident İlham Əliyevin sərəncamı ilə bu məqsədlə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Yaxşı olardı ki, onlar həm AZAL-ın, həm də digər dövlət şirkətlərinin fəaliyyətinə nəzarət etsinlər”, - deyə Əhmədov vurğulayıb.

Mütəmadi olaraq xarici səfərlərdə olan “İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı da AYNA-ya deyib ki, AZAL-ın fəaliyyəti ölkəmizə turis axınını əngəlləyən əsas faktorlardan biridir: ““Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyətinə nəzər saldıqda görərik ki, bu qurumda ümumiyyətlə, qiymət siyasəti deyilən anlayış yoxdur. Bu gün inkişaf etmiş və etməkdə olan dövlətlər ölkəyə turist axını cəlb etmək istiqamətində strateji planlar, yol xəritələri hazırlayır. Ölkəmizin giriş qapısı olan AZAL isə faktiki olaraq Azərbaycana turist axınının qarşısını alır. Pandemiyaya qədər ölkəmizin vətəndaşları xaricə getmək üçün qonşu dövlətlərə üz tuturdular. O zaman Bakıdan Londona təyyarə biletinin qiyməti 1000-1500 AZN təşkil edirdisə, Gürcüstanın Kutaisi və digər şəhərlərindən Londona uçuş 30-40 avro civarında idi”.

İGİB sədrinin bildirdiyinə görə, bu gün Azərbaycanda ən çox relslərin olduğu İstanbula biletlər fantastik həddədir: “Baxmayaraq ki, biz qonşu dövlətik və aramızda məsafə azdır, amma qiymətlər 800 AZN həddindədir. Halbuki, İstanbula Bakıdan gündə 6-8 uçuş var. Dünyanın heç bir şəhərindən İstanbula uçuşlar bu qiymətə deyil. Eyni zamanda Rusiyaya, Ukraynaya da təyyarə biletləri bahadır. Qiymətlər baha olsa da, xidmətlər çox aşağı səviyyədədir. Bir daha bildirmək istəyirəm ki, ölkə turizminin qarşısındakı ən böyük əngəllərdən biri AZAL-dır”.

Şahbazlı AZAL-ın neqativ fəaliyyətinə qiymət verilməsini vacib sayır: “Bu qurum bütövlükdə ölkəmizin beynəlxalq imicinə zərbə vurur. Təbii ki, baş verənlərə laqeyd yanaşmaq olmaz. Hesab edirəm ki, AZAL-ın qiymət artımlarının vurduğu ziyan daha böyükdür, nəinki bu yolla əldə edilən gəlirlər”.

Müəllif: Azər Niftiyev